Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə həm tarixi aspektdə, həm də siyasi müstəvidə bir sıra mühüm məqamları açıqladı. Bu görüş bizə deməyə imkan verir ki, bizim ən böyük qayıdışımız qərbi azərbaycanlıların tarixi torpaqlarına dönməsi olacaq.
Newscenter.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.
Qərbi Azərbaycan İcmasının fəaliyyətindən, həqiqətlərin dünya ictimaiyyətinə daha miqyaslı səviyyədə çatdırılmasından bəhs edən S.Xasayeva bu prosesə həm də beynəlxalq hüquqşünasların cəlb olunmasının vacibliyini vurğulayıb.
“Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Çünki həm erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi, həm də məqsəd Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq idi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən erməni millətçiləri və onların havadarları dərhal hərəkətə keçdilər. Yəni, Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm də ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi.
Ermənilər mövcud həqiqətləri məcrasından çıxarmağa, şərin xeyir üzərində qələbəsinə çalışırdılar. Onların şər niyyətlərindən biri də azərbaycanlıların Ermənistandan növbəti deportasiyası oldu. Ermənistanda 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşayıblar. Onlar 3 il ərzində Ermənistandan zorla çıxarıldı, işgəncələr verildi, bir çoxları öldürüldü. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı”, - deyə S.Xasayeva diqqətə çatdırıb.
Ermənistanda revanşist qüvvələrin baş qaldırdığını bildirən deputatın sözlərinə görə, bu ölkədə cəmiyyətin düşüncələri o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik heç kim qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Ermənilər yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər. Amma bu, faydasızdır. Azərbaycan əvvəlki deyil və hər sahədə öz mövqelərini gücləndirməkdə davam edir.
“Ulu Öndərin dediyi kimi, tarixə müraciət etməli olsaq, görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. O ərazinin çox hissəsi azərbaycanlıların əsrlərdən-əsrlərə yaşadıqları doğma diyar olubdur. Onları öz dədə-baba yurdlarından tədricən çıxarıblar və bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başlanmasına gətirib çıxarıb.
Bu fikirlər böyük tarixi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin fikirlərində də öz əksini tapır. Yəni, bu fikirlər erməniliyin fəlsəfəsini, mahiyyətini tarixi həqiqətlər baxımından ifadə edərək bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi İrəvan şəhərini 1918-ci ildə Ermənistana hədiyyə edib. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır.
Dövlətimizin başçısının Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə çıxışı həmin torpaqlara qayıdışımızın yol xəritəsidir. Biz Qərbi Azərbaycana qayıdacağıq. Tarixən bizim olanlar bizə də geri qaytarılmalıdır”, - deyə Səbinə Xasayeva vurğulayıb.