Şərəf, uca, böyük bir arzudur müəllim olmaq. Hər hansı bir peşəni sadəcə sevməyə bənzəmir. Müəllim olmaq özündə bu peşəyə bağlılıq yaradır. Həm də elə belə yox. Özünü unudacaq qədər. Bütün acılarını, kədərini, həyatın çiyninə yüklədiyi yükləri, qayğıları dərs dediyin sinfin qapısından, məktəbin qapısından çöldə qoyacaq qədər.Müəllim olmaq damarda axan qana bənzəyir. Dursa duracaq həyat. Müəllim olmaq bütün çətinliyinə, ağırlığına baxmayaraq arzulmaqdır bu peşəni. Deyirlər insan peşəsini 3 halda sevir. 1-peşə ona uğur gətirəndə, 2-bu peşədə xoşbəxt olanda, 3-yüksək maaş aldıqda. Ancaq müəllimlikdə heç də belə deyil. Əməkhaqqının az olması, ürəyinin sınması, insanların bu peşəyə bir mənalı olmayan münasibəti azaltmır bu peşəyə sevgini...Daha çox, daha çox....Sanki bu peşəyə aclıq yaranmış kimi...istəməkdir müəllim olmaq. Dənizə bənzəyir müəllim olmaq...bəzən sakit...bəzən coşğun...Yağışa bənzəyir müəllim olmaq...susuzluqdan cadar cadar olmuş torpağa yağan yağışa...ya elə bəlkə torpağın özünə?
Uca bir dağa bənzəyir müəllim olmaq....dırmanırsan, dırmanırsan, çətindir, bəzən gücümüz tükənir. Amma yenə çəkinmirik....Arzudur, istəkdir müəllim olmaq....Uşaqların məktəb koridorundakı tappıltılarını, ayaq səslərini eşitmək istəyi, gözlərində daim ucalmaq, sevilmək arzusudur müəllim olmaq. Yorulmaqdır, hər şeydən uzaqlaşacaq qədər yorulmaq. Məktəbdə tətili, tətildə məktəbi arzulamaqdır. Bütün bunlar üçün darıxmaqdır müəllim olmaq....Tez qocalmaqdır, yaşlanmaqdır. Amma bir şey həqiqətdir ki, eynəyini nurunu itirmiş gözlərinə taxanda, əlini ağarmış saçalarına çəkəndə, döyüntüsü zəifləmiş ürəyində yaşayan vicdanına nəzər salanda şagirdlərinin hardasa uzaq yaddaşlarında yaşatdıqları sevgiyə, hörmətə sahib olmaqdır-müəllim olmaq...
Məndə olan bütün yaxşı cəhətlərə görə kitablara borcluyam!
Rus yazıçısı Maksim Qorkinin bu sözünü həvəslə sitat gətirərdik!
İnsan kimi yetişəndən sonra isə “Məndə olan yaxşı cəhətlərə görə müəllimlərimə borcluyam” fikrini də səmimi-qəlbdən söyləyirəm.
Əslində, uşaqlıqda tamamilə qeyri-adi peşəni arzulamışam.Lakin valideynlərimin "gözdən kənarda qız uşağı oxumaz" fikiri ilə məcburən yaşadığım şəhərin universitetində ali təhsil almalı oldum.Topladığım çox yüksən balla Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsinə daxil oldum. Məndən çox valideynlərim sevindilər... Amma mən peşəmi işlədikdən sonra sevməyə başladım və zamanla bu sənətin nə qədər şərəfli olduğunun fərqinə vardım.Universiteti qırmızı diplomla,müvəffəqiyyətlə bitirdikdən kiçik və ucqar kənd məktəbində pedaqoq kimi əmək fəaliyyətimə başladım.Və mən həqiqi hünəri, cəsurluğu yaşadığı yerdən kənarda ucqar yerlərdə dərs deyən müəllimələrdə görürdüm. Məsuliyyəti ağır olsa da bənzərsiz bir qürur mənbəyidir.İlk iş günümdə şagirdlərin həyəcanlı baxışı, səbirsizliklə müəllimlərini gözləməsi məni çox sevindirirdi. İlk dəfə sinifə girdiyim gün, şagirdlərlə tanışlığım heç vaxt yadımdan çıxmır. Mənə elə gəlir ki, uzun illər keçsədə, nə vaxtsa yenidən müəllimlik peşəsi ilə məşğul olsam da, ilk şagirdlərimi heç vaxt unutmayacağam.Amma ilk vaxtlar öz işimin öhdəsindən necə gələ biləcəyimlə bağlı düşüncə məni həyəcanlandırırdı. Buradakı mühit məndə özünəinam formalaşdırdı və ruh yüksəkliyi yaratdı. Valideyin üçün öz övladının sevinc dolu səsini eşitmək necə hissdirsə, müəllim üçün də şagirdlərin məktəb dəhlizindəki səs-küyünü, sinfə girərkən sevgi dolu gözlərini görmək eyni hissdir.Uşaqların ən təmiz hisslərlə göstərməyə çalışdıqları bu sevgini sözlə ifadə etmək mümkün deyil.İlk ilim olmasına baxmayaraq, burada xeyli təcrübə və uğur qazandım.Çünki, nə qədər xoşbəxt olduğumu və necə gözəl bir peşənin içində olduğumu uşaqlar hiss elətdirirdilər. Qürurvericidir. Hansı peşənin sahibinə bu qədər sevilmək qismət olur ki, əziz müəllimlər?!
