Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fərqli siyasi baxışlar Heydərabad şəhərinin salınması təşəbbüsündə birləşdi- MÜSAHİBƏ

Fərqli siyasi baxışlar Heydərabad şəhərinin salınması təşəbbüsündə birləşdi- MÜSAHİBƏ


Arzuman Muradlı: "Bu artıq Azərbaycan üçün yeni bir nümunədir"

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərimizlə erməni işğalından azad edilən ərazilərimizdə geniş miqyasda quruculuq-abadlıq işləri həyata keçirilir. Həyata keçirilən quruculuq-abadlıq işləri fonunda Qarabağla bağlı yeni-yeni təşəbbüslər, təkliflər də gündəmə gəlir. Belə təşəbbüslərdən biri də "Milli İnkişaf" İctimai Birliyi tərəfindən irəli sürülüb. Sözügedən İctimai Birliyin üzvü, Almaniyada yaşayan soydaşımız Rövşən Qəmbər Araz çayı boyunca və Füzuli hava limanı ətrafında Heydərabad şəhərinin salınması təşəbbüsü ilə çıxış edib. Artıq sözügedən təşəbbüs "Milli İnkişaf" İctimai Birliyi tərəfindən təklif olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərilib. Həmin təşəbbüsü doğuran səbəblər, ona cəmiyyətin olan reaksiyası barədə "Milli İnkişaf" İctimai Birliyinin sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Arzuman Muradlı ilə söhbətləşdik.

-Arzuman bəy, bu günlərdə sizin rəhbərlik etdiyiniz təşkilatın üzvü, hazırda Almaniyada yaşayan soydaşımız Rövşən Qəmbər tərəfindən Araz çayı boyunca, Fizuli hava limanının ətrafında Ulu Öndər Heydər Əliyevin şərəfinə Heydərabad şəhərinin salınması təklifi irəli sürüldü. İlk olaraq bu təklifə cəmiyyət tərəfindən olan reaksiya və həmin təklifi doğuran səbəblər barədə bilmək istərdim.

-Uzun müddətdir ki, Almaniyada yaşayan dəyərli soydaşımız Rövşən Qəmbər tərəfindən Qarabağ zonasında Heydərabad şəhərinin salınması təşəbbüsü irəli sürülüb. Heydərabad şəhərinin salınması üçün yer təklif edilib ki, həmin şəhər Füzuli hava limanı yaxınlığında, Araz çayı boyunca salınsın. Təxminən 10 milyon əhalisi olacaq bir şəhər layihəsi ətrafında müzakirələr aparılıb. Yəni, Heydərabad şəhərinin baş planı 10 milyonluq şəhər üçün nəzərdə tutulur. Ancaq ilkin olaraq 200-300 min insanın yaşaması üçün orada şərait yaradılır və yavaş-yavaş plana uyğun olaraq şəhər genişləndirilir. Nəticə etibarilə milyonluq, iki milyonluq, daha sonra isə on milyonluq şəhərə çevrilir.

Açığını deyim ki, bu layihə uzun müddət mübahisələrə səbəb oldu və mən özüm də bir xeyli müddət bu barədə fikirləşdim, tərəddüd etdim. Ancaq sonradan mən də sözügedən layihənin tərəfdarı oldum.

Ona görə ki, Qarabağ bizim tarixi ərazimizdir. Uzun illər ermənilər Qafqazda məskunlaşandan sonra bizə qarşı ərazi iddiaları ilə çıxış edib və zaman-zaman ermənilər öz havadarları vasitəsilə ərazilərimizi işğal ediblər. Bu gün hələ də bizim tarixi torpaqlarımız, Göyçə, Zəngəzur. Dərələyəz, Qafan, İrəvan düşmən işğalı altındadır. Ancaq ermənilər bununla kifayətlənməyərək Qarabağa da həmlə etdilər. 44 günlük Vətən müharibəsində ermənilərin işğal etdikləri ərazilər Müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilsə də, lakin tarixi torpaqlarımızı da unutmamışıq və Cənab Prezident də dəfələrlə bununla bağlı öz fikirlərini bildirib.

