Kreml sözçüsü Dmitri Peskov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ehtimal edilən görüşü ilə bağlı növbəti açıqlama verib. O, bildirib ki, Rusiya belə bir görüşün baş tutacağına inanır.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevi və Ermənistan baş naziri Nikol Paşinyanı görüşə dəvət etməsinə dair məlumat yayılmışdı.
Moskvanın tələsdiyi və təlaşlandığı göz önündədir. Əlbəttə, bu, təsadüfi deyil.
Qərbin Cənubi Qafqazda artan fəallığı, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində Avropa İttifaqının təşəbbüskarlığı Kremli narahat edir. Rusiya regionda onilliklər boyu qoruduğu təsir dairəsinin zəifləməsi ilə barışa bilmir.
Əvvəllər Rusiyanı düşündürən məsələ bölgədə sabitliyin təmin olunmaması idi. İndi isə bu, şimal qonşumuz üçün vacibliyini itirib. Moskva Bakı ilə İrəvan arasında səmimi vasitəçi olmağa hazırdır. Yetər ki, proseslər öz nəzarətində olsun və Qərbin regiondakı rolu artmasın.
Şərqi Avropada davam edən savaş, sözsüz ki, Rusiyanın işini daha da çətinləşdirib. Bu dövlət artıq sivil dünyadan təcrid olunur. Estoniya parlamenti Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb. Dünən Polşa senatı da oxşar məzmunlu qətnamə qəbul etdi. Belə bir şəraitdə qonşuları ilə münasibət Kreml üçün həyati əhəmiyyətlidir.
Bir müddət əvvəl Prezident İlham Əliyev demişdi ki, bu ilin sonuna qədər Ermənistanla yekun sülh müqaviləsi imzalana bilər. Ermənistandan da oxşar məzmunlu siqnallar gəlib. Bu, Rusiyanı tələsdirən əsas məqamlardandır. Çünki Moskva tərəflər arasında yekun sülh müqaviləsinin moderatoru olmasa, Cənubi Qafqazdakı nüfuzunu tamamilə və əbədi itirə bilər.
Düşünürəm ki, bu ayın sonu və ya gələn ayın əvvəli Rusiyada üçtərəfli formatda görüş baş tuta bilər. Moskva regionda yenə də aparıcı dövlət olmaq istəyirsə, nəhayət, indi səmimi olmalı və sülh istiqamətində ciddi addımlar atmalıdır. Bu, bəlkə də, Kremlin son şansı şansıdır...
Yeri gəlmişkən, xatırladaq ki, Aİ ilə Azərbaycan arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyub. Müharibə ilə bağlı olaraq rəsmi Bakı artıq Qərbin əsas qaz təchizatçısına çevrilib. Bu isə o deməkdir ki, bizim Rusiyaya yox, Rusiyanın bizə ehtiyacı var.
Kənan Novruzov-siyasi ekspert