Hindistan Ermənistanı silahlandırmağa davam edir. İkinci Qarabağ müharibəsinə qədər İrəvan hakimiyyəti hərbi texnologiyaların böyük bir hissəsini Rusiyadan təmin edirdi. Ən son olaraq Kreml rəhbərliyi Ermənistan ordusuna sadələşdirilmiş kredit şərtləri tətbiq edərək dəyəri 200 milyon dollardan çox olan hərbi avadanlıqların satışını həyata keçirdi. Həmin sistemlər əsasən 4 ədəd SU-30 SM qırıcıları və TOR zenit-raket komplekslərini əhatə etdi. Lakin müharibə zamanı erməni ordusu lazımı raketlər və təcrübəli pilot çatışmazlığı səbəbindən SU-30 SM-dən istifadə edə bilmədi. TOR sistemləri isə ordumuzun pilotsuz uçuş aparatları vasitəsilə dəqiq zərbələrlə məhv edildi. Müharibədən sonra çıxış edən Paşiniyan, məğlubiyyətin məsuliyyətini rus silahlarının üzərinə atmaqla Rusiyanı yararsız silahlar verməkdə ittiham etdi.
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, indi isə İrəvan rəhbərliyi ordunun texniki təminatında yaranan boşluqları Hindistan silahları vasitəsilə doldurmağa çalışır:
"Ancaq müharibəyə qədər Paşiniyan Hindistandan da bir sıra sistemlər, əsasən radio elektron mübarizə sistemləri təmin etmişdi və onlarda heç bir effekt verməmişdi. Lakin ötən il tərəflər bir sıra yüksək məbləğli alqı-satqı müqavilələri imzaladılar. Həmin müqavilələrə əsasən Dehli İrəvanı hücum və müdafiə silahları ilə təmin edəcək. İlin yeni başlamasına baxmayaraq Ermənistan rəhbərliyi Hindistan ilə MRSAM hava hücumundan müdafiə sistemlərinin alımı barəsində danışıqlar aparır".
AVP rəsmisinin sözlərinə görə, İrəvan bu sistemləri əldə etməklə silahlanmada olan S - 125 peçoraları əvəzləmək istəyir:
"Bununla onlar olası hərbi əməliyyatlar zamanı ordumuzun hava üstünlüyünü minimuma endirməyi planlanlaşdırır. Təbii ki, Ermənistan tərəfinin ard-arda etdiyi bu tip hərbi addımlar Azərbaycanla arasında olan güc balansına təsir etməyəcək. Çünki Azərbaycan ordusunun silahlanmasında çox daha müasir hava hücumundan müdafiə sistemləri və aviasiya vasitələri mövcuddur. Lakin Ermənistan tərəfinin bu kimi addımları hərbi cəhətdən daha çox siyasi önəm daşıyır və iki ölkə arasında normallaşma və sülh danışıqlarına vurulan zərbədən başqa bir şey deyil".
Mehman