Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Paşinyanın öz diplomatik uğuru adlandırdığı Brüssel platformasını niyə dəstəklədi?

Azərbaycan Paşinyanın öz diplomatik uğuru adlandırdığı Brüssel platformasını niyə dəstəklədi?


İkinci Qarabağ müharibəsi bitdikdən və 10 noyabr 2020-ci il Bəyanatı imzalandıqdan sonra təslimçi məğlubiyyətə uğrayan Ermənistanın ümidi siyasi və diplomatik müstəvidə özünün dəstəkçiləri vasitəsilə Azərbaycan üzərində uğur əldə edəcəyinə qaldı. Bu yolla müharibədə itirdiklərini təlafi etməyi düşünən Ermənistan, Rusiya sülhməramlılarından da həmin ərazilərdə növbəti təxribatlar zamanı qalxan kimi istifadə etmək və bu yolla da asanlıqla münaqişənin hələ də mövcud olması görüntüsünü yaradacağını düşünürdü. Münaqişənin həll olunmaması və hələ də davam etməsi də İrəvana “ATƏT-in Minsk Qrupu”na nəfəs vermək üçün lazım idi.

Özü üçün müxtəlif ssenarilər quran Ermənistan yaranmış yeni reallıqları ya anlamır, ya da ki, daha çox qəbul etmək istəmirdi. Ancaq təbii ki, regionda baş verənlər artıq nə Ermənistandan, nə də ki, onun utopik istəklərindən asılı deyildi. Həm reallıq, həm də şərtlər dəyişdiyindən, hər şey ermənilərin istəklərinin əksinə cərəyan etməyə başladı. 10 noyabr Bəyanatından sonra, ötən ilin əvvəlində və sonunda imzalanmış iki Bəyanatla paralel Azərbaycan Ermənistana azad edilmiş ərazilərdə hansısa bir təxribat törətməyə imkan verilmədi. Sülhməramlılardan özlərinin çirkin məqsədləri üçün istifadə etmək imkanları da Azərbaycan tərəfindən tam məhdudlaşdırıldıqdan sonra Ermənistan üzünü yenidən Qərbə tutdu və orada imdad axtarmağa başladı.

İlk bəyanatdan bir il keçdikdən sonra Brüssel platforması təklif edildi və Ermənistan bunu heç bir şərt olmadan qəbul etsə də, Azərbaycan da bəlli şərtlər daxilində buna razılıq verdi. Ermənistanın siyasi rəhbərliyi bunu ölkə daxilində özlərinin diplomatik uğurları kimi təbliğ etsələr də, təbii ki, Azərbaycanın razılığı olmasa heç bir platformadan söhbət gedə bilməzdi. Necə ki, artıq iki ildir Ermənistanın və ermənipərəst quvvələrin diriltməyə çalışdıqları “Minsk qrupu” Azərbaycan imkan vermədiyinə görə ölü olaraq qalır. Azərbaycanın Brüssel platformasına razılıq verməsinin əsas səbəbi, Prezident İlham Əliyevin bu illər ərzində keçmiş münaqişənin həllinə çalışan və görüntü üçün deyil, konkret nəticələrə hədəflənmiş bütün səmimi platformalara açıq olması ilə bağlı idi. Bununla yanaşı bizim prinsipial və qətiyyətli şərtlərimiz də bütün dünyaya bəlli idi.

Brüsseldə regionun siyasi leksikonundan çıxardığımız ifadələri gündəmə gətirəcəyini arzulayan Ermənistan anladı ki, o ifadələr nəinki regionun, ümumilikdə dünyanın siyasi leksinonuna yadlaşıb artıq. Əksinə, “dağlıq Qarabağ”, “status” və “ATƏT-in Minsk Qrupu” kimi saxta ifadələrin yerinə, Zəngəzur dəhlizi, Qərbi və Şərqi Zəngəzur və Azərbaycanın dünyanın gündəminə gətirmək istədiyi digər ifadələr müzakirə edilir Brüsseldə. İndiyə qədər dörd görüşün keçirildiyi Avropanın siyasi paytaxtında Azərbaycanın istəmədiyi bir ifadə belə gündəmə gətirilməyib. Bundan başqa Azərbaycan özünün praqmatik xarici siyasət kursu və uğurlu diplomatiyası ilə hazırda qlobal qarşıdurmaların fonunda siyasi və idarəetmə mərkəzi olan Avropanın etibarlı tərəfdaşı rolunu qazanıb. Hazırda ciddi enerji böhranı ilə qarşı-qarşıya qalan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından olan Azərbaycanın bu rolu ilə müqayisədə nəinki onun mənfur maraqları, ümumilikdə Ermənistanın özü çox cılız və əhğmiyyətsiz görünür!

Bütün bunlara görə Brüssel platformasını dəstəkləməklə əslində Azərbaycan Ermənistan üzərində növbəti diplomatik uğuru və təntənəni də qeyd edir. Bunu bütün Brüssel görüşləri, onların nəticələri və ən son da, Praqa sammiti təsdiq etmiş oldu. Ermənistanın Baş naziri Prezident İlham Əliyev tərəfindən onun himayədarlarının da iştirak etdiyi bir ortamda Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımağa məcbur edildi. Əsası Münhen təhlükəsizlik konfransında qoyulmuş bu siyasi və diplomatik qələbəni qazanan iradə, 44 gün ərzində döyüş meydanında dalana dirədiyimiz düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdiyi kimi, indi də siyasi və diplomatik müstəvidə dalana dirənən Ermənistanı Sülh sazişini imzalamağa məcbur etdir! Azərbaycan xalqı və dünya azərbaycanlıları, hətta Qarabağ ərazisində yaşayan erməni əslli vətndaşlarımızın mütləq əksəriyyəti də, Dəmir yumruğa sahib olan bu iradənin gücünə və qələbəsinə tam inanır!

Xəyal Bəşirov--Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri
Xəbəri paylaş