Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Türkiyə birliyi sarsılmazlığını bu dəfə də Zəngilan və Cəbrayıldan dünyaya nümayiş etdirdi

Azərbaycan-Türkiyə birliyi sarsılmazlığını bu dəfə də Zəngilan və Cəbrayıldan dünyaya nümayiş etdirdi


Azərbaycan-Türkiyə birliyi sarsılmazlığını bu dəfə də Zəngilan və Cəbrayıldan dünyaya nümayiş etdirdi. Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etdilər. Həmçinin Türkiyə Prezidentinin Azərbaycana səfəri çərçivəsində dövlət başçıları “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər, Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar. Bundan başqa Türkiyə və Azərbaycan prezidentləri Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimlərində birgə iştirak ediblər. Bütün bu tədbirlər Azərbaycan və Türkiyənin həm dar gündə, həm də xoş günlərdə, quruculuq işlərində hər zaman bir yerdə olduqlarının və bundan sonra da bir olacaqlarının bütün dünyaya növbəti nümayişi oldu.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın böyük Zəfərlə yekunlaşdırdığı 44 günlük Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə ölkəmizin postmüharibə mərhələsində start verdiyi bərpa işləri, tarixi Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanla Türkiyənin bir-birinə necə möhkəm tellərlə bağlı olduqlarını bütün dünyaya bir daha göstərdi.

Azərbaycan və Türkiyə tarixboyu həm çətin, həm də xoş günlərdə həmişə bir-birilərinin yanında olublar. İki ölkə, iki
xalq xoş günlərin sevincini birgə bayram etdiyi kimi, ən çətin məqamlarda da bir-birilərinə arxa, dayaq durmağı bacarır. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük
müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir

Azərbaycanla Türkiyə arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən danışarkən bir məqamı xüsusilə diqqətə çatdırmaq lazımdır. Bu da ondan ibarətdir ki, hər iki ölkədə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, eyni zamanda, cəmiyyətlər də buna böyük maraq nümayiş etdirirlər. Ölkələrimiz arasında siyasi dialoq yüksək dinamizm ilə fərqlənir. Qarşılıqlı hörmətin və etimadın ifadəsi olaraq Azərbaycan Prezidenti dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Bu ənənə digər səviyyələrdə də davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Zəngilan şəhərinin işğaldan azad edilməsinin ikinci ildönümündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cəbrayıl və Zəngilana səfər etməsinin xüsusi məna kəsb edən önəmli hadisə olduğunu qeyd etdi. Dövlətimizin başçısı bir daha diqqətə çatdırdı ki, Zəngilanın azad olunması Vətən müharibəsinin gedişində həlledici qələbələrdən biri olub. Bu zəfərdən bir neçə gün sonra Qubadlı erməni işğalından azad edildi və Azərbaycan Ordusunun bir qruplaşması Laçına, digər qruplaşma isə Şuşaya istiqamət götürdü. Alınmaz qala sayılan Şuşa noyabrın 8-də erməni işğalından azad edildi. Azərbaycanın Şuşa Zəfərindən sonra Ermənistan təslim oldu. Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, bu şanlı tarix Azərbaycan və Türkiyənin müştərək tarixidir. Çünki İkinci Qarabağ müharibəsi başlanan ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri durdurdu. Bu, o deməkdir ki, ölkələrimiz faktiki olaraq hər zaman biri digərinin müdafiəsində durmağa hazır olub”.

Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyətindən də danışan “Dövlətimizin başçısı da vurğuladı ki, Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Qeyd edək ki, bu birlik Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə əsl müttəfiqlik səviyyəsinə yüksəlib. Siyasi dialoqun dinamizminə uyğun olaraq iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq davamlı olaraq genişlənir. Qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Belə ki, indiyədək Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın perspektiv inkişafını özündə ehtiva edən bir sıra sənədlər imzalanıb.

Zəngilan aeroportunun açılış mərasimi Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli bir günə – Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümünə təsadüf edirdi.

Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər” fikirləri özündə bütün məqamları ehtiva edir. Bu baxımdan ki, istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə dünya erməni vəhşiliklərini, onların törətdikləri təxribatları görür. Amma susmaqla Ermənistana dəstəklərini ifadə edirdilər. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun bu illər ərzində fəaliyyətini Ermənistana dəstək istiqamətində qurduğu bütün addımlardan aydın görünürdü. Həm rəsmi Bakı, həm də rəsmi Ankara dəfələrlə ən yüksək tribunalardan ikili standartlara əsaslanan siyasətin qəbuledilməzliyini önə çəkərək buna son qoyulmasına bir çağırış edirdilər. Amma dəyişən nə oldu? Təbii ki, heç nə. Maraqların beynəlxalq hüququ üstələdiyi bir dünyada hər hansı məsələnin ədalətli həllini gözləmək mümkün deyil. Ən əsası bir halda ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 28 il gözləməli oluruq, bu halda dünyanın, sözün əsl mənasında, hüquq problemini yaşadığını böyük əminliklə qeyd edə bilərik. Türkiyə Prezidentinin məlum bəyanatında bu kimi məqamlar öz əksini tapdı. Bəyan edildi ki, bu işləri mütləq ədalət mühakiməsinə verərək, bunların təzminatını tələb etmək lazımdır. Bunların təzminatını istəyərək onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır, hamımız birlikdə tanıtmalıyıq.

Belə bir şad gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması iki ölkə arasında dostluq və qardaşlığın əbədiliyinin göstəricisidir. Eyni zamanda, Azərbaycan-Türkiyə birliyinə heç bir qüvvə tərəfindən xələl gətirilə bilməməsi barədə dünyaya verilən bir nümunədir. Prezident İlham Əliyevin də dediyi kimi, Şuşa Bəyannaməsi hər iki ölkənin xalqlarına ciddi gözaydınlığı, eyni zamanda, bütün dünyaya ciddi mesajdır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin səsləndirdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ifadələrinin Şuşa Bəyannaməsində xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirilməsi iki qardaş ölkə arasındakı bütün strateji əlaqələrin ən yüksək səviyyədə durduğunu və artıq bu əlaqələrin yeni tarixi mərhələyə keçid etdiyini göstərir. Bu gün ölkəmizin hər bir guşəsində yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin, xalqlarımızn birliyinin ən bariz nümayişidir”,

Güloğlan Cabbarlı-Dünya və Avropa çempionu
Xəbəri paylaş