Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mələk donuna girmiş şeytanlar lazım gəlsə, hər şeydən keçməyə hazırdırlar

Mələk donuna girmiş şeytanlar lazım gəlsə, hər şeydən keçməyə hazırdırlar


Mövzuya keçməmişdən əvvəl demək istəyirəm ki, Uca Allah qoruduğu insanı heç kəs məğlub edə bilməz. Allahın mərhəməti və ədaləti ilə yenə ayaqda durmuşam və Dövlətimə xidmət edirəm. Buna görə, Uca Allahıma şükürlər edirəm.

Şərə düşmək, böhtana məruz qalmaq insan ömrünün ən ağır anlarındandır. Yəni səhər-səhər evdən çıxıb işə gedəndə istər-istəməz insan xoş ovqat içində olur. Amma nə qədər xoş ovqat içində olsa da, adamın daxilində bir narahatlıq və qanqaralıq da hökm sürür. Elə ki, kimsə sənə bir xoş söz deyirsə, bax onda adamın iç dünyası bir qədər sakitləşir, əhvalı durulur. Bir balaca da yolda qanı qaraldan adam olanda insan uzun müddət özünə gələ bilmir. Bunların hamısını yola vermək çox asandır.

Ən qorxulusu odur ki, kimlərsə insanı durduğu yerdə şərləyir və ona böhtan atır. Bizcə, bundan dəhşətli heç nə yoxdur. Yadımıma gürcü yazıçısının "Günahsız Abdulla" əsəri düşür. Bu əsəri Azərbaycan televiziyasında tamaşaya da qoyublar. Böyük aktyorumuz, rəhmətlik Mikayıl Mirzə günahsız Abdullanın faciəsini necə yaradırsa, istər-istəməz tamaşaçı bu insanın taleyinə acıyır və biz cəmiyyətimizdə günahsız abdullaları çox gördük. Günahsız Abdullanın bir tikə halal çörəyi, təmiz ailəsi olur. Amma mərdiməzarlar, şər atanlar bir tikə çörəyi və təmiz ailəni ona çox görüb böhtan atırlar. Günlərin bir günündə bu böhtana görə Abdulla türməyə düşür. Türmədən qayıdanda görür ki, anası rəhmətə gedib, ailə dağılıb və hər şey məhv olub. Bu faciəyə dözə bilməyən günahsız Abdulla özünü boğub öldürür. Bu da şərin "qələbəsi".
Bu gün də hər addımbaşı insanlar müxtəlif adamların şərinə, böhtanına məruz qalır. Çox bel bağladığım və çörək verdiyim insanlar mənə şər atmışdı. Uzun müddət bilmirdim ki, bu şəri atan kimdir. Öyrəndim ki, mənimlə çörək kəsib, süfrəmin başında əyləşən adam mənə böhtan deyib. Şər və böhtan mənə yapışmadı. Çünki məni tanıyanlar gördü ki, elə adam deyiləm. İnanın, həmin şərin sarsıntısından nə özüm, nə ailəm, nə də balalarım hələ özünə gəlməyib. Həmin adamlar laiqincə cəzasını aldılar, ancaq yenədə bir iki nəfər qalmaqdadır. Bunlarda vaxtı gələndə cəzasını laiqli alacaqlar. Amma mənim iç dünyamda hələ də təlatümlər səngimir. Ona görə səngimir ki, çörək verdiyim və adam məni kürəyimdən vurdu. Bəs bundan sonra kimə inanasan?

Həmişə bədii əsərlərdə xeyir-şərə qalib gəlir. Amma yaşadığımız həyatda bunun tamamilə əksini görürük. Məsələn, görürük ki, ona-buna şər atan, böhtan yağdıran və olmazın şayiələr yayan adamlar çox kefi kök, rahat yaşayırlar. Hamı da tanıyır ki, bu adam şarlatanın, evyıxanın biridir. Amma bu şarlatan və evyıxan adamlar əksər halda təmiz adamların yanında fırlanır. Əgər o təmiz adamların imkanı və vəzifəsi varsa, zəli kimi yapışıb onlardan qopmur. Yeri düşəndə bu şarlatanlar belələrindən daha çox istifadə eləyirlər və məqamı gələndə ona həyat verən, çörək verən, dar gündə arxası olan insanların başını pambıqla kəsirlər.

Mələk donuna girmiş bu şeytanlar lazım gəlsə, hər şeydən keçməyə hazırdırlar. Təki onların ürəyindəki arzusu çin olsun. Yəni bu şarlatanları mənəviyyat, əxlaq, kişilik və qeyrət heç vaxt düşündürməyib. Onlar kişiliyi də, qeyrəti də pulda görürlər. Elə ki, istəklərinə çatdılar, bu mələk donuna girmiş şeytanların sifəti üzə çıxır. Onda da hər şey çox gec olur. Çünki şeytanlar və şarlatanlar manevr edib başqa bir sadə və imkanlı adamın ürəyinə girirlər. Ürəklərinə elə girirlər ki, həmin imkanlı adamlar oğluna, qızına və qardaşına açmadığı ürəyini belə adamlara açır və günlərin birində eşidir ki, bu şarlatanlar onu da şərləyib, aradan çıxıblar. Çünki belələrinə yüz dəfə yaxşılıq eləyib, bir dəfə yaxşılıq eləyə bilməyəndə onda gedib orda-burda həmin adamlar haqqında olmazın şər-böhtanlarını danışırlar. Özü də kişilər (əgər onlara kişi demək mümkündürsə) qiybət eləməkdə arvadları keçiblər. Yəni belələri şər-böhtan deməklə yanaşı, həm də onlara çörək verənləri, yaxşılıq eləyənləri dilə-dişə salır.

Şərə düşməkdən və böhtana məruz qalmaqdan qorxulu heç nə yoxdur. Mən inanmıram elə adam ola ki, ona şər atmasınlar. Amma təmiz və vicdanlı adamlara bu şər heç vaxt yapışmır. Ən azı ona görə ki, təmiz və vicdanlı adamlar Allaha çox yaxındılar. Başqalarına şər və böhtan atanlar müəyyən mənada istəklərinə nail olsalar da, amma zaman keçəndə məlum olur ki, onların dediyi şərdən başqa bir şey deyilmiş. Onda da hər şey ortaya çıxır: yəni şər deyən adamın sifəti də, şərə məruz qalan insanın çöhrəsi də.

Allah hamını şərdən qorusun. O şərdən ki, şarlatanlar onu hər bir insana yapışdırmaq istəyirlər. Bilmirsən ki, mələk kimi tanıdığın bu şarlatan sənə o şəri nə vaxt atacaq. Amma şər və böhtan yağdıranlar əksər hallarda qanunla cəzalanmasalar da, Allahın cəzasından heç vaxt yaxalarını kənara çəkə bilmirlər. Allahın cəzası isə çox ağır olur. Qoy heç olmasa, şarlatanlar və şər-böhtan yayanlar belə bir cəzadan qorxsunlar.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş