Rusiya Ukraynada növbəti təxribatçı və uzunmüddətli problemlərin yaranmasına səbəb olacaq addımı atdı. Belə ki, Rusiya Prezidenti Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.
Sözügedən həmin fərmanda qeyd edilir ki, qərar “BMT Nizamnaməsində təsbit edilmiş “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipini tanıyan və təsdiq edən beynəlxalq hüquq normalarının ümumi qəbul edilmiş prinsip və normalarına uyğun olaraq” və referendumda “xalqın iradəsi” nəzərə alınmaqla qəbul edilib.
O zaman ortaya sual çıxır Rusiya xalqların bərabərliyi və öz müqəddəratını təyin etmə prinsipini rəhbər tutursa, o zaman niyə öz ərazisindəki yerləşən Sibri Xalqlarına, Dağıstan və Şimali Qafqaz xalqlarına öz müqəddəratlarını təyin etmək hüquqlarını vermək istəmir? Bəlkə onlar da öz müqəddaratlarını təyin etmək niyyətindədirlər? Əgər mühatibəni tez bitirmək istəyi var idisə Rusiya niyə bu addımı atdı? Rusiyanın bu addımı beynəlxalq siyasətə və təhlükəsizliyə necə təsir göstərəcək?
Nəzərə alsaq ki, bu gün Rusiya Federasiyası ərazisində irili-xırdalı iki mindən artıq xalq yaşayır ki, bu xalqların da mütləq əksəriyyəti ana dilində təhsil almaq hüququna malik deyillər. Ona görə də nəinki öz müqəddəratını təyin etmək, hətta təhsil hüququndan yararlanmaq imkqnları belə mümkünsüz olub. Baxmayaraq ki, SSRİ-nin dağılmasından başlayaraq günümüzə qədər demək olar ki, Rusiya Federasiyası ərazisində yaşayan azsaylı xalqların böyük əksəriyyəti daimi şəkildə assimiliyasiyaya məruz qalıblar və bu proses bu gün də davam etməkdədir.
Şanxay Əməkdaşlıq Təşkilatında çıxşı zamanı Ukrayna ilə danışıqlar aparmaq istədiyini, amma Ukrayna tərəfinin buna razı olmadığını bildirən Rusiya prezidenti Valdimir Putinin qısa müddət sonra belə addım atması əlbəttə ki, heç də danışığı ilə hərəkətlərinin üst-üstə düşməməsindən xəbər verir. Atılmış son addımlardan belə qənaətə gəlmək olar ki, Rusiya müharibəni dayandırmaq niyyətində görünmür və verilən açıqlamalar immitasiya xarakteri daşımaqdadır. Nəzərə alsaq ki, həm BMT baş katibi Antonio Quterreş, həm Türkiyə hakimiyyəti, həm Ruaiyanın özünə yaxın bildiyi Qazaxıstan həm Qərb ölkələrinin rəhbərləri açıqlama verərək bu "referendumu" tanımayacaqlarını açıq şəkildə ifadə ediblər. Bu isə o deməkdir ki, Putin Rusiyanı sürətlə beynəlxalq aləmdən təcrid etməyə doğru sürükləyir. Təkcə 22 Fevral 2022-ci ildən bu günə kimi Rusiyaya tətbiq edilən sanksiyaların miqdarı 19282 olduğu halda ümumilikdə bu rəqəm 21977-ə bərabərdir. Rəqəmlərdən də göründüyü kimi Rusiya ciddi şəkildə sanksiyalar altında əzilməkdədir. Üstəlik verilən son məlumatlara görə 24 Fevral 2022-ci ildən bu günə kimi Rusiya Ukraynada təqribən 54 minə qədər hərbiçi itirib. Bu isə o deməkdir ki, itirdiyi hərbiçilərdən iki dəfə də artıq yaralısı var.
Hesab etmək olar ki, məhz buna görə də 21 Sentyabr 2022-ci ildə Vladimir Putin ölkədə qismən səfərbərlik elan edərək ordu sıralarına 300 min şəxsin cəlb ediləcəyini bildirən ki, ölkədən qaçış başladı. Demək olar ki, Rusiyadan Finlandiya, Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Monqolustan, Ermənistana insan axını başladı. Həm quru, həm də hava yolu ilə sürətli axın var.
Əlbəttə ki, bu baş verənləri Kreml adminstrasiyası və digər yuxarı orqanlar bilməmiş olmaz. Kreml adminstrasiyası da yaxşı anlayır ki, müharibənin taley artıq həll edilib. Buradan qazanclı çıxması real görünmür, amma görünür ki, belə avantür addımlar atmaqla heç olmasa regionda öz nüfuzunu qorumaq niyyətindədir.
Nəhayət, onu qeyd etmək lazımdır ki, Rusiyanın atdığı bu addımlar tərəflər arasında olsa danışıqlara olan ümidləri məhv etdi ki, bu da regionun gələcəyinə ciddi təsir edəcək. Nəzərə alsaq ki, Rusiyada sürətlə silah-sursat və hərbi texnika dükənmək üzrədir, amma bununla paralel olaraq ABŞ Ukraynaya 12 milyard dollar həcmində yeni yardım paketi ayırır ki, bunun da mütləq əksəriyyəti silah-sursat və hərbi texnika alınması təşkil edir. Belə olan halda isə demək olar ki, Rusiyanın son "referendum" oyunu da, səfərbərlik qərarı da hansısa ciddi nəticə verəcəyi inandırıcı görünmür.
Samir Hümbətov-Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri