İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Rusiyanın fəal müdaxiləsi ilə noyabrın 10-da üçtərəfli Bəyannamə imzalandı. Bu sənəd Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi idi. Rusiyanın təklifi və təkidi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bir hissəsinə Rusiya Federasiyasının sülhməramlıları yerləşdirildi. Lakin bu qüvvvələr fəaliyyətə başladığı vaxtdan bəri heç də tapşırılan sülh missiyasıını yerinə yetirmir. Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə 2021-ci il istehsallı minalar necə yerləşdirilib? Kimin yerləşdirdiyi məlumdur. Bəs onlar bunu sülhməramlılardan necə keçirə biliblər, necə basdırıblar? Nə Rusiya Federasiyasının rəsmiləri, nə də beynəlxalq təşkilatlar bu müəmmalı suallara cavab verə bilmir, əslində, cavab vermək istəmir. Ya gerçəkliyi etiraf etməlidirlər, ya da yenə yalanlar, reallıqdan yayındırmalara cəhdlər. Şuşa-Laçın yolunda azərbaycanlıların etiraz aksiyası bəşəri niyyətli, dinc aksiyadır.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva səsləndirib. Millət vəkili bildirib ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunub:
"Azərbaycanın bu ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. Bunu sülhməramlılar da bilir. Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi, dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb. Yaradılan bu qrup fəaliyyətə başlamalı idi. Ancaq sülhməramlı qüvvələr buna imkan vermədi; danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq monitorinqin keçirilməsinə maneçilik törədildi".
Deputat qeyd edib ki, dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Ancaq bu danışıqlar da məramı sülh olmalı sülhməqamlıların niyyətinin erməniliyə xidmət olduğunu təsdiqləyir:
"Ermənistan qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür".
"3 ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir" deyən Səbinə Xasayeva onu da diqqətə çatdırıb ki, bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Bunlar sülhməramlıların yerinə yetirməli olduğu vəzifələrdir. Lakin yerinə yetirilmir:
"Azərbaycan fəalların sülh aksiyasının Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmadığını Ermənistan da bilir, sülhməramlılar da. Sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilmir. Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyası azərbaycançılığın təzahürüdür və bu aksiya da saf niyyətin təntənəsi ilə nəticələnəcəkdir".
Anar