Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ali vəzifə və zamanın çağırışı

Ali vəzifə və zamanın çağırışı


Bu, bir həqiqətdir ki, tarixi idman ənənələri və güclü iqtisadiyyatı olan dövlətlər beynəlxalq idman camiyəsində də ləyaqətlə təmsil olunurlar. Çoxsaylı medallar qazanır, təmsil etdikləri dövlətlərin bayraqlarını şərəflə ucaldırlar. Azərbaycan məhz belə dövlətlərdəndir.

Məsələyə bu xüsusda yanaşdıqda Azərbaycan Respublkasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin yanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışında səsləndirdiyi fikirləri bir aksiom tələbi kimi qəbul etmək olar. Bu çıxışında cənab Prezident Azərbaycan idmanının uğurlarını şərtləndirən əsas amiləri göstərmiş, bu istiqamətdə dövlət siyasətinin xüsusi rolunu qeyd etmiş, əldə olunan nəticələrin mühüm statistik göstəricilərini sadalamış, ölkəmizdə idmanın bundan sonrakı inkişafı yolunda atılması vacib olan yeni addımları xarakterizə etmiş, azad edilmiş ərazilərimizin artıq beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini vurğulamış, bərpa və quruculuq meydanına çevrilmiş azad edilmiş şəhərlərimizin hər birində idman qurğularının yaradılacağının anonsunu vermiş və nəhayət hər birimizin məşğul olduğu sahədə, xüsusilə də idman sahəsində müqəddəs Zəfərə layiq olmağımızın əhəmiyyətini dilə gətirmişdir. İndi isə dövlətimizin başçısının sözügedən mərasimdə səsləndirdiyi mühüm tezisləri nəzəri və empirik yanaşmalar əsasında ardıcıl olaraq təhlil edək.

Birincisi, Prezident İlham Əliyev vurğuladı ki, hər il olduğu kimi, ötən il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Bəs bu uğurun səbəbi nədir sualına da cənab Prezidənt əsaslandırılmış cavab vermişdir. Səbəb sadədir. Bütövlükdə ölkəmiz ötən il də qarşısına qoyduğu bütün hədəflərə çatmışdır. İdman da ictimai həyatımızın mühüm bir tərkib hissəsidir və ümumi inkişaf tendensiyası çərçivəsində onun da tərəqqisi baş vermişdir. Başqa sözlə, əğər ölkədə bütün sahələr dinamik inkişaf tempinə malikdirsə, necə ola bilər ki, idman bu reallığa adekvat olmasın. Bu, mümkün deyil. Dəməli, Azərbaycan idmanının bügünkü nəaliyyətləri və sabahkı daha boyuk uğurlarının kökündə dayanan fundamental səbəb dövlətimizin ümumi yüksək inkişaf tempi ilə birbaşa bağlıdır.

Ikincisi, möhtərəm Prezident İlham Əliyev Azərbaycan idmanın il ərzində qazandığı möhtəşəm uğurların kəmiyyət və keyfiyyət göstəricilərinə diqqət çəkərək qeyd etmişdir ki, “İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Doğrudan da böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.” Sonra dövlətimizin başçısı, ölkəmizin idman uğurlarının miqyasını ifadə etmək üçün diqqəti dünyanın ən nüfuzlu idman yarışlarından biri olan İslam Həmrəyli Oyunlarına cəlb edərək vurğulamışdır ki, IV İslam Həmrəylik Oyunlarında Azərbaycan idmancıları birinci yerə layiq olmuşdular, ötən il Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında isə 56 ölkə arasında 99 meadal qazanaraq 4-cü yerə layiq görülmüşlər. Bu qələbənin əhəmiyyətinə toxunan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev haqlı olaraq qeyd etmişdir ki, “Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq əlbəttə ki, böyük qələbədir, böyük nailiyyətimizdir.” Bu mühüm beynəlxalq idman yarışlarında əldə edilən nəticələr Azərbaycan idmanının yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirilə bilər.

Üçüncüsü, Azərbaycan idmanının ardıcıl olaraq inkişaf etdiyini vurğulayan dövlətimizin rəhbəri bu xüsusda olduqca önəmlı daha bir tezisini irəli sürmüşdür: “5 il əvvəl Bakıda iştirak etmiş idmançılarımızın bir çoxu Konyada İslam Həmrəyliyi Oyunlarında iştirak etmirdi. Beləliklə, nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır və bu, bir önəmli məsələyə diqqətimizi çəkir - yəni, o mənada ki, burada da biz inkişaf və uğur görürük, nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi elə bil ki, gənc idmançılara təhvil verilir. Yəni, Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olmalıdır.” Bu məsələnin çox böyük mənası var. Bu tendensiya ona dəlalət edir ki, gələcəkdə də Azərbaycan idmançıları Azərbaycan bayrağını eyni şövqlə və qürur hissi ilə dalğalandıracaqlar. Azərbaycan idmanının bugünü kimi, gələcəyi də parlaqdır.

Dördüncüsü, “idmana böyük dövlət qayğısı göstərilir”,-deyən cənab İlham Əliyev bu xüsusda növbəti vacib bir məsələyə toxundu: “Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Eyni zamanda, biz Bakı şəhərində ən mötəbər idman yarışlarını qəbul etmişik və yeni yarışları qəbul edəcəyik. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri, əlbəttə, əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.” Cənab Prezident sadalan reallıqlar kontekstində vacib bir təşəbbüslə çıxış etmişdir. Bu təşəbbüs idmanın kütləviliyinin təminatı məqsədinə xidmət göstərir və insanların sağlamlığının qorunması baxımından əvəzsiz rol oynaya bilər: “İdmanın kütləviliyinə gəldikdə isə hesab edirəm ki, bölgələrdə təbliğat daha geniş vüsət almalıdır. Biz son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaratmışıq, trenajorlar quraşdırılıb. Hesab edirəm ki, biz bu təcrübəni bütün bölgələrə aparmalıyıq, orada tətbiq edilməlidir. Nazirlik, yerli icra orqanları bu məsələ ilə ciddi məşğul olsunlar. Çünki hər bir insanın bəlkə həm vaxtı, həm də maliyyə imkanları olmur ki, idman zallarına getsin. Ona görə açıq havada, - nəzərə alsaq ki, Azərbaycanın əksər yerlərində hava şəraiti il boyunca müsbətdir, - bunun çox böyük təsiri olacaq, həm insanların sağlamlığı üçün, həm də bütövlükdə idmanın inkişafı üçün. Ona görə hesab edirəm ki, buna böyük ehtiyac vardır.”

Beşincisi, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev qeyd olunan mərasimdə çıxışında toxunduğu məsələlər sırasında daha birinin əhəmiyəti idmanın müəyyən etdiyi çərçivələri aşır və böyük siyasi əhəmiyyət kəsb edir. Bu, işğaldan azad olunmuş ərazilərimizdə beynəlxalq idman yarışlarının keçirilməsi və gələcəkdə bu torpaqlarda mühüm idman obyektlərinin inşası ilə bağlıdır. Məsələyə bu prizmadan yanaşdıqda cənab Prezidentin səsləndirdiyi fikirlərin uzağagedən nəticələrinin yaxın zamanlarda real həyatda tam təsdiqini tapacağı labüddür, çünki dövlətimizin başçısının sözü imzası qədər gücə malikdir. Qeyd olunduğu kimi, “Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Bildiyiniz kimi, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir.”

Bu prosesin perspektivlərinə toxunan cənab İlham Əliyev vurğulamışdır ki, “...azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bildirməliyəm ki, Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər olaraq, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir.”

Çıxışının sonunda “Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir”,-deyən möhtərəm Prezident İlham Əliyev böyük qürur hissi ilə vurğuladı ki, elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında, həm də döyüş meydanlarında bayrağımızı ucaldır.

Bu reallıqlar fonunda, bizim hər birimizin üzərinə düşən ali bir vəzifə vardır. Bu vəzifənin mahiyyətini də cənab Prezident açıqladı: ”Bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq.”

Bu, zamanın çağırışıdır.


Elman Nəsirov

Milli Məclisin deputatı, Siyasi elmlər doktoru, professor
Xəbəri paylaş