Hz. Ali demişdir ki, "mənə bir hərf öyrədənin köləsi olaram". Bu ifadə müəllimliyin necə müqəddəs bir peşə olmasının göstəricisidir. Hətta deyərdim ki, müəllim bir bələdçidir. İşini və yolunu bilən bələdçi ilə edilən səyahət xoşbəxt sonluqla bitər. Müəllimlər əsl ayna rolunu oynamalıdır. Ayna qırıq olarsa, ona baxanlar baxdıqları üçün peşman olarlar. İnsan kimlərisə öyrədəndə zövq alır. Ona görə də müəllim ədalətli, düzgün olmalıdır, öyrəndiklərini paylaşmalıdır.Kənd və ya şəhər məktəbi olmasının fərqi yoxdur, məsuliyyət eynidir. Şagirdləri öyrətmək, onların psixologiyasına bələd olmaq, qarşılıqlı əməkdaşlıq hər yerdə eynidir.Müəllim cəmiyyətin memarıdır. Bütün peşə sahibləri nəyisə ərsəyə gətirmək üçün bilik və bacarığını səfərbər edirlər. Müəllimin isə şah əsəri bilik verib sabahına işıq tutduğu, cahillikdən, nadanlıqdan qurtardığı, sözün əsl mənasında, çörək verdiyi mənəm, sənsən, odur, bizik. Yəni bəşəriyyət ona möhtacdır.
Bu yazımda onlar haqqında nəyisə rəngli, boyalı yazmaq fikrindən min ağac uzağam. Bizə şəhidlik zirvəsinin ucalığını da onlar göstərdi. Bizə Vətən uğrunda ölməyi, vuruşmağı, bizə müstəqilliyi qanımız bahasına almağı və qorumağı da müəllimlər öyrətdi.
Böyük Mustafa Kamal Atatürk müəllimlərə müraciətində belə deyirdi: “Cümhuriyyət sizdən fikri azad, vicdanı azad, irfanı azad nəsillər istəyir”.Sevinirəm ki, bu gün asayişi qoruyan, sabitliyin keşiyində ayıq-sayıq dayanan həmkarlarımızın yetişməsində böyük əməyi, zəhməti, işığı olan savadlı, səmimi, dünya təhsil sisteminə inteqrasiya edən müəllimlərimiz, öyrətmənlərimiz var.Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu bundan sonra da xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edərək respublikamız üçün layiqli vətəndaşların yetişdirilməsində səy və bacarıqlarını əsirgəməyəcəkdir.
Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür - pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər.
Bu gün cəmiyyətimizdə sadaladığım əsl müəllimlik adına layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən, başda ömrünün 45 ilini pedaqoq kimi fəaliyyət göstərən anam Irada Baqirovanı, eyni zamanda bu adın ən layiqli davamçılarından olan dəyərli insan,zəhmətkeş alim İbrahim Cəfərovu, yetirmələrinin bütün uğurlarını izləyən, diqqətini, məsləhətini əsirgəməyən dəyərli alim, ziyalı dekanım və qələm dostum Bayram Apoyev Ağrıdağı, bütöv insan, səmimi dövlət məmuru, savadlı pedaqoq, vüqarlı dostum Gunduz Aliyevi, peşəkarlığı, savadı, əsl ziyalı xarakteri ilə seçilən gənc pedaqoq Güntəkin Cəfərovanı və bütün müəllimləri ürəkdən təbrik edirəm.
Bayramınız mübarək, əziz müəllimlər və dəyərli həmkarlar...Gələcəyimiz sizlərə əmanətdir!
Peşələrin içində müqəddəsdir,
şərəflidir müəllimlik peşəsi.
Öz nurundan qaranlığa işıq salır.
Bir şam kimi o əriyir.
Yox olmayır,
İşığından neçəsinə həyat verir.
Peşələrin ən zərifi,
ən gözəli müəllimlik peşəsi.
Zərifdir o zəif deyil.
Qırılmaz o,
Güclüdür o polad kimi.
Əyilməz o,
Nə olsun ki, bəzən susur.
Bəlkə onun cahillərə cavabıdır?
Çətinliyə düşsə belə, qürurludur.
İtirməyir vüqarını.
Etibarlı bir sirdaşdır.
Həm atadır, həm anadır.
Dayaq olur bəzən quru bircə sözlə.
Bir zinətdir, xəzinədir,
Peşələrin peşəsidir müəllimlik peşəsi...
Aygül Bağırova