Dünyada çox ölkənin bir çox təbii sərvəti vardır. Amma o ölkələrin heç də hamısı sərvətlərini emal, istifadə və ixrac edə bilmir. Sərvətə malik olmaq yaxşıdır, ancaq siyasi iradə olmasa, o yaxşılıq havada qalar, işlək mexanizm qazanmaz...
Bir də, güclü təbii sərvətləri olmayan bəzi ölkələr var ki, "boş cib"lə ("qeyri-müəyyən gələcək"lə) belə quru iddia, əssasız əda nümayişini görüncə, "Əgər təbii sərvətləri olsaydı, ondan necə amansız silah kimi istifadə edərdi" deyə düşünürük. - İraq olsun, bir düşünün uğursuz və dalan Ermənistanın nefti, qazı olsaydı nə edərdi? Bizim torpaqları işğal altda tutarkən Suqovuşan su anbarını necə amansız mübarizə vasitəsinə çevridiyini unutmamışıq. Yayda suyu kəsən, qışda buraxan bir qudurğan zehniyyətdən danışırıq. İndi təsəvvür edin, Avropaya qaz, neft göndərən ölkə Ermənistan olsaydı, işləri-gücləri hər barrel neftin, hər kub qazın yanında bir anti-Azərbaycan qətnaməsi, sanksiya tələbi olardı. Xoşgörülü, xeyirxah Azərbaycan nə edir? - Deyir, üşüyürsüz - istlik təmin edək, ikilistandartlardan qurtula bilmirsiz - ədalətə dəvət edək, haqsızlıqlar etmisiz - daha yenilərini etməyin. Üşüyən Avropanın enerji təminatına comərdcə kömək edən Azərbaycana qarşı hətta yenə siyasi-diplomatik təhdidlər davam edirsə, bu bizim qarşımızdakı dolaşıq erməni hiylə yumağının necə düynlü olduğunu göstərir.
Bax, belə bir ortamda Azərbaycan Prezidenti dost-qardaş Macarıstana səfər etdi, çox önəmli ismarıclar verdi, vacib sənədlər imzalandı. Yanvarın 30-da Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə Macarıstanın Baş naziri Viktor Orban və xanımı Aniko Levai tərəfindən verilən rəsmi naharda Baş nazirin dediyi sözlərə diqqət edək: "Biz sizin enerjinizə görə sizin dostunuz deyilik, çünki indi sizin çoxlu enerji dostunuz var. Biz sizinlə mədəniyyəti, oxşar keçmişi paylaşırıq. Biz Sizin bizə təklif etdiyiniz imkanları çox yüksək dəyərləndiririk. Siz macarlara Azərbaycanın neft sənayesinə sərmayə yatırmağa icazə verdiniz". Baş nazirin bu sözlərinə xüsusi vurğu edən Prezident İlham Əliyev dedi: "Əziz dostum dediyi kimi, biz enerji dostları deyilik, biz əsl dostlarıq. Deyə bilərəm ki, son bir il ərzində Azərbaycana enerji resurslarının təchizatı ilə bağlı 10-dan çox ölkədən sifarişlər gəlmişdir, xahişlər edilmişdir. Deyə bilərəm ki, bütün bu təkliflər indi müzakirə edilir və adi qaydada müəyyən bürokratik prosedurları nəzərə almaq şərtilə müzakirə olunur və sonra əlbəttə ki, qərarlar qəbul ediləcək.
Amma Macarıstanla Azərbaycan arasında təbii qaz sahəsində əməkdaşlığa dair bu gün imzalanmış sənəd deyə bilərəm ki, cəmi üç gün ərzində hazırlanmışdır və bu gün imzalanmışdır. Yəni, üç gün, özü də bu, "weekend" günləri idi. Amma o yetərli oldu ki, biz çox önəmli strateji addımı bu gün ataq və öz imzamızı qoyaq. Bu, bir daha əlaqələrimizin nə qədər səmimi olmasından xəbər verir. Əlaqələrimizin ən böyük dəyəri məhz budur - qarşılıqlı etimad, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar üzərində birgə fəaliyyətimiz"...
