“Avropa İttifaqı Azərbaycanla mövcud olan siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlığın səviyyəsini yüksəltməklə bərabərhüquqlu əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində çox maraqlıdır. Azərbaycan ictimaiyyəti bunu həm Prezident İlham Əliyevin Avropa paytaxtlarına, həm də avropalı siyasətçilərin Azərbaycana səfərləri zamanı aydın şəkildə müşahidə edir. Elə Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələr də bu baxımdan istisna təşkil etmədi. Sirr deyil ki, bu dəfəki görüşdə də Azərbaycanın Avropa İttifaqı ilə perspektiv əlaqələri, eləcə də Ermənistanla sülh sazişinin imzalanması imkanları müzakirə olundu”.
Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, görüşdə Prezident İlham Əliyev avropalı siyasətçilərə Avropa İttifaqı ilə əməkdaşlıq münasibətlərinə dair real gündəliyi və perspektiv yol xəritəsini detallı şəkildə izah edib:
“Bu görüşdə müzakirə olunan gündəlik fonunda Prezident İlham Əliyev müstəqil xarici siyasət yürüdən dövlətin başçısı kimi milli maraqların qorunması və realizəsi nümunəsini nümayiş etdirib. Avropalı siyasətçilərə aydın şəkildə izah olunub ki, Azərbaycanın xarici siyasəti müstəqildir və o, heç bir qüvvənin təsiri ilə hansısa bloka, yaxud birliyə qoşulmayıb. Yəni, real olaraq görünür ki, Avropanın aparıcı paytaxtlarının dominantlığı ilə müəyyən şərtlər daxilində Şərq Tərəfdaşlığına üzv ölkələrin bəziləri Assosiasiya Sazişini imzalayıb, digərləri isə Moskvadan gələn direktivlərlə Avrasiya İqtisadi İttifaqına üzv olublar. Məsələn, Moskvanın forpostu olan Ermənistan Rusiyanın təzyiqləri ilə Avrasiya İqtisadi İttifaqını prioritet kimi seçib. Yaxud da ki, Gürcüstan, Moldova, Ukrayna kimi ölkələr Rusiyanın təsirlərinin neytrallaşdırılması üçün bir çox öhdəliklər qarşılığında Assosiasiya Sazişini imzalayıblar. Lakin Azərbaycan yeganə ölkədir ki, heç bir formata qoşulmayıb. Buna səbəb isə odur ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil xarici siyasət yürüdür. Ölkəmizin iqtisadi göstəriciləri, siyasi və iqtisadi sabitlik, ərazilərin işğaldan azad olunması xarici siyasətin praqmatizm üzərində qurulduğunu və konkret hədəflərə hesablanmış olduğunu bir daha nümayiş etdirir”.
“Bu gün Azərbaycan Şərq Tərəfdaşlığı qrupuna daxil olan nadir ölkədir ki, Avropa İttifaqına üzv olan ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında bəyanat, yaxud saziş imzalayıb” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Assosiasiya Sazişini imzalamış ölkələrdən fərqli olaraq Azərbaycan Şərq Tərəfdaşlığı proqramını Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək üçün əlavə imkan hesab edir: “Azərbaycan yeni geosiyasi şəraitdə imkanların müzakirəsi fonunda Avropa Komissiyası ilə əlavə əməkdaşlıq mexanizminin əldə edilməsini vacib hesab edir. Digər tərəfdən Azərbaycan üzərində uğurla, lakin ləng iş gedən Avropa İttifaqı ilə sazişin də qarşılıqlı maraqlar çərçivəsində imzalanmasının vacibliyini qətiyyətlə irəli sürür. Azərbaycan açıq şəkildə bildirir ki, imzalanması planlaşdırılan saziş qarşılıqlı əlavə fayda verməlidir. Bu mənada Prezident İlham Əliyev qətiyyətlə avropalı siyasətçilərin diqqətinə çatdırıb ki, Azərbaycan orta və ya uzunmüddətli perspektivdə iqtisadi çətinliklər yarada biləcək hər hansı bir sənədi imzalamayacaq”.
Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev bir müddət öncə Ermənistanda olan, erməni yalanlarını dinləyən və sülh sazişinin imzalanması üçün “tələsən” avropalı siyasətçilərə real və perspektiv mənzərəni də izah edib:
“Prezident İlham Əliyev aydın şəkildə izah edib ki, hazırda Ermənistanın sülh sazişi ilə bağlı çıxışları və təklifləri səmimi deyildir. Çünki Azərbaycan qalib ölkə olmasına baxmayaraq, müharibədən dərhal sonra Ermənistana sülh sazişi imzalamağı təklif edib. Lakin erməni tərəfi bu təklifi, daha doğrusu tarixi imkanı dəyərləndirə bilməyib. Buna səbəb isə odur ki, Ermənistanın müstəqil xarici siyasət kursu yoxdur, xüsusilə də Azərbaycanla münasibətlərin nizamlanmasında təkbaşına qərar verə bilmir. Paradoks ondadır ki, Ermənistan həm Praqa, həm də Soçi sənədlərində Azərbaycanın suverenliyini təsdiqləsə də, reallıqda sülh sazişini imzalamağa “icazə” ala bilmir. Elə Prezident İlham Əliyevin görüşdə “Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında, yəni, Azərbaycanın bu işdə yardımçı ola bilən hesab etdiyi həmin ölkələr və qurum arasında konsensus olmalıdır” fikrini söyləməsi bir daha geosiyasi reallıqların necə və nədən ibarət olduğunu avropalı siyasətçilərə nümayiş etdirib. Bir sözlə, Azərbaycan istər Avropa İttifaqı, istərsə də Ermənistanla bağlı gündəliyini açıq şəkildə təqdim və qətiyyətlə müdafiə edir. Bundan sonrası isə ancaq Avropanın aparıcı paytaxtlarının, eləcə də İrəvanın siyasi iradə və qətiyyət nümayiş etdirməsindən asılı olacaq. Bunu da zaman göstərəcək”.
Ruhiyyə Mehdiyeva