İranda etirazların başlamasına səbəb olan əxlaq polisi ləğv edilib və İran rəsmilərinin açıqlamalarına görə məcburu başörtüsü ilə də bağlı yeni qaydalar hazırlanır.
Bu molla rejimi tərəfindən mütərəqqi addım kimi qiymətləndirilsə də, əslində cəmiyyəti aldatmağa yönəlib və etirazları dayandırmayacaq. Doğrudur, Əxlaq polisinin insanların yaşayışına, davranışına böyük müdaxiləsi olurdu ki, bu da haqlı narazılıq yaradırdı. Amma İrandakı etirazların səbəbi daha genişdir və əsasən 3 faktora söykənir.
Birincisi, dini rejimdir. İranda yaşayanların böyük əksəriyyəti din adı altında əxlaqsızlıq, rüşvətxorluq edən hakimiyyətdən, əsasən də dini qaydalardan, insanların yaşayışına, azadlıqlarına müdaxilə edən teokratik rejimdən bezib.
İkincisi, sosial vəziyyətdir. Bu gün İranda sosial vəziyyət ağırdı və xalq bunun səbəbini dini hakimiyyətin apardığı yanlış siyasətdə görür. Dünyanın ən böyük enerji sərvətinə malik olan ölkənin vətəndaşı ən aşağı vəziyyətdə yaşayır. Hakimiyyətin qərb ilə gərgin münasibətləri, Yaxın şərq regionunda gedən münaqişələrdə iştirak, yüz minlərlə silahlı qüvvələrin kənarda saxlanılması, başqa ölkələrə dini rejimin “ixracı” cəhdləri məhdud imkanlarla yaşayan xalqın sərvətinin böyük hissəsinin xərclənməsi hesabına aparılır.
Ücünçü də, milli, etnik vəziyyətdir. Bilirik ki, İran xalqlar həbsxanasıdır və farslarla müqayisədə digər etniklərə qarşı böyük diskirminasiya aparılır.
İranda bu zamana qədər də müxtəlif səbəblərlə etirazlar olub, amma bu dəfəki etirazların miqyasının genişliyi və uzunmüddətli olması bu 3 faktorun birləşməsindəndir. Yəni etiraz edənlər həm rejimdən bezib, həm ağır sosial-iqtisadi vəziyyətdədirlər həm də etnik kimlikləri, hüquqları ciddi şəkildə pozulur.
Ona görə hesab edirəm ki, İran höküməti bu dəfə etirazları dinc yollarla yatırmaq üçün mütləq xalqın yaşayışında, sosial vəziyyətində, hüquqi sərbəstliyində hiss edə biləcəyi köklü dəyişikliyə getməlidir. Bunları da edəcəyinə də inamıram, çünki rejim bu zamana qədər sərtliyi hesabına yaşaya bilib. Həm də hakimiyyət bilir ki, qaydaların yumşalması dini rejimin gücünü, təsirini azaldacaq. Sosial, iqtisadi inkişaf xalqı daha da aktivləşdirəcək. Etnik azadlıqların, hüquqların verilməsi də xalqların tələblərinin çoxalmasına, müstəqillik, azadlıq arzularının reallaşmasına gətirəcək.
Bütün bunları nəzərə alaraq etirazların daha da böyüyəcəyini, İranın həyatında müəyyən dəyişikliklərə gətirəcəyinə və ya böyük dəyişikliklərin təməlini qoyacağına inanıram.
Yalçın Hacızadə-politoloq