Qeyd etdiyim kimi ermənilər intensiv surətdə Azərbaycan ərazilərini zəbt etmək planları üzərində işləyirdilər və müstəqilliyin ilk illərində ərazilərə hücumlara başladılar. SSRİ dağılandan sonra bütün postsovet ölkələrində demək olar ki, xaos hökm sürürdü. Milli azadlıq hərəkatı ittifaq ölkələrində genişlənmişdi və bir çox ölkələrdə səriştəsiz insanlar hakimiyyətə gəldilər. Digər tərəfdən yeni quruluşa qədəm qoymuş ölkədə kifayət qədər kadr potensialı yox idi. Paralel olaraq ölkədaxili problemlər kifayət qədər idi. Çünki SSRİ-dən bizə boş ərzaq mağazaları, boş piştaxtalar, özünün ərzaq təminatı olmayan Azərbaycan dövləti miras qalmışdı. Ona görə də əhalinin vəziyyəti çox çətin idi. Əslində bu da başadüşülən idi. Daxili quruculuq işlərinə başı qarışmış hakimiyyət xarici siyasəti bir növ öz bildiyi kimi həyata keçirirdi. Bu səbəbdən bir sıra hallarda xarici siyasətdə istiqamətlər düzgün müəyyən edilmirdi. Yaranmış vəziyyətdən ermənilər çox ustalıqla istifadə edib Azərbaycan ərazilərinə soxuldular və Birinci Qarabağ müharibəsi başladı. Onlar ərazilərimizin 20 faizini xarici havadarlarının dəstəyi ilə işğal etdilər. Azərbaycanın ərazi bütövlüyü pozuldu, BMT səviyyəsində tanınan ərazilərimiz işğala məruz qaldı. Dəfələrlə BMT tərəfindən işğal faktını pisləyən bəyanatlar verilib, qərarlar qəbul olunsa da, Ermənistan dövləti həmin qərarların heç birini icra etmədi. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, dünyada özünü güc hesab edən qüvvələr bunu səssiz qarşılayır, Ermənistanın BMT qərarlarını icra etməməsini seyr etməklə kifayətlənirdilər. 30 il davam edən işğal siyasəti artıq Azərbaycan dövləti və xalqını təngə gətirmişdi. 30 ilə yaxın davam edən işğal illərində Ermənistan öz havadarlarının dəstəyi ilə beynəlxalq aləmdə, dünyada yalan kampaniya aparmaqla belə bir fikir formalaşdırmağa çalışırdı ki, guya Qarabağ ermənilərə məxsusdur. Bu yolla onlar işğala məruz qoyduqları 20 faiz ərazilərimizi də özününküləşdirmək istəyirdilər.

Qarabağın işğalına son qoymaq üçün ümummilli lider Heydər Əliyev prezident olduğu illərdə çox böyük işlər gördü, dünyada böyük siyasi kampaniyalar həyata keçirdi. Ümummilli liderin gecəli-gündüzlü apardığı işlər nəticəsində bir qədər də olsa dünyanı inandıra bildik ki, Qarabağ bizim ərazimizdir. Ancaq onu da qeyd etmək yerinə düşər ki, uzun illər yerli-yersiz hakimiyyəti qınayanlar da olurdu və həmin şəxslər Ermənistanla müharibə etməməyə görə hakimiyyəti ittiham edirdilər. Lakin nəzərə almaq lazım idi ki, hər şeyin bir vaxtı, zamanı var. Onu da nəzərə almaq lazımdır ki, əgər o zaman müharibə başlasaydı bəlkə də bu bizim xeyrimizə olmayacaqdı və əlavə ərazilər itirəcəkdik. Çünki ilk növbədə beynəlxalq ictimaiyyətlə işləmək və həmin səviyyəyə gətirmək lazım idi ki, onlar Qarabağın Azərbaycana məxsus olduğunu qəbul etsinlər.

2003-cü ildə İlham Əliyev cənabları hakimiyyətə gələndən sonra Qarabağ ətrafında proseslər bir az da gücləndi və Cənab Prezident kəskin fikirləri, əzmkar iradəsi ilə dünyaya sübut etdi ki, Qarabağ Azərbaycan ərazisidir və Azərbaycan heç də uzun müddət Qarabağın işğalı ilə barışa bilməz. Ötən illər ərzində dəfələrlə bir neçə rayonun işğaldan azad edilməsi ilə bağlı təkliflər oldu, lakin Cənab Prezident haqlı olaraq həmin təkliflərin heç biri ilə razılaşmadı. Vaxtı çatanda, zaman yetişəndə Azərbaycan "Dəmir Yumruq" əməliyyatı ilə işğala məruz qalan ərazilərini düşməndən azad etdi. Ərazilərimiz işğaldan azad edildikdən qısa müddət sonra Azərbaycan Qarabağda quruculuq işlərinə başladı və sürətli şəkildə bu işləri reallaşdırır. Bir neçə dəfə şəxsən özüm işğaldan azad edilən ərazilərdə səfərdə olmuşam. Demək olar ki, işğaldan azad edilən hər bir yerdə quruculuq-abadlıq işləri gedir. Bütün bunlar, aparılan quruculuq-abadlıq işləri nəzərə alınaraq çox böyük bir investisiya layihəsi, çoxmilyonlu Heydərabad şəhərinin salınması ideyası ortaya qoyuldu və böyük müzakirələrdən sonra biz bu ideyanın tərəfdarına çevrildik. Fikirləşirik ki, belə bir şəhər salınsa, onun həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti olacaq. Azərbaycan bununla dünyaya səs salmış olacaq. Eyni zamanda dünyaya göstərəcək ki, həqiqətən də Qarabağ Azərbaycandır!. Həmin şəhər olduqca müasir üslubda tikilməlidir. Orada beynəlxalq təşkilatların nümayəndəlikləri fəaliyyət göstərməlidir. Eyni zamanda həmin şəhər Azad İqtisadi Zona olmalıdır. Xarici investorlar üçün də həmin şəhər açıq olmalıdır. Dünyanın tanınmış iş adamları, beynəlxalq təşkilatlar ora cəlb edilməlidir. Eyni zamanda onların investisiyalarına dövlət zəmanət verməlidir.

