Artıq bir ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna müharibəsi bütün şiddəti ilə davam edir. Müharibə başlamazdan öncə hər kəs, olası bir savaşda rus qoşunlarının bir həftə ərzində paytaxt Kiyevə daxil olub Ukraynanı təslim olmağa məcbur edəcəyini və bununla da müharibənin sona çatacağını düşünürdü. Kreml və ordu rəhbərliyi də eyniylə bu cür düşündü və savaşın planlanmasında çox ciddi səhvlərə yol verdi. Ən əsası düzgün hesablanmayan logistik yanlışlıqlar. Bir çox siyasilər və xüsusilə hərbi analitiklər Rus ordusunun uğursuzluqlarını qərbin Ukraynaya verdiyi dəstək və ordunun istifadə etdiyi texnikaların texnoloji yetərsizliyi ilə əlaqələndirirlər.
Təbii ki, bu vacib bir faktordur. Lakin bütün səbəblər bundan ibarət deyil. Daha geniş aspektdən baxdıqda görürük ki, rus ordu elitası, başda Sergey Şoyqu- Valeri Gerasimov olmaqla, Ramzan Kadırov və Vaqner rəhbəri Yevqeni Priqojinin nüfuzunun artmasından ciddi narahatlıq keçirir. Vaqner özəl hərbi şirkətdir. Ancaq son zamanlar onun Rusiyada və Ukraynada fəaliyyətinin artırdığını müşahidə edirik. İş o yerə çatıb ki, Vaqner Ukrayna ilə sərhəd bölgələrdə ölkə üzrə elan edilmiş səfərbərliyə paralel səfərbərlik elan edir, həmçinin cəza çəkmə məntəqələrindən məhbusları bəlli şərtlər altında öz sıralarına daxil etməklə klassik sovet yanaşmasını (Cərimə Batalyonu) tətbiq edir. Həmin məhbuslar Ukraynada müəyyən edilmiş vaxt ərzində sağ qaldıqları təqdirdə əfv olunaraq mülki həyata qaytarılır. Vaqnerin silahlanmasında S300 HHM sistemləri, Ta 90 tankları, TOS 1A kimi ağır od saçan sistemlərin olması şirkətin hansı gücə sahib olmasının göstəricisidir. Yevqeni Priqojinin və Ramzan Kadırov bir çox hallarda birgə mövqe sərgiləyərək bütün uğursuzluqlardan dolayı ordu rəhbərliyini tənqid edirlər və bu hal özlüyündə savaşın gedişatına mənfi təsir göstərir. Çünki hər iki şəxsin əlində kifayət qədər hərbi imkanlar mövcuddur və cəbhədə Vaqner dəstələri ilə Kadırovçuların fəallığı daha çox nəzərə çarpır.
Pərviz Mirizadə-AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi