Dövlətlər nüvə silahından təhlükəsizlik sığortası kimi istifadə edirlər. Nüvə silahını ilk əldə edən ölkə 1945-ci ildə ABŞ olub. Əgər SSRİ ABŞ-dan bir neçə il sonra nüvə silahı əldə etməsəydi, iki ölkə arasında “soyuq müharibə” nüvə müharibəsinə çevrilə bilərdi. Hər ikisində nüvə silahının varlığı böyük müharibənin qarşısını aldı.
SSRİ dağıldıqdan sonra Ukrayna nüvə silahından Rusiyanın xeyrinə imtina etməsəydi, Kreml sahibi Krımı ilhaq etməyə və Ukraynaya qarşı işğalçı müharibəyə başlamağa risq etməzdi. Hindistanla Pakistan nüvə silahına malik olduqlarını eyni gündə açıqladılar. Nüvə silahı bu iki dövləti bir-biri ilə böyük müharibədən çəkindirən amildir. Doğrudur, Çin və Hindistan sərhədin dağlıq hissələrində ara-sıra gərginlik yaşayırlar. Ancaq hər ikisinin nüvə silahı olmasaydı, toqquşmanın miqyası daha böyük olacaqdı. Şimali Koreya uzun illərdir nüvə başlıqlı raketlərin istehsalıyla məşğuldur. Bu təhlükə Cənubi Koreyanı da nüvə silahına malik olmaq fikrini gücləndirib.
İran rəsmiləri və din xadimləri nüvə silahının İslama zidd olduğunu vurğulasalar da, uranı zənginləşdirməklə məşğuldurlar. Məqsəd nüvə silahına yiyələnməkdir. Ona görə də İsrail tələsir. İran nüvə silahı əldə etdikdən sonra bu ölkə ilə müharibə hamı üçün təhlükəli olacaq.
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri