Artıq iki aydır ki, İranda səngiməyən iğtişaşların hansı nəticə ilə bitəcəyi mütəxəsislərin mübahisə mövzusudur. Təbii ki, proseslərin necə nəticələnəcəyi barədə birmənalı fikir söyləmək mümkün deyil, ancaq müəyyən nəticələri təxmin etmək mümkündür.
Milli Cəbhə Partiyasının (MCP) üzvü, hüquqşünas Vüqar Dadaşov Newscenter.az-a bildirib ki, İranda gedən iğtişaşların xarici qüvvələr tərəfindən meydana gətirilməsi, idarə olunması haqqında səslənən fikirlər tamamilə əsassızdır:
“Belə ki, İranın indi üzləşdiyi proseslər molla rejiminin apardığı siyasətin məntiqi nəticəsidir və birmənalı olaraq ölkədaxili sosial, iqtisadi, hüquqi problemlərin təzahürüdür. Sözsüz ki, bu sırada teokratik rejimin fəsadları qarşısıalınmaz iğtişaşları şərtləndirən əsas amildir. Doğrudur, gedən proseslərin nəticələri Tehran molla rejimi üçün təhlükəli nəticələrə səbəb ola bilər. Proses o halda sürətlənə və lazımi nəticə verə bilər ki, vahid koordinasiya mərkəzi və onun liderləri müəyyənləşsin. Ancaq hələ ki, iğtişaşlarda pərakəndəlik müşahidə olunur və xarici qüvvələrin bir başa müdaxiləsi hiss olunmur. Baxmayaraq ki, bəzi ölkələrin prosesə təsiri var. ABŞ-ın İrandakı iğtişaşlarda əlinin olması mübahısəlidir, ancaq ABŞ uğtişaşlarla İranı dağıtmaq fikrində deyil, sadəcə rejim dəyişikliyinə, siyasi idarə üsulunun yenilənməsinə maraqlıdır”.
Vüqar Dadaşov qeyd edib ki, İranı regionun siyasi xəritəsindən silmək mövzusu Qərb üçün aktual ola bilməz:
“Bunun izahı İranın yaradılması səbəbindədir. Böyük Britaniya, Fransa, Almanya və bir sıra digər dövlətlərin indiki İranı yaratmaqda məqsədi Türkiyəyə, türk dünyasına qarşı bir qüvvənin və islamın içindən parçalanmasının dərinləşməsini həyata keçirməkdir. İran onun üçün müəyyən edilmiş missiyanı yerinə yetirməyib və üstəlik Türkiyənin, Azərbaycanın güclənməsi İrana olan ehtiyacı saxlayır. ABŞ prezidenti Co Baydenin "Biz İranı azad edəcəyik" açıqlamasını isə ciddi qəbul etmək olmaz. Ona görə ki, bu kəlmə Co Baydenin seçki kompaniyası çərçivəsində səslənib və həm də ABŞ-ın qlobal gücə çevrilməkdə olan Türkiyənin qarşısını almağa hesablanıb. Qərbin İranın parçalanmasında maraqlı olmamasını proseslərin gedişi göstərir”.
Vüqar Dadaşovun sözlərinə görə, İranda 2 aydan artıq müddətə səngiməyən iğtişaşlarda 400 nəfərdən çox insanın SEPAH tərəfindən qətlə yetirilməsi, 15 min insanın ölüm hökmünə məhkum edilməsinə Qərb dünyasının demək olar ki, əhəmiyyətli müdaxiləsinin yoxluğu Qərbin həmin o marağının göstəricisidir:
“Ancaq buda o demək deyil ki, İran mütləq ayaqda dura biləcək. Sözsüz ki, son nəticəni xalq özü müəyyənləşdirəcək və yəqin ki, nəzərə alınmayan qüvvənin müdaxiləsi Qərbin maraqlarını hesabdan silə bilər”.
Anar Əliyev