Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələ, yüzlərlə hündürmərtəbəli yaşayış binasının yerlə-yeksan olması, dağılması haqlı olaraq Azərbaycan cəmiyyətində də müəyyən narahatlıq yaradıb. İndi əksəriyyətin sualı bundan ibarətdir ki, ölkəmizdə ciddi yeraltı təkanlar olacağı təqdirdə istər paytaxt, istərsə də bölgələrdə inşa olunmuş hündürmərtəbəli yaşayış binaları zəlzələyə nə dərəcədə tab gətirəcək?
Düzdür, müvafiq qurumlar, tikinti, eləcə də binaların istismara qəbulu ilə məşğul olan səlahiyyətli şəxslər, həmçinin tikinti şirkətləri hündürmərtəbəli binaların təbii fəlakətlərə davamlı olduğunu bildirirlər, lakin bunun əksini düşünənlər də var.
Newscenter.az-ın xəbərinə görə, sabiq millət vəkili, professor Cahangir Hüseynov isə hesab edir ki, Bakıdakı hündürmərtəbəli binaların zəlzələyə nə dərəcədə davamlı olduğuna əmin olmağımız üçün onlara yenidən baxış keçirilməlidir:
“Həm Fövqəladə Hallar Nazirliyi, həm digər müvafiq qurumlar, həm də tikinti şirkətləri, eyni zamanda bina sakinlərinin iştirakı ilə həmin yaşayış binalarına yenidən baxış keçirilməli, lazım gələrsə o binalarda süni zəlzələ effekti yaradaraq onun zəlzələyə davamlılığı yoxlanılmalıdır. Mən qəti əmin deyiləm ki, Bakıdakı bütün inşa edilmiş hündürmərtəbəli yaşayış binaları bu cür təbiii fəalkətlərə davamlı olsun. Çünki onların tikintisi zamanı vacib norma və üsullardan istifadə edilməyib. Tikinti zamanı istifadə edilən materiallarından mənimsəmə halları baş verib. Bu da hər hansı bir binanın tikintisində ciddi fəsadın meydana çıxması deməkdir”.
Cahangir Hüseynov hesab edir ki, əksər tikinti şirkətləri indi özlərinə əl qatıb inşa etdikləri binaların dözümlü, zəlzələyə davamlı olduğunu iddia etsə də, əslində vəziyyət heç də ürəkaçan deyil:
“Korrupsiya və rüşvətxorluq bütün dünyada mövcud olduğu kimi təəssüf hissi ilə qeyd edirəm ki, bizdə də var. Yaşayış binalarının tikintisi üçün yerin alınması, onun inşası, istismara qəbulu zamanı milyonlarla manat rüşvət verilir ki, bu da nəticə etibarilə binaların tikintisində, istifadə edilən materialların keyfiyyətində öz mənfi təsirini göstərir”.
Cahangir Hüseynov onu da deyib ki, qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələdən ciddi nəticə çıxartmalıyıq:
“Əgər nəticə çıxarmasaq, bizi daha böyük bəlalar gözləyə bilər. Nəzərə alsaq ki, Bakıda da müntəzəm olaraq xırda təkanlar baş verir və bura da seysmik zona kimi xarakterizə edilir, o zaman vaxt itirmədən hündürmərtəbəli binaların yenidən zəlzələyə davamlılığını yoxlanmasına başlamalıyıq”. Sabiq millət vəkili hesab edir ki, yoxlama zamanı hansı tikinti şirkətinin inşa etdiyi yaşayış binası ilə bağlı nöqsan aşkar edilsə, həmin şirkətin rəhbərliyi məsuliyyətə cəlb edilməlidir.
Mehman