Onu da xüsusi olaraq vurğulamaq istərdim ki, qeyd etdiyimiz layihə müzakirə edilib gündəmə gətirilərkən müxtəlif siyasi baxışları olan insanlar Azərbaycan naminə eyni qərara gəldilər. Bu artıq həm də Azərbaycan üçün yeni bir nümunədir. Yəni, Heydərabad şəhərinin salınması təşəbbüsündə fərqli siyasi baxışlara malik olan insanlar eyni məxrəcə gəldilər. Mən istərdim ki, Azərbaycan naminə görülən bütün işlərdə siyasi mənsubiyyətindən və siyasi baxışlarından asılı olmayaraq bütün siyasi qüvvələr birləşərdi. Azərbaycan hamımızın ümumi evidir və bu ev üçün işləmək, onu daha da inkişaf etdirmək lazımdır.

-Səhv etmirəmsə bununla bağlı Cənab Prezidentə müraciət etməyi düşünürsünüz və təbii ki, bunun üçün imzalar da toplanmalıdır. Təşəbbüsə qoşulanlar varmı?

-Bu barədə uzun müddət müzakirə aparıb layihəmizin konturlarını müəyyənləşdirdikdən sonra 19 nəfərin imzası ilə Cənab Prezidentə müraciət qəbul etmişik. Artıq 7 sentyabr tarixində müraciət Cənab Prezidentə ünvanlanıb. Müraciət müəllifləri "Milli İnkişaf" İctimai Birliyinin üzvləridir. Cənab Prezidentdən müsbət cavab almaq ümidi ilə həmin müraciəti dövlət başçısına göndərmişik. Ümumiyyətlə, təşəbbüsə qoşulan və bizi dəstəkləyənlər çoxdur. Məqsədimiz, amalımız Azərbaycanın xoşbəxt gələcəyi üçündür.

-Ümumən, təşkilat olaraq əsas fəaliyyət istiqamətləri kimi nələri seçmisiniz, qarşınıza hansı hədəfləri qoymusunuz?

-Məlumat üçün qeyd edim ki, "Milli İnkişaf" İctimai Birliyi yeni təsis edilib. İctimai Birliyin əsas fəaliyyət istiqamətlərinə milli iqtisadiyyatımızın inkişaf etdirilməsi, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, milli, maddi və mənəvi dəyərlərimizin qorunması, onların gələcək nəsillərə çatdırılması, milli təhsilimizin inkişaf etdirilməsi, səhiyyənin, milli tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin gücləndirilməsi və s. daxildir.

-Bu yaxınlarda İctimai Birlik olaraq azad edilən ərazilərə, Şuşaya səfər etdiniz və təbii ki, yol boyu düşməndən azad olunan ərazilərdə görülən işləri müşahidə etdiniz. Ümumən, vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq işğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq-abadlıq işlərini necə qiymətləndirirsiniz?

-Sizin də qeyd etdiyiniz kimi mən iki dəfə Şuşaya səfər etmişəm və hər səfər də mənim üçün kifayət qədər maraqlı və yeniliklərlə yadda qalıb. Uzun illərdir ki, biz bu torpaqların həsrəti ilə yaşayırdıq. Torpaqlarımızın işğala məruz qalmasına görə dünyada yaşayan hər bir azərbaycanlının qüruru sınmışdı, başımız aşağı olmuşdu. "Dəmir Yumruq" əməliyyatından sonra əlbəttə ki, biz qəddimizi düzəltdik, qürurumuzu bərpa etdik. Hər bir azərbaycanlı kimi mən də uzun illər həsrətində olduğum o torpaqlara dəfələrlə getsəm də, ondan doymuram. İşğaldan azad edilən ərazilərimizin çox münbit torpaqları var. Həmin ərazilərdə şəhər salınması üçün münbit relyef mövcuddur. Xüsusilə, Araz çayı boyunca və Füzuli hava limanı ətrafında. İşğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq-abadlıq işlərinin demək olar ki, dünyada alternativi yoxdur. Hər bir yerdə işlər görülür, yollar salınır, körpülər tikilir. Şuşa sanki tikinti meydanına çevrilib. Orada həyata keçirilən quruculuq-abadlıq işlərinə baxanda adam heyran qalır. Bir neçə ildən sonra biz müasir və dünyəvi bir Qarabağ görəcəyik.

