Artıq ikinci ildir ki, Azərbaycan xalqı öz şəhidlərinin əziz xatirəsini sonsuz ehtiramla yad edir. Bu tarixi gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna etdikləri səfər zamanı rayonun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Burada etdiyi çıxışında möhtərəm Prezidentimiz bir daha vurğuladı ki, Azərbaycan heç zaman öz şəhidlərinin əziz xatirəsini unutmayacaq. Çünki biz bu gün məhz qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və şanlı Zəfərimizlə fəxr edirik.
Qeyd etmək lazımdır ki, dövlət başçımızın Vətən müharibəsindən sonra Füzuli rayonuna ilk səfəri qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından cəmi 6 gün sonra baş tutmuşdu. 2020-ci ilin noyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına tarixi səfər etmişdilər. Səfər çərçivəsində Ali Baş Komandanımız Füzuli və Cəbrayıl şəhərlərində, Xudəfərin körpüsündə Azərbaycan bayrağını şəxsən özü qaldırmaqla bizim işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışımızın ilk addımının artıq atıldığını bütün dünyaya bəyan etmişdi.
Məhz Azərbaycan əsgərinin Zəfər salnaməsi, qəhrəmanlıq dolu dastanı həmin gündən yazılmağa başladı. Qeyd edim ki, şəhidlərimiz, qazilərimiz, veteranlarımız hər zaman dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi diqqətindədir. Elə bir görüş, elə bir tədbir yoxdur ki, orada Prezidentimiz əsgər və zabitlərimizin qəhrəmanlıqlarından bəhs etməsin, şəhidlərimizi xatırlamasın. Möhtərəm Prezidentimizin Vətən müharibəsinin başladığı günün Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncamı şəhid ruhlarına, onların doğmalarına göstərilən ali ehtiramın təzahürüdür. Prezident Anım Günü Vətən müharibəsində ilk şəhidlər verdiyimiz Füzuli rayonunun Qaraxanbəyli kəndinə getdi.
Orada şəhidlərimizin xatirə lövhəsini ziyarət etdi, onların rəşadətindən, şücaətindən qürurla danışaraq müqəddəs ruhlarına ehtiram nümayiş etdirdi. Əminik ki, yenilməz Azərbaycan Ordusunun 44 gündə göstərdiyi misili görünməmiş qəhrəmanlıqlar hər zaman xalqımızın qəlbində yaşayacaq. Bu gün biz mütəqil ölkəyə sahibik, suveren dövlətimiz var. Xalqımız bu nailiyyətlərə məhz qəhrəman oğul və qızlarının danılmaz xidmətləri sayəsində imza atıb. Həmçinin təxribatlara cəlb olunan silahlı qüvvələrin kəmiyyətcə artıması da nəzərə alınarsa, yeni hərbi toqquşmalar ehtimalının artdığını deməyə ciddi əsas yaranır. Azərbaycan özünün hərbi qüdrətini artırmaqla və cəmiyyətimizdə milli həmrəylik mühitini gücləndirməklə buna hazır olmalıdır.
Qarabağ münaqişəsinin həllini təkbaşına bacarmış, öz siyasi və hərbi gücünü bütün dünyaya sübut etmiş, sülh istiqamətində davamlı səylər göstərən, əməkdaşlığın formalaşmasında səmimiyyətlə çıxış edən bir ölkədir. Sərhəddə baş verənlər bu Qələbəni “həzm” edə bilməyənlərin, regionu yenidən qarışdırmaq istəyənlərin təxribatından başqa bir şey deyil.
Təəssüf, dünya qərarsızdır, ədalətə və obyektivliyə qətiyyən söykənmir. Əks təqdirdə rəsmi İrəvan dünyada hərbi cinayətkar və terrorçu ölkə kimi tanınmalıdır. 13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini gündəmə gətirir. Xəritələrin verilməməsi faktiki olaraq Ermənistanın hərbi hücumlarını asanlaşdırır, Azərbaycan üçün isə əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı, rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır. Amma ortada heç bir məsuliyyət yoxdur.
Aydın görünən budur: regionda inkişafı, sağlam dialoq mühitini istəməyənlər var. Bunlar isə həm Ermənistanın daxilindəki radikal qüvvələrdir, həm də xaricdən Ermənistana təsir göstərən siyasi çevrələrdir. Regionda gərginliyin yaradılmasında Ermənistandan bir alət kimi istifadə edilir. Bu, dünən də belə idi, bu gün də belədir! Ermənistan başqa bir dövlətin “forpost”u olmaq statusundan qurtula bilmir, buna görə də siyasi qərarlarını müstəqil şəkildə vermək imkanına sahib deyil. Bu gerçək dəyişmədikcə Ermənistan özünə etibarlı tərəfdaş, etibarlı qonşu imici yarada bilməyəcək. Nəticədə sıravi erməni xalqı əsrlər boyu davam etmiş bu siyasətdən hələ çox əziyyət çəkəcək, Ermənistan bir dövlət kimi müasir beynəlxalq münasibətlər sistemindən hələ uzun illər kənarda qalacaq. Buna Şuşaya gedən Zəfər yolunun salınmasını, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsini, Zəngilanda Ağalı kəndinin bərpasını, azad olunmuş bütün ərazilərdə ən müasir texnologiyalara və idarəetməyə əsaslanan yarımstansiyaların inşasını, dağ çayları üzərində elektrik stansiyalarının tikilməsini misal çəkə bilərik. Sentyabrın 27-28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya növbəti dəfə səfər etdilər, şəhərdə inşa olunan yeni yaşayış kompleksində, Şuşa hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan hoteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış oldular. Həmçinin dövlətimizin başçısına və birinci xanıma Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil kommunal və təmir xidmətinin inzibati binasında görüləcək əsaslı təmir işləri barədə də məlumat verildi. Bu, onu göstərir ki, görülən işlərə Prezidentimiz şəxsən nəzarət edir. Bir sözlə, biz müzəfər Ali Baş Komandanın “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin real nəticələrini görürük”.
Güloğlan Cabbarlı-Dünya və Avropa çempionu