Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir

Azərbaycanda dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir


Din ideoloji sahədə ən həssas və incə mahiyyətə sahibdir. Təəssüf ki, ondan siyasi, qrup, şəxsi maraqlar naminə istifadə edən, yaxud din pərdəsi altında müxtəlif destruktiv fəaliyyətlərə yönələn insanlar da tapılır. Belə insanlar azsaylı qruplar təşkil edərək digər vətəndaşların hüquqlarını pozmağa, inanc kimi saf və ülvi duyğulardan istifadə edərək öz məkrli məqsədlərini həyata keçirtməyə cəhdlər göstərirlər. Aparılan araşdırmalar göstərir ki, həmin qruplar birmənalı şəkildə xaricdən idarə olunurlar. Radikal-ekstremist ruhlu kiçik qruplar öz çirkin əməlləri ilə heç bir əsas olmadan ölkədə süni gərginlik yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edirlər. Belə cəhdlərin qarşısı qanunvericilik çərçivəsində həmişə qətiyyətlə alınmışdır və bundan sonra da alınacaqdır.

Hesab edirəm ki, Azərbaycanda dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir. Ölkədə mövcud dini etiqad azadlığından sui-istifadə edən belə radikal ünsürlərin fəaliyyətinə hüquqi qiymət verilməsi, ümumiyyətlə, mübarizə mexanizminin həyata keçirilməsi üçün ötən dövrdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən lazımi işlər görülmüşdür. Xüsusilə, 2015-ci ildə "Dini ekstremizmə qarşı mübarizə haqqında" Qanunun qəbul edilməsi analoji problemlərlə mübarizədə çevik fəaliyyət üçün geniş imkanlar yaratmışdır. Bu qanun dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının, eləcə də vətəndaşların hüquq və vəzifələrini təsbit edir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, həmçinin, "Dini etiqad azadlığı haqqında" Qanuna müvafiq əlavələrin edilməsi dövlətin dini radikalizm və ekstremizmlə mübarizə sahəsində konkret taktikasını müəyyənləşdirməklə yanaşı, problemin çözümü istiqamətində təkmil mexanizm formalaşdırmışdır. Hazırda mövcud olan qanunvericilik bazası dini radikalizmlə mübarizə sahəsində yetərli qiymətləndirilir.

Azərbaycan Respublikası Prezidentinin 23 may 2007-ci il tarixli, 2198 №-li Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası"nda dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmaları müəyyən edilmişdir. Sözügedən konsepsiyanın "Separatçılıq, etnik, siyasi və dini ekstremizm" və "Milli və dini tolerantlıq mühitinin qorunması" bölmələrində Azərbaycan Respublikasının din siyasəti ilə bağlı müvafiq müddəalar da əksini tapmışdır. Onu da qeyd edim ki, əgər zaman keçdikcə dünyada və cəmiyyətdə baş verən sürətli inkişaf din sahəsində müstəqil yeni konsepsiyanın qəbul edilməsi zərurətini yaradarsa, təbii ki, bu məsələyə gələcəkdə baxıla bilər.

Dünyanın dini radikalizmdən əziyyət çəkən dövlətlərinə ötəri nəzər saldıqda aydın şəkildə görünür ki, həmin ölkələrdə bu problemi yaradan amillər sırasında ümumi savadsızlıq, yoxsulluq, işsizlik, eləcə də dini biliklərin elmi əsaslarla deyil, xurafat və mövhumat səviyyəsində təlqini kimi məsələlər dayanır. Azərbaycanda isə ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində dayanıqlı inkişaf təmin edilir. Ölkəmizdə yoxsulluğun göstəricisi 5 faizdən aşağıdır, ümumi savadlılıq səviyyəsi isə 100 faizə yaxındır. Azərbaycanda dini təhsil inkişaf dövrünü yaşasa da, səviyyə baxımından bir sıra ölkələrlə müqayisədə xeyli irəlidədir. Bu sahənin daha da inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Bundan başqa, ölkəmizdə stabil dövlət-din münasibətləri modelinin mövcudluğu, tolerantlıq, multikulturalizm, həmrəylik ideyalarının dini qurumlar tərəfindən nəinki qəbul edilməsi, həmçinin, gündəlik həyatda tətbiqi kimi amillər bir daha onu deməyə əsas verir ki, radikalizm bizim cəmiyyətə kənardan düşmüş "yad cism"dir.

Bayaq da qeyd etdiyim kimi, ölkədə dini radikalizmə rəvac verən amillər xarici təsirlərlə bağlıdır. Xarici zərərli təsirlərin əsas səbəbi isə Azərbaycanın bütün sahələrdə inkişafını, müstəqil siyasət yürütdüyünü gözü götürməyən müəyyən xarici dairələrin bütün vasitələrdən, həm maddi, həm ideoloji, o cümlədən, dindən ölkəmizə qarşı öz məkrli məqsədləri üçün istifadə etmələridir. Bu təsirlər həmişə müşahidə olunub, bu gün də var, gələcəkdə də olacağı istisna edilmir. Ümumiyyətlə, xarici havadarların diktəsi ilə hərəkət edən radikal qruplar cəmiyyətimizə təsir göstərmək imkanına malik deyillər. Çünki onların ölkədə ciddi sosial dayaqları yoxdur və başlıcası isə Azərbaycanda xalq-iqtidar birliyi möhkəm dayaqlara malikdir. Bu gün həmin qüvvələrin təsir imkanları dövlətin müvafiq strukturlarının həyata keçirdiyi tədbirlər nəticəsində çox zəifləmişdir, fəaliyyətləri ciddi nəzarət altındadır. Amma bu istiqamətdə profilaktik tədbirlər daim davam etdirilməli, təkcə dövlətin aidiyyəti qurumlarının deyil, vətəndaş cəmiyyətinin, ümumiyyətlə, hər bir fərdin bu məsələyə münasibətdə sayıqlıq və həmrəylik nümayiş etdirməsi vacibdir.

Əli İbrahimov-hüquqşünas

NEWSCENTER.AZ
Xəbəri paylaş