Cəmiyyətin siyasi ab-havası ölkənin ictimai-siyasi və iqtisadi həyatına bağlıdır. Zaman-zaman bu vəziyyət dəyişir, ya pisləşir, ya da inkişaf edir. Dünənə qədər qüvvədə olan şərtlər dövrün tələblərindən geri qalır və onu yeniləşdirmək, mövcud ictimai-siyasi həyata uyğunlaşdırmaq zərurətə çevrilir. Bu baxımdan “Siyasi partiyalar haqqında” AR Qanununun yeni variantının qəbulu tamamilə məntiqlidir. Zərurət öz yerində, ancaq yeni Qanun siyasi partiyaların tələblərinə cavab verirmi?
İlk növbədə onu qeyd etmək istəyirəm ki, Qanun hakimiyyət tərəfindən hazırlansa da onun müzakirəsində ölkədə fəaliyyət göstərən çoxsaylı partiyalar “ordusu” fəal iştirak edib. Biz bunu müsbət faktor kimi qiymətləndirir və dövrün yenilənmə xarakterindən irəli gəldiyini düşünürük.İkinci müsbət hal odur ki, partiyaların verdikləri təkliflərin bir çoxu Qanunun son variantına daxil edilib. Məsələn, Azad Vətən Partiyası təklif etmişdi ki, Milli Məclisə seçkilərdə uğur qazanıb-qazanmamasından asılı olmayaraq bütün partiyalar dövlət tərəfindən maliyyələşdirilməlidir.
Yaxşı haldır ki, Qanun qüvvəyə mindikdən sonra göstərdiyi fəaliyyəti nəticəsində əhali arasında qazandığı nüfuz dərəcəsinə görə partiyalar dövlət tərəfindən maliyyələşdiriləcək. Bu olduqca aktual məsələdir.
Birincisi, ona görə ki, siyasi fəaliyyətlə məşğul olan insanlarda ələbaxımlılıq aradan qalxacaq və onlar daha müstəqil hərəkət edə biləcəklər.
İkincisi odur ki, ölkənin ictimai-siyasi həyatında müəyyən rol oynayan insanlara xaricdən təsir imkanları azalacaq. Çünki, indi Azərbaycan üçün beynəlxalq müstəvidə ciddi iş aparılan dövrdür. Qarabağın işğaldan azad edilməsini, beynəlxalq iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycanın iqtisadi qüdrətinin durmadan artmasını həzm edə bilməyən bəzi xarici siyasi güc mərkəzləri və ayrı-ayrı dövlətlər təxribatları genişləndirmək üçün yerli siyasilərdən istifadə etmək arzusuna düşürlər. Gizli deyil ki, bu zaman maliyyə yardımı əsas arqument rolunu oynayır. Partiyaların dövlətin özü tərəfindən maliyyələşdirilməsi isə bu arqumenti bəri başdan aradan qaldırır. Yeni Qanunun 24.1 maddəsində bildirilir: “Siyasi partiya yalnız Azərbaycan Respublikasının vətəndaşlarından ianə qəbul edə bilər”. Bu qadağa da tamamilə yerinə düşür. Deyək ki, Azərbaycana qarşı həmişə ikiüzlü mövqe sərgiləyən “Soros fondu” tipli təşkilatlar daha daxili işlərə qarışmaq imkanında olmayacaq, gizli şəkildə etsə isə buna görə onunla əlaqəyə girən partiya nümayəndələri cinayət məsuliyyəti daşıyacaq. Bu amil ölkə daxilində siyasi işin milli-mənəvi koloritini saxlamağa və beynəlxalq təcrübədən korazehinliklə yox, ağıllı surətdə yararlanmağa şərait yaradacaq.
“Siyasi partiyalar haqqənda” yeni Qanunda Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət” (233 tövsiyə - onlardan 132-si sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aiddir) adlı sənədin müddəalarına əməl olunması da qeyd edilməlidir. VK-nın 132 tövsiyəsindən 112-si yeni Qanunda əks olunub. Bu da sənədin beynəlxalq tələblərə cavab verməsinin əyani sübutudur. Üstəlik, bu amil başqa ölkələrin təcrübəsindən yararlanmağa kömək edəcək.Bundan başqa, yeni qanun layihəsinin müzakirələri zamanı 350-dən çox təklif və düzəliş verilib, onların əksəriyyəti nəzərə alınıb. Bu da onu göstərir ki, müzakirə iştirakçılarının irad və təklifləri ciddiyyətlə qəbul olunub. “Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir” maddəsinin yeni qanunda əks olunması da partiyaların siyasi təşkilat qismində çəkisinin artmasına xidmət edəcək, başqa sözlə, bu mühüm işdə pərakəndəliyi aradan qaldıracaq. Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə xitam verilməsinə yalnız məhkəmələrin hüququnun olması və siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılması maddələrinin qanunda təsbit olunması bu istiqamətdə qanunvericiliyin möhkəmləndirilməsinə təkan olacaq.
Yeni qanunun, bütövlükdə, sağlam partiyalaşma prosesinə kömək edəcəyinə ümid edirik.
Akif Nağı-Azad Vətən Partiyasının sədri