Siyasi Partiyalar Haqqında Qanun layihəsi açıqlandıqdan sonra geniş müzakirələr gedir.
Mən ən çox müzakirə olunan məsələlərdən biri olan siyasi partiyaların seçkidə iştirak etməməklə bağlı ləğvinə münasibət bildirmək istərdim.
Layihədə müəyyən edilib ki, siyasi partiya Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə Ədliyyə Nazirliyi Apelyasiya məhkəməsinə müraciət edib, partiyanın ləğvini tələb edə bilər.
Bu normanın hüquqi problem yaradan tərəfi nədir?
1. Azərbaycan Konstitusiyasında mojaritar seçki sistemi müəyyən edilib. Yəni, biz seçicilər heç bir seçkidə gedib partiyaya səs verə bilmərik, şəxslərə səs verə bilərik. Partiyalar seçkilərdə passiv seçki hüququnun subyekti deyil. Onların adını bülletenə yazmırlar. Passiv seçki hüququnun subyekti olmayan tərəfi, onun mənsubu olan namizədin iştirakdan imtina etməsinə görə cəzalandırmaq absurddur. Namizədin seçkidə iştirakla bağlı verəcəyi qərar onun subyektiv hüququdur və hüququndan istifadəyə görə onun mənsub olduğu partiyanı cəzalandırmaq legitim deyil.
2. Azərbaycan Konstitusiyasında seçki hüququ yalnız vətəndaşa hüquq olaraq tanınıb, vəzifə olaraq öhdəlik kimi nəzərdə tutulmayıb. Bəzi ölkələrdə seçkidə iştirak həm hüquq həm də vəzifə olaraq müəyyən edilə bilir. Bizdə yalnız hüquq kimi müəyyən olunduğundan, hüquqdan istifadə etməyə, yaxud etməməmyə görə məsuliyyət müəyyən edilə bilməz. Deməli, bu tələb Konstitusiyaya ziddir və qanunla nəzərdə tutula bilməz.
3. Hazırkı seçki məcəlləsində siyasi partiyaların seçkidə rolu yalnız namizəd irəli sürməklə bağlıdır. Namizəd irəli sürən siyasi partiyanın namizədinin qeydiyyata alınması MSK və DSK-nın səlahiyyətləri arasındadır. Tutalım ki, siyasi partiya deputat seçkilərində 10 namizəd irəli sürüb, hər biri üçün də zəruri imza toplayıb, lakin DSK imzaların bəzilərini keçərli hesab etməyərək, heç bir namizədini qeydə almayıb. (Praktikada həm deputat həm prezident seçkilərində seçki komissiyaları bu səlahiyyətlərini həm də siyasi filtir kimi istifadə edə bilirlər) Bütün cəhdlərinə rağmən, namizədi qeydə alınmayan partiyanın seçkidə iştirak etmədiyi (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) əsası ilə cəzalandırılması absurddur.
4. Boykot siyasi etiraz vasitəsidir və siyasi tərəflərin əlində önəmli təsir riçağıdır. Necə ki, əmək məcəlləsində işçilərin etiraz əlaməti olaraq tətil hüquq var, siyasi partiyaların da siyasi müstəvidə etiraz olaraq, boykot hüquq var. Boykot etməyə görə siyasi partiyanın cəzalandırılması siyasi hüquqları tanımamaq və yox saymaqdır.
Bu arqumentlərin hər biri göstərir ki, qanuna belə bir müddəanın salınması Konstitusiyanın pozulması, demokratik fəaliyyəti önləməsi olar. Bu səbəbdən layihədə buna yer verilməməliydi….
Ələsgər Əhmədoğlu-ekspert