“3 il əvvəl olduğu kimi bu dəfə də Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması, o cümlədən dövlət başçısı Cənab İlham Əliyevin uğurlu diplomatik gedişləri ilə Ermənistanın və onun həm daxili, həm də xarici siyasətdə naşı olan baş naziri Nikol Paşinyanın küncə sıxışdırılması ilə yadda qaldı”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, sözügedən konfrans 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə regionda yaranmış vəziyyətin, yeni reallıqların dünya ictimaiyyətinə bir daha çatdırılması, bu reallıqlarla barışmaq istəməyən güclərin, eləcə də Ermənistan tərəfinin bunu qəbul etməsinin vacibliyinin önə çəkilməsi baxımından əhəmiyyətli idi:
“Bildiyiniz kimi İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ilk dəfə idi ki, Münhen Təhlükəsizlik Konfransının işinə qatılırdı. Hələ konfrans başlamadan əvvəl, ilk günlərdə dövlət başçısına olan diqqət, onunla keçirilən çoxsaylı görüşlər beynəlxalq aləmdə Azərbaycana, onun liderinə olan marağın göstəricisi idi”.
Millət vəkili qeyd edib ki, 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda Təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı bir sıra vacib məqamlara toxundu:
“Dövlət başçısı bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqları Ermənistan tərəfi qəbul etməlidir. Ancaq təəssüf ki, Ermənistan yenə də öz ampluasında qalaraq ənənəvi olaraq sərgilədiyi qeyri-konstruktiv mövqeni davam etdirir. Əgər belə olmasaydı Ermənistan tərəi müharibənin başa çatdığı 2 ildən artıq bir müddətdə Azərbaycanla sülh müqaviləsi imzalanmasına cəhd göstərər, üçtərəfli bəyanatlara əməl edərək üzərinə götürdüyü öhdəlikləri həyata keçirərdi. Cənab prezidentin də qeyd etdiyi kimi Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi qarşılıqlı tanınma və hər hansı ərazi iddiaları olmadan tezliklə imzalanmalıdır”.
İqbal Məmmədov onu da qeyd edib ki, Ermənistan baş naziri 3 il əvvəl olduğu kimi yenə də beynəlxalq ictimaiyyəti aldatmağa, Azərbaycana böhtan atmağa çalışsa da, dövlət başçısı Cənab İlham Əliyev Nikol Paşinyanın heç bir məntiqi əsası olmayan, primitiv üsullarla ölkəmizə qarşı mənfi rəy yaratmaq cəhdini neytrallaşdırmış oldu:
“Ermənistan baş nazirinin Xankəndi-Laçın yolu ilə bağlı dünyanı aldatmaq cəhdinə cavabında Azərbaycan prezidenti heç də hər şeyin erməni baş nazirinin dediyi kimi olmadığını faktlarla ortaya qoydu, Paşinyanın blokada adı verdiyi ərazidən dekabrın 12-dən bu yana 2500-dən artıq avtomobilin hərəkət etdiyini diqqətəı çatdırdı. Bu da erməni baş nazirinin həm ifşası, həm də ev tapşırığına yaxşı hazırlaşmadığını təsdiqləyirdi. Digər tərəfdən Azərbaycan prezidenti İlham Əliyevin ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklifi də uğurlu siyasi gedişlə qarşı tərəfi dilemma qarşısında qoymaq kimi qiymətləndirilə bilər. Çünki erməni baş naziri özündə Azərbaycan prezidentinin sözügedən təşəbbüsünə hər hansı bir reaksiya vermək gücü hiss etmədi. Bir sözlə, Cənab İlham Əliyev 2020-ci ildə olduğu kimi bu dəfə də uğurlu diplomatik gedişləri, qətiyyətli siyasi iradəsi ilə Azərbaycanın mövqeyini ortaya qoyaraq bu mövqenin beynəlxalq hüquq və prinsiplərə əsaslandığını vurğuladı, o hüquq və prinsipləri hər kəsin qəbul etməli olduğunu bildirdi”.
59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşə də diqqət çəkən millət vəkili hesab edir ki, bu danışıqlar prosesində yeni bir formatdır və mahiyyət etibarilə bu görüş rəsmi Vaşinqtonun da bölgədə sülh və təhlükəsizlik, qarşılıqlı anlaşma mühitinin yaranmasından yana olduğunu təsdiqləyir:
“Ümid edirəm ki, yeni formatda keçirilən görüş davamlı və nəticəyə hesablanmış olacaq və tezliklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması reallaşacaq”.
Anar