Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova: “Qərbi azərbaycanlıların hüquqları bərpa edilməlidir”

Deputat Jalə Əhmədova: “Qərbi azərbaycanlıların hüquqları bərpa edilməlidir”


Demokratik dəyərlərə və milli adət-ənənələrə daim sadiq qalan Prezident İlham Əliyev öz ad günlərini xalqı ilə birlikdə keçirir. Cənab Prezident əvvəlki illərdə adətən 24 dekabr günündə məcburi köçkünlərlə bir yerdə olub. Prezident İlham Əliyevin bir neçə gün əvvəl dekabrın 24-də öz ad günündə Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü də ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qaldı.

Bu görüş Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq sahəsində Qərbi Azərbaycan İcmasının qarşısına daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə işlər aparmaq tapşırığı qoydu.

Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıqlar göstərib. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilib.
1918-ci ildə İrəvanın Ermənistana faktiki olaraq bağışlanmasından sonra 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bununla da, sovet hökumətində mühüm vəzifələrdə olan erməni millətçiləri Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq məqsədi güdürdülər.

1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qaldı. 1980-ci illərin sonlarında isə sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm də o vaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildilər.

Sovet hökumətinin gözü önündə baş vermiş cinayətlər nəticəsində 300-dən çox şəhər və kənddə yaşayan azərbaycanlıların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, öldürüldü, onlara işgəncələr verildi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı.

Nəhayət, iki il bundan əvvəl - 2020-ci ildə biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarımıza gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görürlər ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb.

Biz Ağalı kəndinin timsalında xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Biz eynisini Qərbi Azərbaycanda da görəcəyik.

Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi kimi tarixi hadisədən sonra bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Qərbi Azərbaycan İcması bir neçə istiqamət üzrə öz işini davam etdirməli, mövcud istiqamətdə görülən iş bundan sonra daha məqsədyönlü şəkildə aparılmalıdır.

Görüşdə belə bir fikir vurğulandı ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz bunu sülh yolu ilə etmək istəyirik.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş