Fransa və Ermənistanın 2022-ci ilin lap sonunda bizim ekofəalların Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyasını bəhanə edərək ölkəmizə qarşı başlatdıqları növbəti anti-Azərbaycan kampaniyasının iflasa uğraması sıradan bir hadisə deyil. Onlar dünya ictimaiyyətini çaşdırmağa çalışaraq məlum aksiyanı Xankəndidəki ermənilərin “blokada”ya alınması və “humanitar fəlakət” kimi təqdim etməyə çalışırdılar. Buna görə də xüsusi canfəşanlıqla BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasını çağırdılar.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki,
ən çox canfəşanlıq göstərən də məhz Fransa idi:
"Hazırda BMT TŞ-na sədrlik edən Fransa bu səlahiyyətindən sui-istifadə edərək Azərbaycanı ermənilərə qarşı "humanitar böhran” yaratmaqda ittiham etmək mövqeyi tutdu. Fransa istəyirdi ki, BMT xətti ilə Azərbaycana qarşı sanksiyalar tətbiq edilsin və “beynəlxalq sülhməramlı qüvvələr” adı altında bölgəyə Fransa hərbi kontingentini gətirsin və bununla da Cənubi Qafqazda Fransanın hərbi-siyasi varlığını təmin etsin. Fransa prezidenti Emmanuel Makron bu cür məkrli geosiyasi məqsədlərinə nail olmaq üçün ənənəvi “erməni məsələsi”ndən, “blokada” və “humanitar böhran” kimi siyasi-psixoloji təzyiq “kart”larından istifadə etmək yolunu tutdu, lakin fiasko ilə üzləşdi.
Fransanın BMT TŞ-da Azərbaycan əleyhinə qətnaməni qəbul etdirə bilməməsi ədalətin qələbəsi sayılmalıdır. Bu həm də Makronun özünün bilavasitə məğlubiyyətidir. Daha doğrusu, rüsvayçı məğlubiyyətidir. Makron belə bir nəticəni bəlkə də heç gözləmirdi. Çünki o, özünə çox arxayın idi və Fransanın beynəlxalq nüfuzuna güvənirdi. BMT TŞ-nın rıçaqlarından istifadə etməklə Azərbaycana qarşı təşkil edilən bu proses birbaşa Fransa prezident administrasiyası və Makronun xarici siyasət üzrə müşavirləri tərəfindən yönləndirilirdi. Yəni ki, Makron öz komandasının bütün diplomatik gücünü bu kampaniyaya həsr etmişdi. Təkəbbürlü Fransa lideri BMT TŞ-da məlum bəyannaməni qəbul etdirəcəyinə və növbəti mərhələdə isə onu qətnaməyə çevirə biləcəyinə nədənsə, çox əmin idi".
MHP sədri qeyd edib ki, ancaq sonda Azərbaycanın mövqeyi, Azərbaycanı dəstəkləyən ölkələrin qətiyyəti qalib gəldi:
"İngiltərə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Albaniya birmənalı surətdə Fransanın təşəbbüsünə qarşı çıxdı. ABŞ və Çin kimi dünya gücləri isə neytral mövqe tutdular ki, bu da Makron üçün arzuolunmaz hal idi. Özünü bütün Avropanın lideri hesab edən Makron rüsvayçı vəziyyətə düşdü və nəhayət anladı ki, artıq Fransanın mövqeyi heç kim üçün önəmli deyil. Bu hadisə Makron üçün əsl “soyuq duş” oldu".
Əlisahib Hüseynov hesab edir ki, rəsmi İrəvan isə bu cür ağır diplomatik məğlubiyyət nəticəsində növbəti dəfə əzik duruma düşdü və Yeni ili məyus əhval-ruhiyyə ilə qarşıladı:
"Ermənistan rəhbərliyi başa düşməlidir ki, Makronun geosiyasi oyunları, hiyləgər gedişləri ermənilərin yox, Fransanın öz maraqlarına xidmət edir. Ermənilər gah bu, gah da digər havadara bel bağlayıb revanşa can atmaqdansa, real sülhə can atmalıdırlar. Onların xilası yalnız bundadır".
Mehman