Gürcüstan Azərbaycanın strateji tərəfdaşı, mehriban qonşusu və qardaş ölkələrdən biridir. Qədim və zəngin tarixə malik olan bu dostluq illərin sınağından çıxaraq region üçün örnəyə çevrilibdir.
Hər iki ölkəni yaxınlaşdıran ən mühüm məqamlardan biri 500 minədək soydaşımızın bu ölkədə yaşamasıdır. Əsrlər boyu bir yerdə yaşayıb-yaradan, milli-mənəvi adət-ənənləri zənginləşdirən gürcü və azərbaycan xalqı regionda digər xalqlar üçün nümunədir.
Müstəqillik illərində Ulu öndər Heydər Əliyevin sayəsində yeni mərhələyə qədəm qoyan Azərbaycan-Gürcüstan münasibətləri Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək ən yüksək tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Rəsmi Tbilisinin ölkəmizə qarşı mövqeyi hakimiyyət dəyişikliklərindən asılı olmayaraq heç vaxt dəyişməmiş, daha da əlaqələrin hərarəti ilbəil artıbdır.
Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin rəhbər posta seçilməsindən sonra regiona ilk səfərini Azərbaycana etməsi çox mühüm siyasi məna kəsb etmiş, eləcə də Baş Nazir İrakli Qaribaşvilinin Azərbaycana səfəri iki ölkə arasında tarixi-siyasi və strateji dostluq əlaqələrinin sarsılmazlığından xəbər verir.
Onu da xüsusi vurğulamaq istərdim ki, iki ölkə arasında mədəni-humanitar və ictimai-siyasi əlaqələrin zirvəyə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da xüsusi xidmətləri vardır. Mehriban xanım Gürcüstanda həyata keçirilən humanitar aksiyaların təşəbbüskarı və təşkilatçısıdır, Onun Gürcüstanın nüfuzlu ictimai-siyasi xadimləri, Katolikos II İlya ilə görüşü gürcü cəmiyyətinə olan hörmətini ifadəsi hesab edilə bilər. 2019-cu ilin fevralın ayında Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın görüşü iki ölkə arasında dostluğun, yaxın və səmimi münasibətlərin nümunəsidir.
Prezident İlham Əliyevin dünən Gürcüstana səfəri isə iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə açacaq. Cənab Prezidentin həmkarı İrakli Qaribaşvili ilə görüşdə bəyan etdiyi kimi bizim strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıb və bizi qarşıda daha yeni uğurlar gözləyir.
Sözsüz ki, Azərbaycan Gürcüstanın beynəlxalq birliyə inteqrasiyasında və müasir geocoğrafiyada mövqeyinin möhkəmlənməsində qardaş Türkiyənin rolu xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan-Gürcüstan-Türkiyə mehriban qonşuluq siyasəti regionun təhlükəsizliyi, sabit və davamlı inkişafında, Avropanın bu regiona sıx bağlanmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TAP təkcə bu 3 ölkənin deyil, həm də Avropanın layihəsidir. Yəni, bu Üçlük Formatı həm də Avropa Birliyinin siyasi landşaftını müəyyən edir.
Hazırda hər 3 ölkə birgə hərbi təlimlər keçirməklə regionda yeni siyasi düzənin mesajlarını verir, sabitlik və gələcək möhkəm təhlükəsizlik üçün fundamantal açar rolunu oynayır.
Azərbaycan-Gürcüstan strateji müttəfiqliyi Ermənistan üçün də sülh və sabitlik təminatı verir. Baş nazir Qaribaşvilinin Cənab İlham Əliyevin təşəbbüsü ilə aparılan sülh danışıqlarını, xüsusilə də Praqada irəli sürdüyü sülh təşəbbüsünü alqışlayaraq Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə fikirləri də təsdiqləyir ki, Ermənistanın nicatı bu formata qoşulmaqdır.
Cənab İlham Əliyevin bəyan etdiyi kimi Ermənistan siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan beş əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsi imzaladığı halda bölgədə yeni Əməkdaşlıq Formatı yaranacaq. Hazırda Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələri də bu əməkdaşlığın başlanğıcı ola bilər.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki