“Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Erməni qəsbkarları məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışdılar. Erməni millətçiləri 200 ildən artıq bir zaman kəsiyində yüz minlərlə dinc azərbaycanlını soyqırımına məruz qoymuş, yaşadıqları yerlərdən qovmuş, onlara işgəncələr vermiş, yüzlərlə yaşayış məntəqəsini dağıdıb yerlə yeksan etmişdilər. Keçmiş SSRİ imperiyasının dağılması və müstəqilliyin bərpa edilməsi ərəfəsində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, işğal zamanı yaşayış məntəqələrini dağıtmış, dinc əhali amansızcasına qətlə yetirilmiş, hətta Başlıbel, Ağdaban, Baqanis-Ayrım kəndlərində, Xocalıda törədilmiş vəhşiliklər, soyqırımılar erməni faşizminin əsl simasını göstərmişdi”.
Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, ötən 30 ilə yaxın bir müddət ərzində beynəlxalq birlik məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdı:
“Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmış, məsuliyyətli ölkə olaraq Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdı. BMT də daxil olmaqla mötəbər beynəlxalq təşkilatlar işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdilər. Xüsusilə də, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdı. Bütün bu illər ərzində isə Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdi. Hətta, Ermənistan işğal zamanı mülki, təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmiş, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdu. Əlbəttə ki, Azərbaycan bu işğalla barışmayacağını dəfələrlə nümayiş etdirmiş, 2016-cı il aprel ayında Lələtəpə, 2018-ci il Günnüt, 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı bu sarsılmaz iradəsini nümayiş etdirmişdi. Amma bütün bunlardan nəticə çıxarmayan Ermənistan 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribat törətmiş, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmuşdu. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdi. Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Beləliklə də, milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə birdəfəlik son qoyuldu. 44 günlük Vətən müharibəsində Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Eyni zamanda, Azərbaycan xalqı şəhidlərimizin intiqamını düşməndən döyüş meydanında aldı və onların qanı yerdə qalmadı”.
“Azərbaycan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı böyük qələbənin, parlaq zəfərin qazanılması üçün mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu gün də Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir:
“Şəhid və qazi ailələrinə dəstək göstərilməsində Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunub. Bu gün Azərbaycan dövləti şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Həmçinin Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olundular. Məhz, şəhid ailələrinin, qazilərin, hərbçilərin sosial məsələlərinin həlli istiqamətində görülmüş bütün işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır”.
Ramil Vəlibəyov diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsinin başlanmasından 2 il ötsə də, törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalı, beynəlxalq müstəvidə cavab verməlidir:
“Dünya birliyi, beynəlxalq təşkilatlar işğal dövründə Azərbaycanın yaşayış məntəqələrini, mədəniyyət abidələrini, qəbirləri, hətta məscidləri dağıtmış, sökmüş, talamış ermənilərin vəhşiliyi və vandallığı barədə susmamalıdır. Ermənistanın uşaqlar, qadınlar daxil olmaqla 100-ə yaxın mülki şəxsin həlak olmasına, 400-dən çox mülki şəxsin yaralanmasına, 5 mindən çox evin dağılmasına səbəb olmuş müharibə cinayətləri də cəzasız qalmamalıdır. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulması ilə münaqişə zonasında olmayan dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Eyni zamanda, basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması, tez-tez sərhəddə atəşkəsi yenidən pozması da rəsmi İrəvanın hərbi cinayətkar olmasının növbəti sübutudur. Beynəlxalq ictimaiyyətin isə Ermənistanın bu terrorizm aktlarına, hərbi cinayətlərinə susması və bu cür insidentlər ilə bağlı rəsmi bəyanat və ya qətnamələrin qəbul olunmaması “ikili standartlar” siyasətinin təzahürüdür. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı minaların xəritələrini vermədiyinə və son təxribatlarına görə qınamalı və rəsmi İrəvan hüquqi məsuliyyət daşımalıdır. Bu mənada, beynəlxalq ictimaiyyət, təşkilatlar bölgədə sülhün, sabitliyin və ədalətin təmin olunması naminə Ermənistanın hüquqi məsuliyyətə cəlb edilməsi və cəzalandırılması üçün lazımi addımları atmalıdır, işğalçı ölkə sülhə məcbur edilməlidir. Yoxsa, bundan sonra baş verə biləcək bütün hadisələrə görə də məsuliyyət birbaşa Ermənistan rəhbərliyinin üzərində olacaq”.