Peşəsindən asılı olmayaraq hər bir şəxsin peşə fəaliyyətindən kənar müəyyən bir şəxsi və ictimai maraqlardan çıxış edən davranışı mövcuddur. Bu davranış şəxsin peşə fəaliyyəti ilə birbaşa əlaqəli olmasa da, müəyyən mənada peşə fəaliyyətinə təsirsiz ötüşmür. Məhz peşə fəaliyyətinə təsir edəcək peşə fəaliyyətindən kənar davranış intizam məsuliyyətinin yaranmasına gətirib çıxarda bilər ki, bu peşələrdən biri də vəkillikdir. Vəkillərin peşə fəaliyyətində, eləcə də peşə fəaliyyətindən kənar davranışı Vəkillər Kollegiyası üzvlərinin 07.12.2017-ci il tarixli konfransında qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Əsasnamənin qəbuluna qədər qüvvədə olan Vəkillər Kollegiyası üzvlərinin 08.12.2012-ci il tarixli konfransında qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamədən fərqli olaraq yeni Əsasnamə daha təkmil və ətraflı şəkildə, xüsusilə xarici ölkələrin təcrübəsi öyrənilməklə hazırlanmışdır. Məhz bu səbəbdən yeni Əsasnamədə əvvəlkində mövcud olmayan, xüsusilə maraqlı bir ifadə öz əksini tapmışdır - “peşə fəaliyyətindən kənar davranış” (1.3, 2.4 və 2.8-ci bəndlər).
“Peşə fəaliyyətindən kənar davranış” ifadəsinin şəxsi və ictimai maraqlarını nəzərə alsaq o zaman Əsasnamə ümumi ifadə işlətməklə vəkilin istər şəxsi, istərsə də ictimai maraqlardan çıxış edən davranışlarını nəzərdə tutmuşdur, baxmayaraq ki, Əsasnamədə vəkilin peşə fəaliyyətindən kənar davranışını həyata keçirəcək bəzi sahələrə toxunulmuşdur. Beləliklə, yeni Əsasnamə əvvəlkindən fərqli olaraq vəkilin peşə fəaliyyətindən kənar davranışına ümumi olaraq, ictimai maraq çərçivəsində nəzarət etməyə başlamışdır. Əgər biz xarici ölkələrin təcrübəsinə nəzər yetirsək, görərik ki, vəkillərin peşə fəaliyyətindən kənar davranışına nəzarətlə bağlı müddəalar müəyyən mənada öz mövcudluğunu davranış qaydalarını tənzimləyən aktlarda tapmışdır. Məsələn, Türkiyə Barolar Birliyinin 08-09.01.1971-ci il tarixli Baş Assambleyasında qəbul edilmiş “Türkiyə barolar birliyi peşə” Qaydalarının 4-cü bəndində göstərilmişdir ki, “vəkil peşəsinin etibarını zədələyəcək hər cür münasibət və davranışdan qaçmağa məcburdur. Vəkil, şəxsi həyatında da buna qayğıyla cavabdehdir”. Yaxud, Polşa Vəkillər Birliyinin Rəyasət Heyəti Ali Şurası tərəfindən 14.12.2011-ci il tarixdə qəbul edilmiş Vəkil Etika Kodeksinin 4-cü bəndinə görə, “vəkil, vəkil etikasından boyun qaçırmağa görə, həmçinin peşə və ictimai fəaliyyəti zamanı, şəxsi həyatında peşə ləyaqətini pozduğuna görə intizam məsuliyyəti daşıyır”.
Göstərilənlərdən fərqli olaraq Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasınının (CCBE) 28.10.1988-ci il tarixli Plenar Sessiyasında qəbul olunmuş “Avropa vəkillərinin davranış” Kodeksində vəkilin peşə fəaliyyətindən kənar davranışı ilə bağlı konkret olaraq hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Baxmayaraq ki, yuxarıda təcrübəsinə istinad etdiyimiz Türkiyə Barolar Birliyi, Polşa Vəkillər Birliyi CCBE-nin üzvüdür, lakin sözügedən Kodeksindən fərqli olaraq vəkilin peşə fəaliyyətindən kənar davranışı ilə bağlı müddəaları öz daxili aktlarında nəzərdə tutmuşdular. Bu isə onu deməyə əsas verir ki, vəkilliyin inkişaf və mövcudluğunda cəmiyyətin marağı xüsusi əhəmiyyət kəsb etdiyi üçün bu maraq nəzərə alınmalıdır.
