Cənab Prezidentin dünən imzaladığı Sərəncama əsasən, Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Şuşa Azərbaycanın milli qürur tarixi, memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisidir. Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər salnaməsidir.
Şuşa öz zəngin irsi ilə Türk və İslam mədəniyyətinin bütün zəngin mədəni-tarixi elementlərini, milli kaloritini, orta əsrlər Şərqinə aid arxitektura və şəhərsalma mədəniyyətinin əlamətlərini özündə özündə birləşdirən Mlli memarlıq abidəsidir.
Şəhərin Simvolu olan Şuşa qalası mədəni bir ansamblı, özündə müxtəlif mədəni irs obyektlərini əhatə edən intibah əsəridir.
Şuşa dünya ədəbiyyatına əvəzsiz töhvələr vermiş dahi sənətkarların - Əbdürrəhim bəy Haqverdiyev, Əhməd bəy Ağaoğlu, Firudin bəy Köçərli, Xurşudbanı Natəvan, Qasım bəy Zakir, Molla Pənah Vaqif, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli kimi şəxsiyyətlərin beşiyidir.
Şuşa Şərqin konservatoriyasıdır. Bülbül, Cabbar Qaryağdıoğlu, Fikrət Əmirov, Xan Şuşinski, Mir Mövsün Nəvvab, Rəşid Behbudov, Sadıxcan, Seyid Şuşinski kimi incəsənət xadimini yetişdirmiş sənət məbədidir.
Şuşa bu gün yenidən qurulur, mədəni və dini irsi bərpa olunur, öz tarixi siması özünə qayıdır. Son 2 ildə burada festival və konsertlərin, sərgilərin keçirilməsi, “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin təşkil edilməsi, dünyanın müxtəlif ölkələrin nümayəndə heyətlərinin səfərləri Şuşanın beynəlxalq ictimaiyyət üçün zəngin mədəniyyət simasını nümayiş etdirir.
Şuşa İslam dünyasının da zəngin beşiyidir. İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti torpaqlarımız işğaldan azad edildikdən sonra Şuşaya səfər çərçivəsində Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, dini abidələrimiz ziyarət ediblər.
ICESCO-nun Baş katibi Cənab Prezident İlham Əliyevlə görüş zamanı Şuşanın İslam mədəniyyətinin paytaxtı elan edilməsini təklif edib.
Bu, onu göstərir ki, Şuşa bütün müsəlmanların doğma ünvanına çevrilməkdədir.
Əminliklə söyləmək olar ki, Şuşa şəhəri Türk Dünyası ilə bərabər, islam Dünyasının da mədəniyyət paytaxtı elan ediləcəkdir.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki