Dünən, sentyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, qarşı tərəf Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib.
Nazirliyin məlumatına görə, Ermənistan tərəfi sentyabrın 21-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə dezinformasiya yaymaqla gecə saatlarında törətdikləri təxribata zəmin yaratmağa çalışıb.
Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən növbəti gərginliyə görə də bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü xatırladıb.
Sentyabrın əvvəlindən etibarən təkrarlanan provokasiyalar qarşı tərəfə baha başa gəlmişdi. Təxribatlar ard-arda təkrarlandı. Nəhayət, Ermənistanın sentyabrın 12-də əl atdığı genişmiqyaslı sabotajlara adekvat cavab verməli olduq. Nəticədə qarşı tərəfə ciddi zərbə vurduq, xeyli sayda şəxsi heyət və texnika məhv edildi. Həmçinin bir sıra strateji mövqelərdə nəzarətimizi təmin etdik.
Həmin təxribatların Ermənistan iqtidarının, Rusiyanın və ya Qərbin idarə etməsi bizim üçün ikinci dərəcəlidir. Əsas odur ki, "rejissorun" kim olmasından asılı olmayaraq, adekvat cavab verildi, böhran fürsətə çevrildi.
Bu dəfəki təxribatın da həmin "rejissorların" "sifarişi" ilə baş tutması mümkündür.
Nəzərə almaq lazımdır ki, Ermənistan baş naziri Nikol Paşinyan bu günlərdə parlamentin iclasında ölkəsinin ərazi bütövlüyü barədə danışarıq, Azərbaycanı sərhədi pozmaqda ittgan etmişdi. Əlbəttə, bu, sadəcə ittihamdır və əsassızdır. Çünki hələ dövlət sərhədləri müəyyənləşməyib. Azərbaycanın istədiyi məhz sərhədlərin dəlimitasiya və demarkasiyasıdır. Ermənistan isə bu prosesdən yayınır. Əlbəttə, sərhədlər müəyyənləşmədikcə yeni sərhəd toqquşmaları, hətta qarşı tərəfin təxribatı nəticəsində genişmiqyaslı müharibənin başlanması hər an mümkündür.
Ehtimal edilən savaş, əlbəttə, hər iki tərəf üçün arzuolunmazdır. Amma bu, Ermənistan üçün fəlakət deməkdir. Deməli, İrəvan regional ritorikasında diqqətli olmalı, sərhədlərin müəyyənləşdirilməsinə tələsməlidir. Başa düşmək lazımdır ki, delimitasiya və demarkasiya prosesinin baş tutması kənar qüvvələrin regiona təsir imkanlarını artırır. Bu, İrəvan sərf etmir. Ona görə də Ermənistan hakimiyyəti məntiqli davranmalıdır.
Ermənistan baş nazirinin müavini, Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə dəlimitasiya komissiyasının üzvü Mehr Qriqoryan dünən Rusiyaya səfər edib. Onun Avrasiya İqtisadi İttifaqının iclasından iştirak edəcəyi bildirilib. Çox güman ki, Qriqoryan görüşəcəyi şəxslərlə Cənubi Qafqazdakı durumu da müzakirə edib və edəcək. Krem rəsmilərinin baş nazirin müavininə hansısa tapşırıqlar verməsi istisna deyil.
Prezident, Ali Baş Komandan İlham Əliyev bu günlərdə Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimində çıxış edərkən ciddi mesajlar vermişdi. Dövlət başçısı bildirmişdi ki, dəlimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz: "Bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir".
Ermənistan iqtidarının təxribatlarda maraqlı olmasından və ya iradəsizlik göstərib başqalarının sifarişlərini yerinə yetirməsindən asılı olmayaraq, nəticə dəyişmir: İrəvan sərhədlərin müəyyənləşdirilməsini istəmir. Bu isə o deməkdir ki, biz BMT- min işini icra etdiyimiz kimi, indi də üçtərəfli komissiyanın işini görməli, sərhədlərin delimitasiya və demarkasiyanı özümüz həyata keçirməli olacağıq. Əgər Ermənistan razılıqlardan yayınarsa, o zaman onların təxribatlarına cavab olaraq qarşı tərəfə təyziq göstərməyə haqqımız var.
Kənan Novruzov-siyasi ekspert