Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putinin vaxtından əvvəl qələbə sevinci və ya "Ukrayna böhranına" daha bir "düyün"

Putinin vaxtından əvvəl qələbə sevinci və ya "Ukrayna böhranına" daha bir "düyün"


Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən Ukraynadakı “referendumla” bağlı məlumat yayıb. Məlumatda göstərilib ki, Rusiya Prezidenti Vladimir Putin parlamentdə çıxış edə və işğal olunmuş ərazilərin rəsmi ilhaqını elan edə bilər.

İlk növbədə onu deyək ki, Rusiyada qismən səfərbərliyin elan edilməsi və nüvə silahından istifadənin gündəmə gəlməsi Moskvanın işinin çətinləşdiyini göstərir. Həmçinin referendum barədə tələsik qərarın qəbul edilməsi də onu deməyə əsas verir ki, Kreml artıq döyüş meydanındakı durumu dəyişmək üçün alternativ yollar axtarır.

"Referendum"un keçirilməsində məqsəd təkcə işğal olunmuş əraziləri Rusiyaya birləşdirmək deyil. Beləliklə, Kreml rəhbəri Donetsk, Luqansk, Zaporejye kimi ərazilərə Ukraynanın əks- hücumunu Rusiyaya hücum kimi qələmə verəcək. İkincisi, rəsmi Moskva istəyir ki, gələcəkdə danışıqlar masasına otursa, əli daha güclü olsun. Üçüncüsü, bu yolla Ukrayna xalqına psixoloji zərbə vurmaq əsas hədəflərdəndir. Nəhayət, Rusiya beynəlxalq ictimai rəyi də öz xeyrinə dəyişmək istəyir.

Britaniya Müdafiə Nazirliyinin iddia etdiyi kimi, Putin qarşıdakı günlərdə işğal olunmuş ərazilərin rəsmi ilhaqını elan edə bilər. Mümkündür ki, Rusiya dövlət başçısı bunu həmin ərazilərin azad olunması kimi təqdim edəcək və qələbəsini elan edəcək. Başqa sözlə desək, Kreml rəhbəri vaxtından əvvəl qalibiyyətini elan edə bilər. Lakin hətta belə olsa da, müharibə bitmiş sayılmayacaq. Əksinə, Putinin ehtimal edilən addımından sonra savaşın ikinci, daha gərgin mərhələsi başlana bilər. Çünki sözügedən addım Qərbin və Ukraynanın "damarına basmaq olacaq".

Əlbəttə, işğal olunmuş ərazilərin Rusiyaya ilhaqını elan etmək ciddi nəticələrə səbəb ola bilər. Birincisi, beynəlxalq ictimaiyyətin Moskvaya təzyiqi artacaq. İkincisi, bu, indiyədək proseslərə neytral mövqedən yanaşan Ankaranın Moskva ilə bağlı münasibətinin dəyişməsinə səbəb ola bilər. Üçüncüsü, sülh üçün şanslar daha da azalacaq. Əlbəttə, Kreml rəhbəri bunları düşünməmiş deyil. Putin başa düşür ki, ilhaqla bağlı rəsmi açıqlama versə, bunun ciddi nəticələri olacaq.

Dediyimiz kimi, Putin daxili auditoriyanı qələbəyə inandırmaq və öz eqosunu tətmin etmək məqsədilə sözügedən açıqlama ilə çıxış edə bilər. Amma bunun bumeranq effekti verə biləcəyi tamamilə mümkündür.

Şübhəsiz ki, Britaniya kəşfiyyatının məlumatı sadəcə informasiya müharibəsinin tərkib hissəsi də ola bilər. Bəlkə də, deyilən vaxtda Putin parlamentdə sözügedən açıqlama ilə çıxış etməyəcək. Lakin dediyimiz kimi, bu baş verərsə, Ukrayna böhranına daha bir "düyün" əlavə olunacaq.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş