İstehlakçılara verilən içməli suyun keyfiyyətinin, həmçinin kənarlaşdırılan tullantı sularının tərkibinin ekoloji standartlar çərçivəsində nəzarətdə saxlanılması “Azərsu” ASC-nin prioritet vəzifələrindəndir.
2022-ci ildə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış qrafik əsasında su anbarları, nasos stansiyaları, su şəbəkələri, təhsil və səhiyyə müəssisələri, mühüm dövlət obyektləri, mehmanxana, idman kompleksləri və digər obyektlərdən ümumilikdə 3723 nöqtədən 67882 su nümunəsi götürülüb. Həmin nümunələr üzrə 401982 göstərici təyin edilib.
Newscenter.az-a "Azərsu" ASC-dən bildirilib ki, ötən il işğaldan azad olunmuş ərazilərdən götürülmüş 123 su nümunəsi üzrə 5356 analiz aparılıb.
Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qrafik əsasında təmizləyici qurğular, sənaye müəssisələri, şəhər kollektorları və şəbəkələrindən götürülmüş 12102 tullantı su nümunəsi üzrə 56861 parametr öyrənilib.
Qeyd edək ki, hazırda “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında içməli suyun 53, tullantı suların 59 olmaqla, ümumilikdə 112 parametri üzrə analizlər aparılır.
2022-ci ildə Pirşağı, Siyəzən, Ağsu, Göyçay, Cəlilabad, Zaqatala, Göygöl, Ağstafa, Tovuz, Goranboy, Tərtər tullantı sutəmizləyici qurğuların laboratoriyaları fəaliyyətə başlayıb.
Ümumilikdə içməli suyun keyfiyyətinə 9-u regional olmaqla 12, tullantı sularının tərkibinə isə 14 laboratoriya tərəfindən nəzarət olunur.
Qeyd edək ki, “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası 16 sentyabr 2013-cü ildə fəaliyyətə başlayıb. Bir il sonra Latviya Dövlət Akkreditasiya Qurumu (LATAK) tərəfindən beynəlxalq akkreditasiyadan keçən laboratoriya ötən dövrdə müxtəlif səriştəlilik testi proqramlarına qoşulub.
Sevinc