Şərqi Avropanın digər bir mühüm ölkəsi - Rumıniyanın Prezidenti Klaus Yohannis isə bu günlərdə Azərbaycana səfərdəydi. Ötən ilin son ayları Azərbaycanla Serbiya arasında ən yüksək səviyyəli qarşılıqlı səfərləri də yaxşı xatırlayırıq. Yaxşı xatırlayırıq ki, ötən il dekabrın 17-də Prezident İlham Əliyev Buxarestdə yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin imzalanmasına dair plenar iclasda, ondan bir qədər öncə isə Bolqarıstanda interkonnektorun açılışı mərasimində iştirak etmişdi...
Ayrıca, Prezident İlham Əliyev fevralın 4-də "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzaladı.
Son bir neçə ay içində baş vermiş bütün bu (keçmiş və ən yeni) enerji, ticari-iqtisadi hadisələr, dövlətlərarası anlaşmalar, rəsmi və işgüzar səfərlər enerji məsələlərinin nə qədər güncəl olduğunu təkzibolunmaz şəkildə təsdiq etməkdədir. Və belə bir fonda - içində olduğumuz ayın 3-də Bakıda "Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası"nın keçirilməsi (sözün müsbət anlamında) tamamlayıcı hadisə oldu. Bu bağlamda nələri özəlliklə fərqləndirmək olar? -
- Beynəlxalq xarakterli bu önəmli tədbir, ölkəmizin regionda, Avrasiyada, bütövlükdə dünyada artan nüfuzunu nümayiş etdirdi. Tədbir iştirakçılarının sayı-sanbalı, iştirakçı ölkələr, Məşvərət Şurası üzvlərinin, nazirlərin Bakıda verdiyi çox önəmli ismarıclar dediklərimizi əyani şəkildə təsdiq edir;
-Azərbaycan bu gün üşüyən Avropa - ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün xilaskara çevrilib. Rusiyanın Ukraynaya (davam edən) hərbi təcavüzü fonunda Avropada enerji böhranı danılmazdır. Bu qışdan çıxmaq hələ böhranın tam və kamil həlli sayılmaz. Proses həm (Rusiya-Ukrayna) müharibə meydanında, həm də beynəlxalq qaz, neft bazarındakı mübarizə meydanında davam edir. Belə bir ortamda etibarlı (sarsılmaz dərəcədə etibarlı!) enerji tərəfdaşı bula bilmək Avropa üçün əvəzsiz nemətdir.
Üşüyən Avropa siyasi-diplomatik müstəvidə soyuq davranmamalı, ədalətli olmağa özündə güc tapmalıdır. Mövcud olduğu 100-105 il içində həmişə yıxılmağa yer gəzən cırtdan (və perspektivsiz) Ermənistanın haqsız iddialarının əsiri olmaqdan birmənalı şəkildə qurtulmaq lazımdır! Azərbaycan kimi etibarlı tərəfdaşa qarşı müxtəlif üsul-vasitələrlə haqsızlıq etmək heç kəsə başucalığı gətirməz. Üstəlik, Avropanın üşüməsinə səbəb olan Rusiya-Ukrayna müharibəsində Ermənistan Rusiya ilə bir hərbi ittifaqdaykən Azərbaycan Ukrayna ilə GUAM platformasında ortaqdır, Ukraynaya davamlı humanitar yardımlar, o cümlədən enerji yardımları edir.
Azərbaycana qarşı qeyri-qanuni (prosedur pozuntuları ilə), ədalətsiz qətnamə qəbul edən, Laçın-Xankəndi yolu ilə bağlı, eləcə də, Qarabağın dağlıq hissəsindəki "erməni mədəni abidələri"nin durumu ilə bağlı guya narahatçılıq varmışcasına haqsız çağırış edən Avropa Parlamenti, ümumən Avropa Birliyi, necə deyərlər, Avropa başbilənləri illa düşünməlidir: kimi kimin ayağına verməyə çalışırıq? 30 illik ağır işğal dönəmində haqsızlıqlara, ikilistandartlara boyun əyməyən dövlət, xalq tarixi Zəfərdən sonra nəyəsə vadar edilə bilərmi? Üstəlik, Rusiya ilə bir hərbi ittifaqda olan, ərazisində Rusiyanın hərbi bazası olan Ermənistan sivil dünya üçün təhdid təşkil edən Fars-Molla rejimi ilə də "cici-bacı"dır. O Fars-Molla rejimi ki, Ermənistanın paytaxt şəhəri ilə yenicə "qardaşlaşmış", Ermənistan Baş nazirinin xanımını təmtəraqla ağırlamış paytaxt şəhəri Tehranda (yanvarın 27-də) Azərbaycan Respulikasının Səfriliyinə terror aktı törədib...
Gəlin yaşıl bayraqlı İslamı qaralara bürüməyə çalışan Fars-Molla rejimindən yenidən yaşıl enerji mövzusuna keçid edək. Azərbaycan yaşıl enerji mövzusuna, işğaldan azad edilmiş ərazilər, Xəzərin Azərbaycan bölümü də daxil olmaqla böyük miqyas qazandırıb. Neft-qaz sərvətləri ilə zəngin bir ölkənin yaşıl enerji mövzusunda da qabaqcıl olması özü çox nəcib, irəligörüşlü, intellektual hərəkətdir və ekoloji (bəşəri) qayğılara səmimi yanaşmanı təcalla etdirir.
Onu da vurğulayaq ki, Avropa Birliyi ilə strateji tərəfdaşlığın gücləndirilməsi, Avropa Komissiyasının Prezidenti Fon der Lyayenin respublikamıza (2022-ci ilin iyulundakı) səfəri, məlum Sazişin imzalanması, Avropa ölkələrinin Azərbaycana artan müraciətləri, Prezident İlham Əliyevin Avropa ölkələrinə və Avropa liderlərinin, yüksək vəzifəli nümayəndələrinin respublikamıza çoxsaylı səfərləri, aparılan müvafiq danışıqlar öz gerçək sonuclarını verir. (Xanım Ursula Fon der Lyaye Azərbaycana səfərə gələrkən paylaşdığı "tvit"I xatırlayaq: "AB daha etibarlı enerji təchizatçılarına müraciət edir. Bu gün mən Azərbaycanda yeni saziş imzalamaq üçün gəlmişəm. Məqsədimiz bir neçə il içində Azərbaycandan AB-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan tədarük təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş olacaq")...
Bəzi Azərbaycanafob, Türkafob, İslamafob Qərb dairələrinin, özəlliklə erməni lobbisinin Azərbaycanın Avropa üçün önəmini kiçiltmək cəhdləri sıfırlanmaqdadır. Xeyirxah ölkəmizə qarşı təşkil olunmuş çirkin qara piar kampaniyaları, Azərbaycanı təkləmə cəhdləri yaramazların özkeçmişinə yazılmaqdan başqa bir şeyə yaramayacaq. Anti-Azərbaycan haray-həşiri iflasa uğrayır. Yuxarıda vurğuladıqlarımız Azərbaycanın Avropa üçün nə dərəcədə önəmli ölkə olduğunu bir daha təsdiqləyir. Bəli, kəsafətləri doğraya-doğraya irəliləyən Azərbaycan həm Avropanın gözünü açır, həm də gözünü açdığı məkanın xilaskarı rolunu üstənir.
Ustad necə deyirdi? -
Qalibiyyət qatarı, şığı sabaha sarı,
Doğra kəsafətləri, dağıt qaranlıqları.
Göstər bu qaranlığın ardındakı işığı,
Qoy elə işıq olsun dünyanın yaraşığı.
(Z.Yaqub).
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI