Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülhməramlı ümidinə qalan Xankəndi, taleyi masa üzərinə yatırılan Zəngəzur, əzabına son veriləcək Naxçıvan

Sülhməramlı ümidinə qalan Xankəndi, taleyi masa  üzərinə yatırılan Zəngəzur, əzabına son veriləcək Naxçıvan


Qarabağla bağlı yayılan xəbərlər həmişə ölkə gündəminin əsas mövzusuna çevrilir. Düzdür, bəzən digər xəbərlər ölkə gündəmini qısa müddətdə məşğul etsə də, hələ ki Azərbaycanda ən həssas mövzu Qarabağdır. Çünki bölgə ilə bağlı kiçik xəbər belə ölkədə hər kəsin diqqətini cəlb edərək, gündəmə düşür.
Buna dünən İtv kanalında yayımlanan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xankəndində keçirdiyi monitorinqi də aid etmək olar. Əslində bu xəbər ölkə gündəmini məşğul edəcək qədər böyük yükə malik xəbər deyil. Amma xəbərə Azərbaycan hökumətnin gələcəyə hesablanmış addımı prizmasından yanaşdıqda, görürük ki, bölgədə çox böyük hadisə baş verir. Azərbaycan hökuməti gələcək planlarının konturlarını bəyan edir. Rus sülhməramlılarına öz yerini göstərir. Əslində ekoloqların Laçın yolunu bağlayaraq ərazidə faydalı qazıntıların qeyri-qanuni istismarı ilə bağlı monitorinq keçirməsi, ümidi sülhməramlıya qalan Xankəndinin gələcək taleyini göstərir. Təkcə Xankəndinin taleyini yox, həm də Azərbaycan hökumətinin Xankəndi ilə bağlı məqsədini və gələcək planlarını ortaya qoyur. Azərbaycan hökuməti Xankəndində yaşayan və əslən erməni olan vətəndaşlarına demək istəyir ki, işdir birdən qışın soyuğunda Xankəndinə gedən qaz borularında qəza baş verərsə sülhməramlılar sizi soyuqdan qoruya biləcəkmi? Əgər ərazidə qopan tufan yüksək gərginlikli elektrik xətlərini sıradan çıxararsa, sülhməramlılar o xətləri bizdən icazəsiz bərpa edə biləcəkmi? Ekoloqların Xankəndinə göndərilməsi, bir növ Xankəndində yaşayan vətəndaşlara ismarıc, Sülhməramlı qüvvələrə çox da ümidli olmamaları ilə bağlı ultimatum idi. Düşünsək ki, sülhməramlıların hələ 2 ildən də çox Xankəndində qalma ehtimalları var, o zaman Azərbaycan hökuməti elə siyasət yürütməlidir ki, ermənilər öz xoşluqları ilə Sülhməramlıların Qarabağı tərk etməsini tələb etsinlər.

* * *
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ məsələsi Azərbaycand üçün bitib. İndi hökuməti daha çox Zəngəzur məsələsi məşğul edir. Zəngəzur dəhlizi ilə bağlı aparılan siyasətdə ilk addım, dəhlizin açılmasına qarşı çıxanları zərərsizləşdirmək idi. Elə ilk addımlardan bəlli oldu ki, qarşı çıxan ölkələr: Rusiya, İran, Fransa və Ermənistandır. Sonuncu ölkə Azərbaycanın qapazaltısı olduğu üçün Azərbaycan hökuməti tərəfindən saya alınmır. Ancaq ilk olaraq Zəngəzur dəhlizinə qarşı çıxan ölkə Rusiya idi. Rusiya Türkiyə ilə dostluğunu nəzərə alaraq, birbaşa olmasa da dolayı yollarla bu layihənin qarşısını kəsməyə çalışırdı. O vaxta kimi ki, Ukraynada müharibəyə başladı. Ukraynaya görə Avropa ölkələri tərəfindən Rusiya məhsullarına embarqo qoyulduqda, Rusiyanın Azərbaycan və Türkiyə üzərindən ticarət etməkdən başqa yolu qalmadı. Rusiya bundan sonra Zəngəzur dəhlizinin onun üçün bir alternativ və ya çıxış yolu olduğunu anladı. Rusiyanın susqunluğu İranı hərəkətə keçirdi. Molla hökuməti bütün vasitələrlə Zəngəzur dəhlizinə mane olmağa çalışdı. Nəhayət, İranda baş verən proseslər Azərbaycanın xeyrinə işləməyə başladı. İranın Azərbaycana təzyiq metodu olan Araz çayı boyunca hərbi təlimlərə, Azərbaycan tərəfi hərbi təlimlərlə cavab verdi. İranın ölkəmizdəki agentləri ifşa olundu. Bununla da İran gözlənilmədən Azərbaycan tərəfindən sıxışdırıldı. Hətta Azərbaycan hökuməti dolayı yolla bildirdi ki, əgər ölkələr arasındakı vəziyyət zora əl atmaq yoluna dirənsə, Təbriz kartından istifadə olunacaq. Bununla da İran zərərsizləşdirildi. İrandan məsələyə bitərəf qaldığını göstərmək tələb olundu və İran hökuməti yüksək dairələr vasitəsilə dostluq, qardaşlıq əlaqələrindən bəhs edən açıqlamalar yayımlamağa başladı.
Onu da qeyd edək ki, Fransanın bölgəyə təsiri 0-a bərabərdir. Fransa bölgənin gələcək taleyində rol almaq istəsə belə, Rusiya və Azərbaycan qədər Ermənistana diqtə edə bilməz...
Burdan o qənaətə gəlmək olar ki, Azərbaycan hökuməti Zəngəzur dəhlizi məsələsinin həllində xeyli yol qət edib. Amma yolun sonu Naxçıvana dayanır...

* * *
Naxçıvan Muxtar Respublikası son 30 ildir Ermənistanın blokadasındadır. 1991-1992-ci illərdə Ermənistan müharibə başlatmaqla hesablamışdı ki, bölgənin Azərbaycanla əlaqəsini kəsiləcək, Naxçıvan blokadaya salınaraq məğlub ediləcək. Ancaq qarşı tərəf Naxçıvanın vətənpərvər camaatını hesaba qatmamışdı. Düşünməmişdilər ki, Naxçıvanı işğal etmək üçün sonuncu naxçıvanlını da öldürmək lazımdır. Bunun nəticəsində Naxçıvanı işğal etmək mümkün olmadı. Amma blokada və ağır vəziyyət bölgə insanının ruhunu incitdi. Ulu öndər Heydər Əliyevin Naxçıvanda yaşaması, öncə el ağsaqqalı kimi, sonra isə Ali Məclisin sədri kimi göstədiyi yorulmaz səylər nəticəsində Naxçıvan ayaqda durmağı bacardı. Türkyə və İranla ticarət dövriyyəsi, eyni zamanda bölgə insanın zəhməti hesabına Naxçıvan nəinki ayaqda durmağı bacardı, hətta Bakıda hakimiyyət sevdasına düşənlərə xalq-hakimiyyət birliyinin necə qurulduğunu göstərdi. Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıtdıqdan müəyyən müddət sonra ən çox inandığı şəxslərdən biri olan Vasif Talıbovu Naxçıvanda rəhbər vəzifəyə gətirdi. Bundan sonra isə onun tövsiyə və məsləhəti ilə Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Elə o gündən bu günə qədər bölgənin bütün idarəetməsi Vasif Talıbova tapşırıldı. Hətta İlham Əliyev prezident seçildikdən sonrakı 19 il müddətində Vasif Talıbovun Naxçıvanı pis idarəetməsi ilə bağlı heç bir rəsmi fikrə rast gəlinmir. Qeyri-rəsmi də olsa, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvanın Muxtar Respublika statutusunun ləğv ediləcəyi, Vasif Talıbovun isə vəzifədən göndəriləcəyi bildirilsə də, hakimiyyət sanki bu fikirləri qabaqladı. Naxçıvanda Dövlət Təhlükəsizlik Xidməti və Gömrük Komitələrinin ləğv edilərək, yerində Baş İdarələrin yaranması, həmçinin 276 milyonluq rüşvət qalmaqalı hakimiyyətin Vasif Talıbovla daha erkən vidalaşacağını göstərir. Ya Naxçıvanın Muxtariyyətinə xitam verilərək, orda idarəetmə Prezident nümayəndəsinə veriləcək. Ya da Naxçıvandakı bütün qurumlar Bakıya tabe etdiriləcək və Ali Məclisin sədri vəzifəsi formal xarakter daşıyacaq. Hər iki hal Naxçıvan sakinləri üçün sevindiricidir. Çünki oradakı insanlar bölgədən ölkəyə inteqrasiyanın sevincini yaşayacaqlar. Bundan sonrakı mərhələdə Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan insanı blokadadan qurtulacaq. Bununla da naxçıvanlıların 30 illik əzabına son veriləcək...

Elmar Hüseynov
Xəbəri paylaş