Nikol Paşinyan İrəvanda keçirilən KTMT sammitinə xüsusi təmtəraqla hazırlaşmaqla təşkilatın Azərbaycanın əleyhinə qətnamə qəbul edəcəyinə əmin idi, onun digər dövlət başçılarından fərqli olaraq Rusiya Prezidenti Vladimir Putini qarşılamaq üçün hava limanına getməsi, xüsusi hazırlıq və qırmızı xalının düzülməsi də məhz KTMT-dən gözləntilərlə bağlı idi.
İrəvan gösləyirdi ki, KTMT “Azərbaycanın Ermənistan ərazilərini işğal etməsinə siyasi qiymət verəcək”. Lakin belə bir maddə təşkilat tərəfindən yekdilliklə rədd edildi və qonaqlar öz evində Paşinyanı həm acınacaqlı, həm də gülünc vəziyyətə saldılar. Ələxsus da Ermənistanın KTMT-də 14 aya yaxın dövrdə sədrliyi dövründə gözləntilərinin boşa çıxması bu ölkəyə ikiqat zərbə təsiri bağışlayır. Paşinyanın özünün də etiraf etdiyi kimi bu, onların ən böyük uğursuzluğudur.
Təşkilata Sədrliyin Belarusa keçməsi isə Ermənistanın KTMT-dən gözləntilərinin üstündən birdəfəlik xətt çəkilməsi deməkdir.
Nikolu məyus edən odur ki, KTMT üzv ölkə olan Ermənistana yox, qeyri-üzv Azərbaycana dəstək verir. Müttəfiq saydığı ölkələr Azərbaycanın strateji müttəfiqinə çevrilib. Bu təcavüzkar ölkənin rəhbərliyi hələ də anlamırlar ki, İrəvanın yanlış və separatçı siyasətinə dünyada Makron kimi riyakar, İran kimi islama xəyanətkar bir-iki ölkədən başqa heç dəstək vermək istəmir, haqq mübarizəsində Azərbaycanın yanındadır.
KTMT ölkələrinin də hər birinin Azərbaycanla yaxın dostluğu, strateji müttəfiqliyi vardır, Cənab İlham Əliyevin bu təşkilata üzv ölkələrin liderləri arasında xüsusi hörməti, etimadı vardır. Ələxsus da, öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın hazırda sərhədlərin delimitasiyası və sülh sazişinin imzalanması ilə bağlı irəli sürdüyü təkliflər ədalətlidir, obyektivdir, tarixi-siyasi gerçəkliyi ifadə edir. Ermənistan isə yüz illərdən bəri ərazi iddiası xəstəliyindən əl çəkə bilmir, acı məğlubiyyətdən, itkilərdən dərs çıxarmır, nasizmin bəla olmasını dərk etmir. Ona görə də, İrəvanın bu yanlış siyasəti rədd edilir. KTMT Ermənistan üçün özünü “oda atan” deyil.
Paşinyanın dəfələrlə bu hərbi-siyasi ittifaqı Azərbaycanla hərbi qarşıdurmaya sövq etməyə cəhd etsə də, hər zaman uğursuzluğa düçar olub, KTMT Azərbaycanın dövlət maraqlarına dərin hörmət edərək ərazi bütövlüyünə xələl gətirəcək davranış sərgiləməyib və son sammit zamanı da bunu təsdiqlədi. Sammitdə Rusiya Prezidenti Vladimir Putinin çıxışı zamanı səsləndirdiyi fikirlər də maraq doğurur. Putin bəyan etdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün Soçidə aparılmış üçtərəfli danışıqlar yaxşı bünövrə ola bilər. Soçi görüşünün nəticələri bəllidir, birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə olunur. Rusiya Prezidenti onu da bəyan edib ki, iki ölkə arasında sərhədin delimitasiyasının təmin edilməsi ilə paralel olaraq nəqliyyat və kommunikasiyalarının açılması zəruridir. Bu isə Azərbaycanın irəli sürdüyü şərtlərin, o cümlədən Zəngəzur dəhlizinin yaradılması prinsiplərinin yerinə yetrilməsini şərtləndirir.
Beləliklə, Paşinyanın Azərbaycana qarşı növbəti avantüraları və təxribatları üzünə sillə kimi geri qaytarıldı və ona bir daha öz evində layiqli yeri göstərildi, irəli getməmək, qırmızı xətti tapdamamaq əmri verildi. Bu baxımdan KTMT-nin İrəvan sammitini Paşinyanın miskin və acizanə rolunu əks etdirən tragikomik teatr səhnəsi və Azərbaycanın Zəfər sammiti da adlandırmaq olar.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki