Dünən Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Həmin qərarla bağlı Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel açıqlama verərək Avropa İttifaqının Ermənistanda missiyasının yaradılmasını regionda davamlı sülhün əldə edilməsi və həmçinin Avropa Şurasının prezidenti Şarl Mişelin rəhbərlik etdiyi prosesdə vasitəçilik missiyasının gücləndirilməsi məqsədi daşıdığını bildirib.
Sözsüz ki, Cozep Borrelin açıqlaması Aİ-nın Ermənistana ikiillik mülki missiyasının görünən tərəfi barədə və publik siyasi formal xarakterlidir. Ancaq mübahisəsiz məlumdur ki, həmin sözü gedən missiyanın əsl hədəfi Rusiyanı bölgədən sıxışdırmaq və Azərbaycana qarşı müəyyən təzyiq mexanizmini formalaşdırmaqdır.
Nəzərə alsaq ki, Aİ bu mülki missiyanı bir tərəfli qaydada həyata keçirir və missiya ancaq Ermənistan tərəfindən sərhəd boyu yerləşdirilir, onda ümumi mənzərə aydın olur. Həqiqətdə bu missiyanın məqsədi Rusiyanın Ermənistana verdiyi tarixi təhlükəsizlik qarantiyasının Aİ tərəfindən əvəzlənməsi mərhələsidir. Aİ-nın bu növbəti mülki missiyası haqqında Qərarın qəbuluna qədər və sonrada Ermənistan baş naziri Nikol Paşinyan başda olmaqla digər dövlət rəsmləri Rusiyadan və onun patronajında olan KTMT-dan narazı olduqlarını və açıq şəkildə Rusiyaya güvənmədiklərini bildirib. Sözsüz ki, Ermənistan, Paşinyan hakimiyyəti və Avropa İttifaqı koordinasiyalı Rusiyanı Ermənistandan çıxarmaq üçün mərhələli plan üzrə hərəkət edir. Bu məsələdə Fransa aparıcı mövqedədir. Məlumdur ki, Ermənistanda Rusiya hərbi bazalarının çıxarılması üçün keçirilən mitinqlər də bu planın tərkib hissəsidir.
Maraqlısı budur ki, Rusiya Ermənistandan sıxışdırılmasına ehtimal olunan adekvat cavabı hələ ki, verməyib baxmayaraq ki, Moskvanın İrəvana hələdə təsir imkanları kifayət qədərdir. Ancaq Ermənistanın faktiki Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərə marağının azalması müəyyən mənada Rusiyanı Ermənistana bu vasitə ilə effektli təsir imkanlarını məhdudlaşdırır. Hələ xeyli əvvəl Rusiya bu ehtimalı nəzərə alaraq məhz Xankəndidə yerləşən separatçılara "yatrım" etməyə başlayıb.
Rusiyanın Ukraynada genişmiqyaslı müharibəyə hazırlıq mərhələsində Ermənistana geniş və uzunmüddətli Aİ-nın mülki missiyası sözsüz ki, cavabsız qalan deyil və təbii ki, Azərbaycan bu vəziyyətdən istifadə edərək Ermənistanı hərbi zərbə ilə yenə də cəzalandıra bilər. Məhz buna görə də Aİ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına maraqlıdır ki, Ermənistanı itkisiz Rusiyadan qoparan bilsin. Sözsüz ki, sonrakı mərhələdə proseslər daha da mürəkkəb forma alacaq.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas