Bu ilin dekabrın 10-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında müvafiq qərardan sonra yerlərdə icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin azalması, bu strukturun bütövlükdə ləğvinə dair müxtəlif proqnozlar, versiyalar gündəmə gəlməkdədir. Çoxsaylı sualları nəzərə alaraq, bu istiqamətdə bəzi hüquqi qeydləri diqqətinizə çatdırmaq istərdim.
2018-ci il Prezident seçkilərindən sonra Azərbaycanda islahatların yeni mərhələsi başlamışdır. Hazırda da davam edən bu islahatlar kadr, struktur və idarəçilik modelinə yeni baxışı ehtiva etməklə hakimiyyətin bütün qollarını əhatələməkdədir. Bilirsiniz ki, islahatların tərkib hissəsi kimi, Prezidentin xüsusi nümayəndəliyi institutu formalaşdırılmış, cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu struktur özünü doğrultmuşdur. Əgər nümayəndəlik institutu təcrübədə səmərəli və çevik struktur kimi özünü göstərə bilirsə, demək ki, gələcəkdə digər ərazilərimizdə də bu idarəçilik formasına müraciət oluna bilər. Bildiyimiz kimi, Konstitusiyanın 109-cu maddəsinin 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaratmaq Azərbaycan Respublikasının Prezidentinin müstəsna səlahiyyətinə aid məsələdir.
Bütövlükdə yerli icra orqanlarının nümayəndəlik institutu ilə əvəzlənməsinə gəlincə, bu istiqamətdə ehtimallar üzərində danışmaq doğru olmaz. Yerlərdə icra orqanları Konstitusiya ilə təsbit edilmiş institutdur. Bu institutun bütövlükdə idarəçilik sistemindən çıxarılması yalnız konstitusion dəyişikliklərlə mümkündür. Ana Qanunumuzun 152-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. O ki qaldı hazırda yerlərdə icra hakimiyyəti orqanlarının səlahiyyətinin azaldılması məsələsinə, Konstitusiyanın 124-cü maddəsi ilə yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Yəni, yerlərdə icra hakimiyyətinin səlahiyyətinin azaldılmasında fövqəladə bir məqam yoxdur, səlahiyyətlər itmir, sadəcə yaradılan regional orqanlara verilir.
Biz bütövlükdə bu məsələlərə praqmatik yanaşmalı, prosesləri süni formada şişirtməməliyik, anlamalıyıq ki, hüquq münasibətləri inkişaf etdikcə tənzimləmə də bu dəyişikliklərə uyğun şəkildə gedir, o cümlədən də, struktur yeniləmələr aparılır və bundan sonra da aparılacaq.
Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı