Bu gün İkinci Qarabağ müharibəsinin başlanmasının üzərindən iki il keçir. 2020-ci ilin sentyabrın 27- də Ermənistanın davam edən təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks- hücum əməliyyatlarına başladı. Bir çox ekspertin düşündüyü kimi, əslində düşmənin o vaxt bir neçə ay əvvəl törətdiyi Tovuz təxribatı bu əks- hücuma zəmin yaratmışdı.
Savaşın ilk günündən etibarən Azərbaycan Silahlı Qüvvələri üstünlüyü ələ aldı. Yaşayış məntəqələrini ard- arda azad etdik, qarşı tərəf həm şəxsi heyət, həm də texnika baxımından ciddi itkilərə məruz qaldı.
44 günlük döyüşlər zamanı Azərbaycan və Ermənistan daxilində durum tamamilə fərqli idi. Azərbaycanda daxili həmrəylik var idi. Oğullar səfərbərlik idarələrinə müraciət edir, könüllü şəkildə döyüşlərdə iştirak etmək istəyirdilər. Ermənistanda isə aksiyaların ardı - arası kəsilmirdi. Qarşı tərəfin ordusunda yüzlərlə fərari var idi. Çünki Ermənistandan fərqli olaraq biz nəyin uğrunda mübarizə apardığımızı bilirdik. Ermənistan cəmiyyətinin böyük bir hissəsi isə saxta tarixdən, yalançı iddialardan bezmişdi. Elə ona görə də ana- atalar oğullarını cəbhəyə göndərmək istəmirdi.
Savaş dönəmində biz həm də dost və düşmənlərimizi tanıdıq. Türkiyə, Pakistan, İsrail həmişə olduğu kimi, yenə də yanımızda idi. Cənub qonşumuz İran müsəlmanlıq əqidəsinə zidd olaraq Ermənistanı dəstəkləyir, bu ölkəyə silah daşınmasına imkan verirdi. Rəsmi Tehranın müharibə zamanı dəfələrlə səsləndirdiyi bəyanatlar da bu dövlətin ikiüzlülüyünü göstərirdi. Əlbəttə, İran savaşda qalib gəlməyimizi istəmirdi. Çünki bu, İran daxilindəki azərbaycanlıların ayağa qalxmasına şərait yarada bilərdi. Tehran bundan narahat idi.
Rusiya, demək olar, müharibənin sonuna kimi neytrallığını qorudu. Bu, Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilməlidir. Çünki biz əks- hücum əməliyyatlarına başlamaq üçün uğurlu vaxt seçmişdik. Həmin vaxtlarda Moskva İrəvanı cəzalandırmaq istəyirdi. Elə buna görə də qismən səssiz idi.
Lakin müharibənin son günlərində durum dəyişdi. Azərbaycan ordusunun uğurla irəlilədiyini görən Rusiya dözə bilmədi. Şuşaya "İsgəndər" raketləri atıldı. Bəziləri bu silahların Rusiyadan, bəziləri isə Ermənistandan atıldığını iddia etdilər. Ancaq məsələ orasındadır ki, Ermənistan ordusunun arsenalında "İsgəndər" yoxdur. Deməli, raketlər Ermənistan ərazisindən atılmışdısa belə, həmin silahları Rusiya for- postina vermişdi. Təəssüf ki, bu məsələ müəmma olaraq qaldı. Moskva məsələyə birmənalı, konkret münasibət göstərməkdən boyun qaçırdı.
Şuşa azad olunan gün, noyabrın 7- də Bakıya raket atıldı. Əlbəttə, bu da Rusiyanın əməli idi. Kreml Şuşanı azad edə biləcəyimizi düşünmürdü...
Noyabrın 9,10- da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli bəyanat imzaladılar. Bu, Ermənistanın kapitulyasiya sənədi idi. Həmin razılaşmaya əsasən erməni terrorçularının Qarabağdan çıxarılmasına paralel olaraq rus sülhməramlı hərbçiləri əraziyə daxil olmalı idi. Sülhməramlılar çox qısa müddət ərzində Qarabağda məskunlaşdılar. Lakin terrorçular hələ də torpaqlarımızdadırlar.
İkinci Qarabağ müharibəsi zamanı biz həm də informasiya cəbhəsində uğurlu mübarizə aparırdıq. Prezident, Ali Baş Komandan İlham Əliyevin xarici KiV- ə verdiyi müsahibələrdə Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə aydın və konkret formada çatdırılırdı. Dövlər başçısı fərqli jurnalistlərin müxtəlif təxribatçı suallarına tutarlı cavablar verirdi. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq ictimai rəydə Azərbaycanın xeyrinə dəyişiklik oldu. Bir sıra ölkələr artıq bizimlə hesablaşmağa başladılar. Əlbəttə, bu uğurda Prezident İlham Əliyevin şəxsən rəhbərlik etdiyi informasiya mübadiləsinin mühüm rolu var idi.
Şuşanın azad olunması Azərbaycan hərb tarixinə yenilik gətirdi. Bu gün bir çox hərbi məktəblərdə Şuşa əməliyyatının sirləri öyrənilir.
Rəsmi Bakı Vətən savaşında həm hərbi, həm diplomatik cəhətdən qələbə qazandı. Eyni zamanda biz informasiya cəbhəsində düşmən hücumlarını dəf etdik.
44 günlük müharibədəki qələbəmiz nəticəsində birincisi, ərazi bütövlüyümüzü təmin etdik. İkincisi, 30 illik psixoloji travmaya son qoyuldu. Üçüncüsü, düşmənə sağalmaz zərbə vuruldu. Dördüncüsü, beynəlxalq ictimaiyyət maraqlarımızla hesablaşmağa başladı. Beşincisi, biz Minsk Qrupunun nəyəsə lazım olmadığını sübut etdik.
Ermənistan İkinci Qarabağ müharibəsində ciddi zərbə almasına rəğmən, bu günədək təxribatlarını davam etdirir. Üstəgəl, üçtərəfli sazişlərin şərtlərinə əməl edilmir. İndiyədək nə erməni terrorçuları Qarabağdan çıxarılıb, nə minalı ərazilərin xəritəsi verilib, nə də sərhədlər müəyyənləşib. Bu azmış kimi İrəvan rəsmiləri revanşist bəyanatlar səsləndirir və bəzi dünya dövlətləri hələ də Ermənistandan maşa kimi istifadə etməyə çalışırlar.
Əgər belə davam edərsə, növbəti "Dəmir Yumruğun" havaya qalxması, beləliklə, həm Ermənistana, həm də beynəlxalq ictimaiyyətin qərəzli kəsiminə növbəti dəfə dərs verilməsi qətiyyən istisna deyil.
Kənan Novruzov-siyasi ekspert