-Azərbaycan azad olunan əraziləri qurub-yaratmaqla bərabər, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün də sistemli iş aparır. Ancaq qarşı tərəf hələ də dövlət sərhədində müntəzəm olaraq təxribatlar həyata keçirir. Sizcə, İrəvanın bu kimi təxribatları sülh müqaviləsininn imzalanmasına əngəl yaratmır?

-Azərbaycan haqq işi uğrunda mübarizə aparır. Uzun illər beynəlxalq təşkilatlar, BMT, ATƏT, onun Minsk qrupu Qarabağ probleminin həlli istiqamətində fəaliyyət göstərsələr də, lakin buna nail ola bilmədilər. Nəticədə Ali Baş Komandan və onun ətrafında sıx birləşən Azərbaycan xalqı, ordusu bu problem özü həll etdi və ədalət "Dəmir Yumruq"la bərpa olundu. Dünyaya göstərildi ki, ədalətsiz yaşamaq olmaz və ədalət gec-tez bərpa olunmalıdır. Əlbəttə ki, Azərbaycan haqq işi uğrunda mübarizə aparır və öz ərazilərini işğaldan azad etməyi qarşısına məqsəd qoymuşdu. Buna da nail oldu. Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsi başlayana qədər dəfələrlə bəyan etmişdi ki, biz müharibə deyil, sülh, ədalətli, bir-birinə hörmət edən qonşuluq istəyirik. Bizim heç kimin torpağında gözümüz yoxdur və heç kim də bizim torpaqlarımıza göz dikməməlidir. Əgər kimin bizim torpaqlarda gözü olarsa, o göz ovulub töküləcək. Cənab Prezident bunu dedi və etdi də. "Dəmir yumruğ"un hələ də yerində olduğunu dəfələrlə dövlət başçısı onlara göstərib. Ermənistan hakimiyyətində olan şəxslər artıq bunu başa düşüblər və qəbul edirlər ki, keçmiş xülyalarla yaşamaq olmaz. Lakin erməni müxalifəti, orada hakimiyyəti ələ almaq istəyən qüvvələr Qarabağ kartı ilə manipulyasiya edir, Paşinyan hökumətini devirib hakimiyyəti ələ keçirmək istəyirlər. Ona görə də müntəzəm olaraq dövlət sərhədində təxribatlar həyata keçirilir. Bütün bunlara baxmayaraq Azərbaycan hər an sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan edir. Hesab edirəm ki, dövlət sərhədində ermənilər tərəfindən törədilən təxribatlar heç də onların xeyrinə olmayacaq. Cənab Prezident də dəfələrlə bu barədə fikirlərini ifadə edib. Bu təxribatlar heç bir halda erməni xalqına dividentlər gətirməyəcək. Əgər erməni xalqı yaxşı yaşamaq istəyirsə, o halda bu cür təxribatçı qüvvələrdən uzaq olmalı və başa düşməlidirlər ki, sülh müqaviləsinin alternativi yoxdur və zamanında zəbt etdikləri torpaqlar Azərbaycan əraziləridir, həmin əraziləri tezliklə tərk edib getməlidirlər.

-Arzuman bəy, nSiz həm də iqtisadçısınız. İşğaldan azad edilən ərazilərin böyük bir qisminin turizm baxımından əlverişli zona olduğunu nəzərə alsaq deyə bilərikmi ki, tezliklə Qarabağ turizm baxımından dünya üçün cəlbedici bölgəyə çevriləcək?

-Sizin də qeyd etdiyiniz kimi işğaldan azad edilən ərazilərdə turizmin inkişaf etdirilməsi üçün böyük potensial var. Əgər bizim təşəbbüsümüz əsasında Heydərabad şəhəri salınacaqsa, orada turizm üçün bütün şərait var. Oranın dağları, meşələri, torpaq örtüyü, bulaqları, havası, suyu, yeraltı və yerüstü sərvətləri bizə imkan verir ki, orada turizmi inkişaf etdirək. İnanıram ki, Qarabağ tamamilə minalardan təmizləndikdən və orada quruculuq-abadlıq işləri yekunlaşdıqdan sonra Azərbaycan turistlərin ən çox üz tutduğu ölkələrdən birinə çevriləcək. Qarabağ dünya üçün cəlbedici bir yerdir. Dünyanın əksər ölkələrinin vətəndaşları bu ərazini görmək istəyir və hesab edirəm ki, dünya üçün ən cəlbedici turizm obyektləri orada salınacaq. (olaylar.az)
Xəbəri paylaş