Əslində Avropa vəkillərinin davranış” Kodeksinin 1.2.2-ci bəndinə görə, yerli, milli adətlərdən asılı olaraq hər bir vəkil kollegiyası özləri üçün davranış qaydaları müəyyən edir. Bu qaydalar hər bir üzv dövlətin vəkillik peşəsinin təşkili və fəaliyyət sahələri, məhkəmə və inzibati prosessual normalar və yerli qanunvericiliklə uzlaşdırılır. Bu qaydaları onların məzmunundan uzaqlaşdırmaq, buna cəhd göstərmək, həmçinin mahiyyət etibarilə onları ümumi qaydadan fərqli olaraq başqa cür tətbiq etmək mümkün deyildir. Vəkillər kollegiyalarının və hüquq cəmiyyətlərinin özlərinə aid davranış qaydaları olmalarına baxmayaraq eyni dəyərlərə söykənməklə eyni mahiyyətə malikdirlər. Həmçinin, Kodeksin 1.3.2-ci bəndinə əsasən, CCBE vasitəsi ilə vəkillik fəaliyyətini təmsil edən təşkilatlarin bu qaydaları məcəllələşdirməkdə məqsədlərindən biri - deontologiya və peşə davranışı ilə bağlı qaydalar təkmilləşdirilərkən onların davamlı olaraq Kodekslə harmonizasiyalaşdırılmasından ibarətdir. Daha sonra onlar deontoloji və vəkillik praktikası ilə bağlı milli davranış qaydalarının bu Kodeksə uyğun olaraq implementasiya olunacağını ifadə edirlər. Nəzərə alsaq ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası 13.05.2022-ci il tarixdən CCBE-yə müşahidəçi ölkə kimi üzv qəbul olunmuşdur, o zaman Kodeksin 1.2.2-ci və 1.3.2-ci bəndlərinə uyğun olaraq vəkillərin davranış qaydalarını müəyyən edən akta yenidən nəzər yetirilməsi və onun Kodeksə uyğunlaşdırılması daha məqsədəmüvafiq olardı.
Bundan başqa Əsasnamənin istər məzmun, istərsə də əhatəlilik (Ukrayna Vəkillərinin Milli Assosasiyasının “Vəkil etikası” Qaydaları və Polşa Vəkil Kodesi və Polşa Vəkillər Birliyinin Vəkil Etika Kodeksi 70 maddədən ibarətdir) baxımından təkmilləşdirilməsi təklifi də müsbət qarşılanmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar davranışına gəlincə, bununla bağlı Əsasnamədə 2 müddəa - loyallıq (2.4-cü bənd) və mədəni davranış (2.8-ci bənd) nəzərdə tutulmuşdur. Doğrudur, Əsasnamədə şəxsi həyatla ilgili hər hansı bir davranışdan söhbət getmir, lakin bu, onun vəkilin şəxsi həyatı ilə bağlı davranışı nəzərdə tutmaması anlamına gəlmir. Biz “peşə fəaliyyətindən kənar davranış” ifadəsinin nə dərəcədə əhatəli olduğunu yuxarıda qeyd etmişik və unutmaq lazım deyil ki, “şəxsi həyat” ifadəsinə heç Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) də dəqiq və aydın anlayışı verməmişdir; onun rəyinə görə, bu, tam anlayış verilməsi mümkün olmayan geniş əhatəli termindir (“Kastello-Roberts Birləşmiş Krallığa qarşı” iş üzrə 25.03.1993-cü il tarixli qərar). Odur ki, Əsasnamədə nəzərdə tutulan “peşə fəaliyyətindən kənar davranış” ifadəsini vəkilin şəxsi və ictimai maraqlarını özündə əks etdirən istənilən davranışına aid etməsi mövqeyində qalırıq. Buna baxmayaraq, Əsasnamənin vəkilin peşə fəaliyyətindən kənar hansı davranışında maraqlı olması aydın göstərilmişdir. Belə ki, Əsasnamənin 1.3-cü bəndinə əsasən, hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir.
Göründüyü kimi, Əsasnamə vəkilin peşə fəaliyyətindən kənar bütün fəaliyyətini deyil, onun yalnız vəkilliyin nüfuzuna xələl gətirən fəaliyyətinin olmamasında maraqlıdır. Anlaşılan odur ki, Əsasnamə vəkilin peşə fəaliyyətindən kənar davranışlarının nədə və nədən ibarət olmasında maraqlı olmamış, yalnız bu davranışların vəkilliyin nüfuzuna xələl gətirməməsini tələb etmişdir ki, burada başlıca məqsəd cəmiyyət tərəfindən “etibar olunan” və “müdafiə edən” kimi ünvana sahiblənmiş vəkillik institutunun dəyəri söz mövzusudur. Məhz bu səbəbdən vəkillik institutunun nüfuzu fərdi olaraq bir vəkilin peşə fəaliyyətindən kənar davranışı səbəbindən zərər görməsi elə ilk növbədə həmin vəkilin peşə daşıyıcısı kimi kimi zərər görməsinə gətirib çıxardır.
Xüsusi olaraq diqqət ayrılmalıdır ki, burada söz mövzusu vəkilin peşə fəaliyyətinin qaydaları ilə peşə fəaliyyətindən kənar davranışının məhdudlaşdırılması anlamı daşımır. Doğrudur, AİHM bir neçə qərarında şəxsin peşə fəaliyyətindən kənar davranışının peşə pozuntusu kimi qiymətləndirməsi ilə bağlı maraqlı və əhəmiyyətli münasibətlərə toxunmuşdur (“Aleksandr Volkov Ukraynaya qarşı” işdə AİHM müəyyən etmişdi ki, “ərizəçinin peşə normalarını pozduğu əsas gətirilərək işdən azad edilməsi Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş "şəxsi həyata" hörmət hüququna müdaxilə təşkil edib (165-167-ci bəndlər), “Fernandes Martines İspaniyaya qarşı” iş üzrə AİHM qeyd etmişdi ki, “...sözün əsl mənasında şəxsi həyat ilə peşə həyatı arasında qarşılıqlı əlaqə bu işdə heyrətamiz dərəcədə idi, belə ki, ərizəçinin peşə fəaliyyətlərinin xarakteri və nəticə etibarı ilə işdən azad edilməsi onun şəxsi həyatındakı davranışına birbaşa təsir göstərmişdi (111-ci bənd)). Ümumi olaraq, burada Əsasnamənin öz maraq dairəsindən (vəkilliyin nüfuzuna xələl gəlməməsi) çıxış etməsini nəzərə alsaq onun vəkilin peşə fəaliyyətindən kənar davranışına hər hansı bir məhdudlaşdırma tətbiq etməsinin şahidi olarıq. Ayrıca, vəkillik fəaliyyətinə başlayan şəxsin, vəkil andını içdiyi andan artıq Əsasnamə tələblərini qəbul etmiş şəxsə çevrilməsi və bunun onun şəxsi həyat davranışlarında əhəmiyyət kəsb etməsini anlaması mübahisə mövzusu olmamalıdır.
Vəkillik cəmiyyətdə xüsusi əhəmiyyətə malik olan bir peşədir və bu peşə insanın təməl hüquqlarından sayılan müdafiə hüququnun həyata keçirilməsində birbaşa maraqlıdır. Həmçinin, unutmaq lazım deyil ki, vəkillər cəmiyyətdə bir “nəzarətçi” funksiyasını həyata keçirirlər; cəmiyyətdə mövcud hüquq pozuntularını nəinki lazımı qaydada diqqətə çatdırmaqda, hətta onların qanun çərçivəsində qarşısının alınmasında və cəzalandırılmasında daima maraqlıdırlar. Odur ki, vəkilin istər peşə fəaliyyətində, istərsə də peşə fəaliyyətindən kənar davranışına bir “peşə nəzarəti” funksiyası mövcud olması ağlabatandır. Peşə fəaliyyətindən kənar davranışın heç də bütün hallarda vəkilliyin nüfuzuna təsir etməsi və vəkilin nəticədə intizam məsuliyyətinə cəlb olunması anlamına gəlmir. Bunun üçün pozuntunun mövcudluğu və onun şəxsi və ictimai maraqların vəkilliyin nüfuzuna təsiri baxımından nə dərəcədə əhəmiyyətinin müəyyən edilməsi zəruridir. Məsələn, əgər vəkil peşə fəaliyyətindən kənar olararaq qonşusu ilə mübahisə edirsə, yaxud ona hər hansı bir xoşagəlməz ifadə işlədirsə və bunu vəkil olmağından, vəkil kimi fəaliyyət göstərməyindən dolayı edirsə, bu hal vəkilliyin nüfuzuna xələl gətirən haldır.
Eyni zamanda nəzərə almaq lazımdır ki, Əsasnamədə nəzərdə tutulan müddəalar vəkilin şəxsi həyatına aid davranış qaydalarını nəzərdə tutsa da, ona müdaxilə kimi qiymətləndirilməməlidir. Məsələn, Əsasnamənin 2.8-ci bəndinə əsasən, mədəni davranış - vəkil peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır. Həmçinin, Əsasnamənin 6.4-cü bəndinə görə, bu Əsasnamədə qeyd olunan davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Unutmaq lazım deyil ki, mədəni, nəzakətli, diqqətli və səbirli olmaq şəxsi toxunulmazlıq hüquqları toplumuna aid olan sərbəst iradə ifadəsi hüququna aiddir ki, şəxs seçiminə görə bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmaya bilər və buna hüquqi məsuliyyət yaradacaq hərəkətin baş verməyəcəyinə qədər məcbur edilə bilməz. Belə olan halda Əsanamədə nəzərdə tutulan “peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır” ifadəsi vəkilin vəkilliyin nüfuzuna xələl gətirə biləcək hallarda keçərli olması başa düşülməlidir. Məsələn, vəkilin ailədə şəxs münasibətlər zəminində əri (arvadı) ilə səbrli davranmaması onun davranışının Əsasnamənin 2.8-ci maddəsinin təsiri altına düşməsi və 6.4-cü maddəsinin tələbləri baxımından məsuliyyətə cəlb olunması anlamına gəlmir. Əgər vəkil ərinə (arvadına) qarşı səbrli davranmamasını vəkil olması ilə əlaqələndirirsə, yaxud vəkil olmağından istifadə edərək bundan yararlanmaq istəyirsə bu artıq davranış qaydalarının pozuntusudur, çünki burada “səbrli olmamaq” artıq şəxs maraq konteksindən deyil, peşə marağı konteksindən çıxış edir.
Paşa Səfərov
Vəkil, Vəkillərin İntizam Komissiyasının üzvü,
Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri