Bacarıqsız, savadsız, ləyaqətsiz, təkəbbürlü, insanlar arasında nifaq salan kadrların rəhbər vəzifələrə gətirilməsi işdə qeyri sağlam mühit yaradır. Müdrik kəlamda deyildiyi kimi "Çayın suyu dənizə tökülənə qədər şirin, ailə mərdimazar insan işə qarışana kimi möhkəm olar". Özünü sübut etmə, qisasçılıq hissləri qərəzli konfliktlərə gətirib çıxarır. Belə iş mühiti isə zəngin mənəviyyatlı insanlar üçün heç də arzu edilən deyil. Qərəzli konflikt yaratmaq isə mənfur insanların həyat tərzidir. Harada olsalar, müxtəlif konfliktlərin səbəbkarına çevriləcəklər. Böyük şairimiz Hüseyn Cavid belə insanları İblis adlandırır.
Yüksək əqidə sahibi olan savadlı və bacarıqlı insanlar belə iş mühitindən uzaqlaşır, sonda konfliktə meyilli fitnəkar insanlardan ibarət komanda formalaşır. Belə komanda cəmiyyət üçün ziyanlıdır. Həmin komandaya düşən təcrübəsiz kadrın da işgüzar baxışları, idarəetmə anlayışı o mühitdə formalaşır və ya formalaşdırılır. Zövqü və düşüncəsi belə bir şəraitdə formalaşan və özünü "təcrübəli" hesab edən "ağsaqqal"lardan "Düz düzdə qalar" kimi təhrif olunmuş, əxlaqa zidd tövsiyələr eşidirik. Əslində onlar heç fərqinə də vara bilmirlər ki, əxlaqlı, əqidəli insanlara yönəlik atalar sözünün doğru deyilişi belədir: "Düz düz də qalar". Yəni düz adam həmişə düzgün davranacaq, onu pisə dəyişmək mümkün olmayacaq. Burada "də" şəkilçisi gücləndirici ədatdır. Düz olmağı bacarmayanlar bu ədatı "düz" sözünə birləşdirərək özlərinin qeyri-əxlaqi davranışlarına don geyindirmək, mənəviyyatı təmiz insanları sağlam əqidəsindən döndərib, özlərinə tay etmək məqsədi güdürlər.
Naqis düşüncə sahiblərinin toplaşdığı komanda, cəmiyyət üçün özünə uyğun kadr yetişdirir. Quyruğu kəsilmiş tülkünün hekayəsində deyildiyi kimi: - Quyruğu kəsilmiş bir tülkü bu halı ilə fərqlənmək istəmədiyi üçün qarşısına çıxan quyruqlu tülküyə özünün kəsik quyruğunu tərifləyib zövq aldığını, bunun yeni dəb və layiqlilərin seçimi olduğunu deyib, onun da quyruğunun kəsilməsinə nail olur. Sonra quyruğu kəsik iki tülkü birləşib başqalarını da özlərinə oxşatmaq "siyasəti" yürüdürlər ki, azlıqda qalmasınlar. Bir müddət keçir quyruğu kəsiklər, quyruqlulardan çoxluq təşkil edir, idarəetmə və təsir onların əlinə keçir. Bir zamanlar səhv hesab edilən sonradan həqiqət meyarı kimi parıldayır.
Daha bir ibrətamiz hekayəyə müraciət edək: Valideyn müdrik şəxsin yanına gəlib, övladının gün ərzində həddindən çox qoz yeməsindən şikayətlənir və deyir ki, övladına gündə 4-5 qoz yeməyi tövsiyə etsin. Müdrik şəxs uşağı sabah onun yanına gətirməyi tapşırır. Valideyn uşağın çöldə gözlədiyini, yaşadıqları kəndin uzaqda olduğunu üçün indi görüşməyi xahiş etsə də, müdrik şəxs razılıq vermir. Valideyn uşağı götürüb kəndlərinə qayıdır və ertəsi gün yenidən geri dönür. Müdrik şəxs uşaqla görüşüb, gündə ən çoxu 5 qoz yeməyin doğru olduğunu ona inandırır. Valideyn müdrikdən bu tövsiyəni nədən dünən söyləmədiyini soruşur. Müdrik şəxs cavabında bir gün qabaq 20 qoz yediyini və özü 20 qoz yediyi halda başqasına 5 qoz yemək tövsiyəsi ünvanlamağı əxlaqa zidd hesab etdiyini deyir.
Sağlam iş mühiti qurmaq üçün ilk növbədə rəhbər özü sağlam əqidəyə və saf niyyətə malik olmalıdır. Dəyişilməz bir fəlsəfəm var: hər bir insanın cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır. İnsanın vəzifəsi, cəmiyyətdə yeri, rolu və nüfuzu artıqca bu məsuliyyət də artır. Ən böyük məsuliyyət ilk növbədə layiqli vətəndaş olmaq istəyidir. Xüsusən müəssisə rəhbərinin cəmiyyət qarşısında öz məsuliyyətini dərk edib, layiqli vətəndaş olmaq istəməsi onun sağlam əqidəyə malik olduğunu göstərir. Uğur sağlam əqidəli insanların sükan arxasına keçməsindən başlayır.
Rəhbər sağlam iş mühiti qurmaq və vahid komanda yaratmaq üçün doğru kadrları, düzgün vəzifələrə təyin etməli, ədalətli olmalı və kadrlarla düzgün kommunikasiya qurmalıdır.
Kadrların düzgün seçilməsi və bacarıqlarına uyğun vəzifəyə gətirilməsi prosesində ciddi problemlər var. Təcrübəli rəhbər, ona etibar edilmiş sahənin inkişafını özünün həyatı qədər əhəmiyyətli bilir, Qanunları göz-bəbəyi kimi qoruyur. Ona görə kadr seçimində daha yüksək əxlaqi dəyərlərə, savada, təcrübəyə malik işçilərə üstünlük verir. Kadrların yerləşdirilməsində, önə çəkilməsində yalnız Dövlət xidmətin hədəfinə layiqli olanları seçməyə çalışır. Amma təcrübəsiz və rüşvətxor rəhbər bəzən yüksək ixtisaslı peşəkar kadrlara kütbeyin, insani keyfiyyətləri olmayan, konfliktə meyilli, işə tüccar zehniyyəti ilə yanaşan, hətta şər və böhtan atmağa adət etmiş əməkdaşlar təyin edilir. Bunların içərisində işlədiyi dövrdə ancaq intriqalar yaratmış, bayağı düşüncəli, getdiyi restoranlar və yediyi yeməklər barəsində uzun-uzadı müzakirələr açan, öyünən insanlar var. Onlar üçün dövlət, Vətən, xalq, layiqli vətəndaş anlayışı yoxdur. Onlar işdə vəzifə funksiyalarını da öz eqoları, şəxsi maraqları üzərindən yerinə yetirirlər, ədalət balansını pozmaqla yanaşı, qəddarlıq aşılayan konfliktlər yaradırlar. Əgər rəhbərin dünyagörüşü, mütaliəsi, liderlik bacarıqları zəifdirsə, kadrlarla düzgün münasibət qura bilməyəcək.
Əli İbrahimov-hüquqşünas