Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laqeydlik, insan cəmiyyətinin böyük bəlasıdır

Laqeydlik, insan cəmiyyətinin böyük bəlasıdır


İnsanın şəxsiyyətinin və mənliyinin dəyəri tutduğu əməllərin nəticəsi ilə ölçülür. Əgər insan cəmiyyət arasında öz hörmətinin azlığından narazıdırsa, heç kəsdən yox, birinci növbədə özündən küsməlidir. Çünki insan öz yerini hərəkət və davranışları ilə özü müəyyənləşdirir. Hər bir kəs öz həyatını, hərəkət və davranışlarını elə nizamlamalıdır ki, nə özünə, nə də başqalarına ziyan dəyməsin, əksinə, hər kəs xeyir götürsün. Belə xoş niyyətli insan olmaq, belə pak amallarla yaşamaq özü də bir gözəllik və xoşbəxtlikdir. Gözəllik isə sadəlikdən doğur və ailə tərbiyəsi, elm, əhatə və s. ilə də sıx bağlıdır. Geniş mənada insanın sadəliyi ağıl və ürəyin eyni məqsədlərə qulluq etməsindən, mənəvi kamillikdən, həyatı daha düzgün və dolğun başa düşməkdən irəli gəlir. Sadəlik - daxili saflığın zahiri nəticəsidir və öz gücünü Allahda alır, ona görə də paxıllıqdan, eqoistlikdən və başqa mənfi əlamətlərdən uzaq olur.

Yuxarıda qeyd etdiyim kimi, sadəliyin yaranmasının mühüm amillərindən biri də elmi biliklərə yiyələnməkdir. Ağıllı, kamil insan nə qədər çox elmlərə yiyələnirsə, anlayır ki, hələ bilmədiyi, öyrənmədiyi çox şeylər var, onun gücü bizi əhatə edən ilahi güclər qarşısında heç maddi nöqtə də deyil və elə ona görə də Yaradana tabe olaraq, sadəliyi üstün tutur. Zəif dünyagörüşlü, dayaz düşüncəli, yarımçıq elmli insanlar isə təkəbbürlü, lovğa, eqoist olur və hər fürsətdə özlərini bilikli, dolğun düşüncəli insan kimi göstərməyə çalışırlar. Vay o günə ki, belə adamlar dövlət idarəçiliyində mühüm vəzifə tutalar...

Təəssüf ki, son zamanlar belə idarəçilərlə üzləşmək mənədə qismət olubdur. Təkəbbürlü, lovğa, eqoist insanlar tutduğu həyat sükanını sabit saxlamaq üçün yeri gələndə insanlıq xüsusiyyətlərindən imtina edərək, bir halda əzazil, zülmkar olur, başqa halda isə itaətkara çevrilərək başqalarının qarşısında qul kimi əmrə müntəzir dururlar. Sadə, amma kamil insanlar isə heç vaxt qul ola bilməz, başqalarının əleyhinə heç bir addım atmazlar, tam əksinə. Çünki daxilində daşıdığı sadəlik insanı digər insanlara daha da yaxınlaşdırır, onlar arasında dostluq, səmimilik əlaqələri yaradır. Belə adamlar həmişə sözünə və əqidəsinə bütöv olur, heç vaxt başqalarını darda qoymur. Təkəbbürlü, lovğa, eqoist adamların sözü isə heç vaxt bütöv olmur, çətinə düşəndə öz dostlarını, yaxınlarını belə meydanda qoyub qaçırlar. Amma sadaladığım xüsusiyyətlər arasında müasir cəmiyyətin formalaşmasında heç də az rol oynamayan laqeydlik anlayışı da mövcuddur. Laqeydlik haqda belə bir fikir var: “Laqeydlik - insanın mənəvi cəhətdən yaxşı yetişməməyinin sübutudur”. İnsan gördüyü və hiss etdiyi şeylərə qarşı fəal münasibət bəsləməlidir. Laqeydlik, insan cəmiyyətinin böyük bəlasıdır.

Əgər bir şəxs öz şəxsi mənafeyini güdüb, Dövlət xidmətinə ziyan vura biləcək hər hansı bir şeyə laqeydlik göstərirsə, o insan əsil insanlıq simasından uzaqdır. Doğrudur, insanlarda laqeydliyin meydana gəlməsinə səbəb olan amillər, bəzən ətraf mühitin təsiri ilə də əlaqələndirilir. Əsil insan ətrafında baş verən hadisələrə göz yummamalı, mübariz və mətin olmalıdır. Dövlətə və xidmətə ziyan vuranlara qarşı laqeyd qalmaq, sənin də cəmiyyətimiz üçün faydasız olduğuna bir işarədir. Bu isə əsil insanlıq adına ləkədir və sənin prinsipial olmadığını nümayiş etdirir.

İnsan görəcəyi işin xeyirxahlığına və düzgünlüyünə inanmalıdır ki, prinsipial olsun. Prinsipiallıq məqsəd saflığı, məqsəd birliyi deməkdir. Doğrudan da, əgər sənin uğrunda mübarizə apardığın iş faydalıdırsa, sən çəkinmədən hamının qarşısında öz məqsədini müdafiə etməlisən. Amma bu dediklərim o qədər də asan başa gəlmir, mübarizə tələb edir. Doğrudur, həyatla mübarizə aparmaq çox çətindir, lakin mübarizəsiz də yaşamaq mümkün deyildir. İnsan mübarizələrlə mətinləşir, bərkiyir, öz taleyini müəyyənləşdirmək iqtidarında olur. Həyat, bəzən belə insanları çox çətin sınaqlara çəkir. Öz məqsədi uğrunda mübarizə aparan kəs həm də uzaqgörən olmalıdır, çünki bəzən qələbədən qabaq müvəqqəti çətinliklərin sonrakı nəticələrini belə kəslər duyub, hiss edə bilirlər.

Məsələn, ümummilli liderimiz Heydər Əliyev və xalqımızın, eyni zamanda müasir dünyanın ən güclü liderlərindən olan İlham Əliyevi xüsusi qeyd etmək yerinə düşər. Hər iki lider tarixin ən çətin sınaqlarından şərəflə keçərək, dünya tarixinə yeni bir səhifə yazmağı, dövlətini və xalqını ən yüksək zirvəyə qaldırmağı bacardı. Dar düşüncəli, öz burnundan uzağı görməyən şəxslər müəyyən məqsəd uğrunda apardığı mübarizədə elə ilk uğursuzluqda ya ruhdan düşüb süstləşirlər, ya da başqalarının uğurlarına kölgə salmağa çalışırlar. İnsan, insanlıq borcunu heç zaman unutmamalı, cəmiyyət qarşısında öz vəzifəsini başa düşməlidir.

Vətənə, Anaya məhəbbət, darda qalanın əlindən tutmaq, ümidsizə kömək etmək, uşaqlara və qocalara qayğı göstərmək, təbiəti mühafizə etmək və s. insanın əsas borcu və vəzifəsi olmalıdır. Düzdür, həyat hər bir kəsin öz dəyərini müəyyənləşdirir və insanın cəmiyyət arasında mövqeyini dəqiq təyin edir. Həyatda yaxşı mövqe tuta bilməyənlər öz hərəkət və fəaliyyətlərini düzgün istiqamətləndirməyi bacarmayanlardır. Zamanın dəyərini qiymətləndirməyi bacarmaq, yaşanan ömrün dəyərini qiymətləndirməyi bacarmaq deməkdir.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş