Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hamı üçün oxunan eyni fərman – ÖLÜM!

Hamı üçün oxunan eyni fərman – ÖLÜM!


Türkiyədə baş verən dağıdıcı zəlzələlərin acı nəticələri günlərdir hər birimizə dərin acı yaşadır.Bəlkə də fevralın 6-da televiziya kanallarında görüntüləri izləyəndə sizin də ağlınızdan belə bir fikir keçib: "Deyəsən, dünyanın sonu çatıb axı". Bəli, bizə dünyanın sonu kimi görünən bu ağır, dəhşətli hadisə qardaş ölkədə, dəfələrlə təbii fəlakətlərin ağır nəticələri ilə üzləşən canımız Türkiyəmizdə baş verirdi.Yaşanan faciədən sonra insanların həyatda qalmaq uğrunda mübarizə aparmasını görmək çox ağırdır. Neçə gündür özümə gələ bilmirəm.10 əyaləti yerlə-yeksan edən zəlzələdən sonra axtarış-xilasetmə işləri tam sürətlə davam edir.Zəlzələnin ağrıları, üzərinə gecə arabir yağan qarla birlikdə səhər yavaş-yavaş açılmağa başlayan saatlarda insanları yaxaladı.Həmin gündən seyr etdiyim kədərli səhnələr kimi, unutmaq istədiyim, lakin heç vaxt bacarmadığım məyusluq və kədər məni həddindən artıq üzür.Bu gün də yeni şəkillər, videolar...Lakin hələ də daha çox tanış olacağımız başqa talelərin şəkilləri yığılır.

Kiçik bir dəlikdən gələn işıq ümidsiz fevral axşamında dağıntılar altında qalan insanları həyata bağlayan tək gerçəkdir. Gözlərində dünya kiçilir. Bir dəlik boyda dünyanın tək sakini olmaq necə də qəribədir. Bədənsiz ruhlar azaddırlar. İstədiyi yerə gedə bilir, heç bir maneə onları saxlaya bilmir. Amma bu daşların altında bədəni sanki ruhunu da sıxıb, cölə çıxmağa qoymadığı, ancaq ümidlə qurtarılacağı günü gözləyən zavallılar...

Bir zərrə işığın ətəyindən tutub nə qədər xilas olmaq istəyən tale varmış. Həyatla ölüm arasında bir zərrə işıq! İşıqları sönmüş ulduzları xatırladı. Parlaq ulduzların yanında onlar heç görünmür. Lakin onlar var, mövcuddur.
Qəbir o biri dünyanın qapısıdır. Öz boyuna uyğun qazıb səni bu qapının ağzında qoyub, üstünü möhkəm örtürlər. Bəzən üstünə beton da tökürlər. Sanki geri qayıtmaq istəsən, bu beton səddi keçə bilməyəsən.

Onlarında üstündə beton var. Amma kiçik də olsa işıqları var. Demək geri dönə bilərlər.Görəsən, göydən də yerə baxanda burada həyatları qaralmış, ulduzları sönmüş talelər də belə görünür?! Xoşbəxt insanların yanında onları heç kim görmək istəmir? Amma onlar da var, mövcuddur.Hər an, bir həyat deməkdir.
Bir video lentində dağıntılar altında qalan uşaqların xilasedicilərlə söhbəti yer alır.Bina uçqununun altında qalan uşaqlar vəziyyətlərinin yaxşı olduğu deyirlər:

"Bacımın vəziyyəti yaxşıdır. Qardaşım arxamdadır. Qardaşımın səsi gəlir"...Bu "uşaqlar ölmədi" düşüncəsiylə özümə təsəlli verdiyim acı həqiqət oldu.

Övlad sevgisi valideynə hər şeydən üstündür. Onun üçün həyatda hər əzaba dözür. Başqa bir dözülməz videoyazıda bir pecenyanı uşağına vermək üçün bərk-bərk ovcunda saxlayan gözüyaşlı məsum ata gördük. Lakin ucqundan çıxan övladları cansız idi.Bu kimi səhnələri izlərkən burulğanın içində bir anlıq üstümdə uçqun dağı hiss edib həyatla əlaqəmin kəsildiyini hiss etdim. Günlərlə göz yaşı tökdüm.

Demək, bəzən görmək istədiyini görməyə mane olan başqa səbəblər də varmış. Səni əsl insan olmağa qoymayan, mənliyini öz kiçik dünyana qapadan dağdan ağır yüklər varmış.

Telefon kameraları ilə çəkilən dəhşətli səhnələr iki mesaj daşıyır:


Birincisi: fəlakətin nəhən və şokedici miqyası ilə insanların yox oluşu, qurtarılanların isə əzizlərinin itkisi ilə canlı ölüyə dönməsi...

İkincisi, bütün ölkəni bürüyən acizlik və məhrumiyyət hissi...

Faciədən bir necə saat öncə həmin yerləri seyr etsəydik geniş evlər, qayğısız həyatlar, işığın dalınca düşüb xoşbəxt evlərə girən, qarışqa kimi işləyib evlərini bahalı mebellərlə dolduran və bu evlərdə heç vaxt ölməyəcək kimi yaşayan insanlar görərdik.

Görəsən, bu insanlar nə vaxtsa öləcəklərini heç düşünüblərmi? Sənin olmayacaq şeylər uğrunda savaşmaq, bir ömür boyu haqsızlıq edərək, zülm edərək yaşamaq! Bütün bunlara görə dəyərmi ömrünü heçə vermək?! Bu qədər faciələr yaşansa da, bəşər övladı düzəlmir. Hərdən insanlığımızı unuduruq.Hərdən bu dünya bir imtahan olduğunu yaddan çıxarırıq.

Sultan Süleymanı əliboş göndərən dünya sizcə yığılan var-dövləti bizlərləmi yola salacaq?!
Bu dünyada öyünülən bahalı dəmir parçaları (avtomobillər), hər cibdən çıxarıldıqda az qala ətrafdakıların həsətlə baxdığı bahalı mobil telefonlar, bahalı libaslar, parıltısı ilə kin-küdurət basmış ürəklərə işıq saçan qızıllar– hamısı bu dünyada qalacaq. Dağıntılar altından çıxan pullar, qızıllar, bahalı əşyalar əslində bizə bu yazılanların dərsini vermirmi?!

Yaşamaq üçün mübarizə aparırıq – təhsil alırıq, karyera qururuq, şan-şöhrət qazanmaq üçün dəridən-qabıqdan çıxırıq. Lakin bir şeyi unuduruq – alim də ölür, fəhlə də. Varlı da ölür, kasıb da. Görəsən dəyərmi fani həyat üçün bu qədər savaşmağa?!

Həyata bu qədər sarılarkən, ucalarkən ölümdən uzaqlaşmaq... Həyatdakı ən böyük yanlışlığımız isə məhz budur – biz ölümdən uzaqlaşdıqca o bizə daha da yaxınlaşır.

Yığılan dünya malı, tikilən mülklər – hamısı bilirsiniz nədir – bir ovuc torpaq! İnsandan sonra qalan sərvət – mirəs!
Bəli, həyat bax budur… Gecəsini gündüzünə qatıb, min bir əziyyətlə çalışıb böyük arzularla ev quranların sonu oldu bir fəlakət. O evlərdə təkcə insanlar yox, neçə-neçə ümidlər öldü, xəyallar, istəklər, sevgilər dağıntılar altında qaldı. Ağlar qaldı ata-analar, yetim qaldı körpə balalar, məhv oldu sevgi dolu yuvalar. Həyat ana ilə övladını qucaqlaşıb ölümü gözlədəcək qədər amansız, bir ailənin bütün üzvlərini eyni anda öldürəcək qədər qəddarmış. Ona görə, sevdiklərinizə doya-doya sarılın, geridə sizdən incimiş, küsmüş bir qəlb buraxmayın. Hər gedən anın sonunuz ola biləcəyini düşünün, qürur edib deyə bilmədiyiniz sözləri sevdiklərinizə deməyə tələsin, sonra çox gec ola bilər...
Əslində, kimin başına nə gələcək, heç birimiz bundan xəbərdar deyilik. Bəlkə, bizi də bu kimi bəlkə də, bundan fərqli acı sonluq gözləyir, deyə bilmərik.Bu, reallıqdır. Hər gün kütləvi informasiya vasitələri ilə dünyada baş verən ibrətamiz hadisələrə şahid oluruq.Lakin dərs olurmu bizə?! Yox...

Yaşadığımız dövr bizdən mümkün olduğu qədər psixoloji dayanıqlılıq tələb edir. Biz yeni dünyanın diktə etdiyi qaydalarla yaşamağı öyrənməliyik. Və bu dünyada ölüm bir nəfəs qədər yaxınımızdadır bunu hec bir zaman unutmamalıyıq.

Şair Dylan Thomas ölüm haqqında çox yazıb. Məsələn, "Ölümün qaranlığına təslim olma" adlı məşhur şeirində belə misralar var:
Sabah əbədi gecə səni aparacaq?
Bu gündən lənətlə,
İşıq ölməz de,
Əyilmə.

Platonun "həyat ölümün fonu deyil, ölüm həyatın fonudur" fikri isə müzakirə mövzumuzun nə qədər uzana biləcəyi potensialının tərifidir. Biz həyatı ölümün fonunda yaşayırıq, yoxsa ölümü həyatın fonunda?

Sual cavabsızdır. Amma həqiqidir. Cavablar subyektiv və birmənalı olduğu qədər suallar obyektivdir, olduğu kimidir, həqiqiliyin özüdür. O halda, yazının ən böyük həqiqi tərəfini yekun olaraq soruşaq:

- Ölüm nədir?

Yazıya zəruri haşiyə:Bütün bu düşüncələri qələmə alarkən səhərin sübh cağında uzaqdan, azan səsi eşidilir:
- Allahu Akbar! Allahu Akbar! ( Allah böyükdür! Allah böyükdür!)

...Hayyə aləs-saləh! ( Namaza tələsin!)
...Hayyə aləl-fələh! ( Nicat tapmağa tələsin!).

Aygül Bağırova
AJB üzvü
Xəbəri paylaş