Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir

Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir


Bu gün Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər rayonunun Ermənistanın işğalından azad edilməsinin 2-ci ildönümüdür. Qədim türk dilində “çay üstündə qala” mənası daşıyan bu qədim diyarda 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri mövcuddur. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərə təsadüf edir.

1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsindən ibarət olan Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra rayon talan edilərək, onun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanmışdı.

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, Ermənistan digər qətnamələr kimi onu da icra etmirdi.

Nəhayət, digər qətnamələr kimi, bu qətnamənin də icrasını Azərbaycan öz gücünə təmin etdi. Vətən müharibəsində əldə etdiyimiz Zəfər nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şücaət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu. 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının daim artdığını göstərir.

Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcər rayonunda da sürətli bərpa-quruculuq işləri gedir, infrastruktur layihələri icra olunur. Dövlətimizin başçısı və birinci xanım 80,7 kilometrlik Toğana-Kəlbəcər-İstisu avtomobil yolunun və onun üzərində Murovdağda inşa olunacaq 11,6 kilometr uzunluğunda tunelin təməlini qoyublar. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel tikilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyırlar.

Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərirlər. Aşıqlar diyarı olan Kəlbəcərdə mütləq aşıq mərkəzinin də tikilməsi nəzərdə tutulur.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş