Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük qayıdışa dair I Dövlət Proqramı haqqında qısa xülasə, çatışmayan məqamlar

Böyük qayıdışa dair I Dövlət Proqramı haqqında qısa xülasə, çatışmayan məqamlar


Dövlət Proqramı infrastruktur, iqtisadi reinteqrasiya, Sosial inkişaf və Ətraf mühitin tarazli inkişafi olmaqla 4 əsas hədəf üzrə hazırlanıb.
Böyük Qayıdışla bağlı təsbit olunmuş 2 məqsəd - əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində 16 alt məqsəd əsas götürülmüşdür.

Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün tədbirlər Planı 6 prioritet istiqamət üzrə hazırlanmışdır. Ümumilikdə Proqram çərçivəsindən 276 tədbirin icrası nəzərdə tutulur.

Bu tədbirlərin nəticəsi olaraq sonda ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili, yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması, ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası, ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi kimi məsələlərin öz həllini tapması planlaşdırılır.

Bu tədbirlərin maliyyələşmə mənbələri kimi 8 müxtəlif mənbə göstərilsə də, dövlət büdcəsi və Dövlət Neft Fondunun vəsaitlərinin xüsusi çəkisinin böyük olması gözləniləndir. Müxtəlif fondların, qurumların vəsaiti, yerli və xarici investisiyalar da maliyyə mənbəyi kimi çıxış edəcəkdir.

Təbii ki, 33 vərəqlik Proqramı belə qısa yazıya yerləşdirmək olmaz. Odur ki, fikrimizi ümumiləşdirsək, sənədin əhatə etdiyi istiqamətlər qənaətbəxşdir. Amma risklərlə bağlı vacib bir məqam əks etdirilməyib.

Belə ki, burada minalardan təmizləmə müddəti, idarəetmədə çətinliklər, maliyyə və iqtisadi olmaqla 3 risk istiqaməti göstərilib. Amma ən böyük risk – sülhə təhdid riskləri nəzərə alınmayıb. Sülh müqaviləsinin bağlanması bu proqramın icrası üçün ən vacib faktordur. Hazırda ən böyük risk amili məhz budur. Sülh müqaviləsinin bağlanması ilə bağlı müddətin qeyri-müəyyən olması tədbirlərin reallaşdırılma müddətini risk altında qoyacaq. Sülh müqaviləsinin müddəalarında təsbit ediləcək məqamlar bu proqram da korrektələrə ehtiyac yarada bilər.
Bir sözlə, sülhə təhdidlə bağlı riskləri nəzərə almasaq, proqram tədbirlər planına uyğun icra edilə bilər.

Eldəniz Əmirov-iqtisadçı
Xəbəri paylaş