Minillik tariximizdə Azərbaycan dövləti mürəkkəb ictimai-siyasi proseslərdən keçib və tariximizin müxtəlif mərhələləri haqqında müfəssəl və bütün gerçəklikləri gənc nəslin mənimsəməsi, sonrakı nəsillərə çatdırması olduqca vacibdir. Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, tariximizdə baş verən hadisələri, səhvləri olduğu kimi müasir gənclik dərindən öyrənməli, xalqımızın tarixi yaddaşı heç vaxt unudulmamalıdır.
Azərbaycan son 200 ildə çox ağır və çətin sınaqlardan keçibdir. Sözsüz ki, bizim ən böyük tarixi facilərimiz 1813-cü ildə Rusiya imperiyası və Fars dövlətinin işğalçılıq siyasəti nəticəsində imzalanmış “Gülüstan”, Türkmənçay” kimi “müqavilərlərlə” başlanmış, böyük bir əraziyə malik Azərbaycanın tarixi-coğrafi-siyasi bütövlüyü əlindən alınmışdır.
Nəticədə köçəri və soyu-kökü olmayan 150 mindən artıq hay tayfasının İrəvan quberniyasına, Zəngəzura, Göyçə mahalına, Qarabağa və digər ərazilərimizə yerləşdirilməsi Azərbaycan dövlətinin vahidliyinin pozulmasına səbəb olmuşdur.
Eləcə də işğal siyasətləri Dərbənd, Təbriz və digər torpaqlarımızın Bütöv Azərbaycandan qoparılmasına, inzibatı-siyasi xəritəsinin kiçilməsinə səbəb olmuşdur.
Nəticədə Bütöv Azərbaycan dövləti Cənubi, Şimali, Qərbi Azərbaycan kimi coğrafi məfhumlarla bölündü.
44 günlük tarixi Zəfərlə son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də Azərbaycanın tarixi ərazilərinin geri qaytarılması, Bütöv Azərbaycanın bərpası missiyasını uğurla həyata keçirməkdədir. Bu, həm də coğrafi ərazilərimizin birləşdirilməsi deməkdir.
Cənab Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə ilə görüşündə də bəyan etdi ki, biz tariximizin ayrılmaz parçası olan coğrafi vahidlərimiz – Qərbi Azərbaycan və Zəngəzurun dövlətimizin bir hissəsi olduğunu heç vaxt unutmayacaq, geridönüşün gerçəkləşməsini təmin etməyə çalışacağıq.
Bu baxımdan Zəngəzur, İrəvan, Göyçə, Dərələyəz, Təbriz, Borçalı, Dərbənd vahid Azərbaycanın ayrılmaz coğrafiyası olduğundan ərazilərimizi Qərbə, Cənuba bölmək düzgün yanaşma sayıla bilməz.
Hesab edirəm ki, Azərbaycanı inzibati-coğrafi və siyasi baxımdan bütöv bir dövlət instututu kimi qəbul etdikdə, siyasi-tarixi dövlətçiliyimizi coğrafiyanın müxtəlif səmt və qütbləri əsasında deyil, tarixi-geosiyasi gerçəkliklər əsasında adlandırmalıyıq.
Qərb, Şərq, Cənub, Şimal məfhumları coğrafi-iqtisadi-inzibati baxımdan bölgü termini ola bilər, coğrafi ifadə kimi işlədilə bilər, ancaq siyasi-hüquqi və milli dövlətçilik, milli bütövlüyün təyini və geosiyasi gerçəklik, hipotetik baxımından düzgün hesab edilə bilməz. Azərbayacanın yalnız bir siyasi qütbü və koordinatı vardır ki, o da tarixi Azərbaycanın sərhədləri əsasında təşəkkül tapmış vahid Azərbaycan Respublikasıdır.
Azərbaycanın bütövlük ideyası parçalanmazdır. Zəngəzur, İrəvan, Göyçə, Dərbənd, Təbriz, Xoy, İsfəhan, Biləsuvar və s. torpaqlarımız coğrafi rayonlaşdırma subyekti kimi deyil, siyasi kimlik və milli dövlətçilik prinsipləri əsasında Azərbaycanın Zəngəzur vilayəti, Azərbaycanın Təbriz şəhəri, Azərbaycanın İrəvan şəhəri və s. kimi təqdim edilsə daha düzgün siyasi məzmun kəsb etmiş olar.
Bu gün 50 milyon azərbaycanlının ideologiyası Vahid Azərbaycan olduğundan şüarımız da “İrəvan və Zəngəzur Azərbaycandır, Təbriz Azərbaycandır”, “Dərbənd Azərbaycandır” və s. olmalıdır.
Bu, Bütöv Azərbaycanın siyasi coğrafiyasının vahidliyini təsvir etmək və Bütöv Azərbaycanın Obrazını nümayiş etdirmək baxımından daha məntiqli və düzgün siyasi termin ola bilər.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki