Avropa İttifaqının mülki missiyasının Ermənistana yerləşdirilməsi Kremldə ciddi narahatçılıq yaradıb. Şimal qonşumuz bu prosesə öz kəskin raksiyasını Rusiya XİN-in sözçüsü Zaxarova vasitəsilə çatdırmış oldu. Bəs, görəsən qarşıdakı müddətdə Rusiya başqa hansı addımlar ata bilər? Yaxud Aİ mülki missiyasını ölkəsinə gətirən Ermənistan hakimiyyəti hansısa formada Kreml tərəfindən cəzalandırıla bilərmi?
Məsələ ilə bağlı Newscenter.az-ın sualına aydınlıq gətirən Azərbaycan Yüksəliş Partiyasının İcra Aparatının rəhbəri Aqil Dadaşzadənin sözlərinə görə, əvvəlcə, ona aydınlıq gətirmək lazımdır ki, doğrudanmı Avropa İttifaqının Ermənistana göndərdiyi uzunmüddətli missiya, deyildiyi kimi, mülkidir?! Partiya rəsimsi qeyd edib ki, bizim bununla bağlı hələlik şübhələrimiz var:
"Hər nə qədər də fransız jandarmaları və alman polislərindən ibarət qrup, sözün fiziki mənasında, hərbiləşdirilmiş missiya sayılmasa da, heç kim zəmanət verə bilməz ki, bu, sabah məhz militarist missiyaya çevrilməyəcək. Təsadüfi deyil ki, artıq Paşinyan hakimiyyətinə loyal media və Qərbin Ermənistandakı ictimai rəy qrupları Avropa İttifaqından göndərilən missiyanı erməni cəmiyyətinə "Qərbin Ermənistana hərbi yardımı"nın "ilkin işartıları" kimi təqdim etməyə başlayıblar. Tapıntı kimi ortaya atdıqları bu bəhanə ilə erməni xalqına və cəmiyyətinə inandırmağa çalışırlar ki, guya Qərb Ukraynanı Rusiya işğalından müdafiə etməkdən ötrü səfərbər olunduğu kimi, bir gün Ermənistanı da, KTMT çərçivəsində hərbi-siyasi müttəfiqi Rusiyadan fərqli olaraq, müdafiə etməkdə qətiyyətli addımlar atacaq. Ehtimal var ki, Nikol Paşinyan, ola bilsin, sözügedən müşahidə missiyasının Ermənistana yerləşdirilməsinə arxayın olub, ümumiyyətlə sülh danışıqlarından və 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinin müddəalarına əməl etməkdən imtina eləsin. Düşünə bilər ki, avropalı jandarma və milis işçilərinin Azərbaycanla şərti sərhədboyu düzülməsi Ermənistanı hər hansısa sülhə məcburetmə məqsədli hərbi əməliyyatlardan sığortalayacaq".
Aqil Dadaşzadənin sözlərinə görə, ancaq rəsmi İrəvan unudur ki, Ermənistanın təhlükəsizliyinə həmişə qarant olmuş Kreml avropalıların məlum missiyasını birmənalı qarşılamır:
"Son vaxtlar Kremlə yaxınlığı ilə tanınan bir çox rusiyalı siyasi ekspert, politoloq Ermənistanda baş verən hadisələri, az qalsın süngü və hiddətlə qarşılayır, hətta Ermənistanı bir dövlət kimi xəritədən silməklə hədələyirlər. Çünki, Rusiya yaxşı anlayır ki, bütün bu geosiyasi oyunlar nəticə etibarilə Qərb tərəfindən Rusiyanın bölgədən tamamilə sıxışdırılıb çıxarılmasına hesablanıb. Eyni zamanda Paşinyan yaxşı anlayır ki, Azərbaycanın səbri tükənməz deyil, sülh müqaviləsini imzalamaqdan boyun qaçırmaqda və Qarabağda ermənilərə hər hansısa muxtariyyət tələb etməkdə davam edəcəyi təqdirdə, rəsmi Bakı suveren hüquqlarından istifadə etməklə hərbi-siyasi planda Ermənistanı cəzalandıracağını dəfələrlə ifadə edib. Çunki bu münaqişə bir otuz il də davam edə bilməz. Biz də başa düşürük ki, zamanla Cənubi Qafqaz, biz istədik-istəmədik, Qərblə Rusiya arasında geosiyasi və geoiqtisadi toqquşma, hətta hərbi qarşıdurma meydanına çevrilə bilər. Bundan qaçmaq üçün Azərbaycanın Ermənistana təklif elədiyi şərtlər çərçivəsində razılaşmaların əldə olunması, eyni zamanda sülh müqaviləsinin Brüssel formatı qəbul edilməlidir. Prosesdə Türkiyənin rolunu xüsusilə qabartmaqda fayda var, bu mənada Ermənistanla qardaş ölkə arasında münasibətlərin normallaşması, sərhədlərin açılması ümumi prosesə yalnız töhfə verə bilər. Ən son, Münhen Konfransı görüşləri ərəfəsində və sonrasında Azərbaycanın dövlət başçısının sülh təşəbbüslərinin Brüssel formatını qəbul etdiklərini bildirməsi də onu deməyə əsas verir ki, rəsmi Bakı bölgədə dövlətlərarası və xalqlararası sülhün, barışın, birgəyaşayışın, regiona iqtisadi tərəqqi gətirəcək yol-nəqliyyat və digər mühüm kommunikasiyaların açılmasında, münasibətlərin normallaşmasında maraqlıdır. ABŞ və Avropa rəsmilərinin məsələ ilə əlaqədar açıqlamalarında da, Azərbaycanın mövqeyinə isti yanaşıldığı görüntüsü var".
Partiya rəsmisi onu da diqqətə çatdırıb ki, Azərbaycan tərəfi bölgədə növbəti hərbi toqquşmaların olmasında maraqlı deyil. Lakin Ermənistan rəhbərliyinin hər vəchlə prosesi pozmağa yönəlik addımlar atmaqda davam etməsi, bunu bir az da Qərbə söykənərək, onların, hərbi-siyasi dəstək illüziyasına arxayın olaraq etməsi, bölgədə xüsusi maraqları olan Rusiya Federasiyasını da qıcıqlandırır:
"Ukraynada kifayət qədər ciddi itkilərə məruz qalan və öldürücü sanksiyalar altında əzilən Rusiya indi isterik durumdadır və elə buna görədir ki, onun maraqlarına zərbə sayılacaq istənilən geosiyasi həmləni özünə qarşı hesab edir. Bu isə, bölgəmizə fəsadsız ötüşməyə bilər. Rusiya belə hesab edir ki, Aİ-nin uzunmüddətli mülki missiyasının Ermənistan-Azərbaycan şərti sərhəddində yerləşdirilməsi Bakı ilə İrəvan arasında münasibətlərin daha da normallaşması istiqamətində dağıdıcı addımdır. Rusları yaxşı tanıyırıq, əgər onlar deyirlərsə ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi baxımından missiyanın yerləşdirilməsi heç bir şəkildə danışıqlar prosesinə töhfə verməyəcək, deməli, bunun arxasınca rəsmi Moskva tərəfindən Ermənistana ağlasığmaz təzyiq mexanizmləri işə salınacaq. Hətta bölgədə lokal süni hərbi toqquşmaların baş verməsi istisna edilmir. Bu da, növbəti dəfə sülh danışıqlarının pozulmasına səbəb yaradacaq amildir. Ermənistanın bu missiyanın bölgədə mövcudluğunu Qərbin xüsusi dəstəyi hesab etməsi Rusiyanın müttəfiqlik imicinə vurulmuş ən böyük zərbədir. O dərəcədə ki, danışıqlarda rusların vasitəçilik rolunu arxa plana ata bilər. Əslində, Azərbaycana hər mənada sərf edən də elə budur, rəsmi Moskvanın danışıqlar prosesindən uzaqlaşdırılması. Çünki belə versiyalar da var ki, məlum missiyanın bölgədə yerləşdirilməsinin məqsədi odur ki, Azərbaycanla Ermənistan öz arasında qansız-qadasız, hər hansı itkilərsiz, vasitəçilərsiz sülh müqaviləsi bağlanmasına nail olsun. Paşinyanın fikrincə, avropalı müşahidə missiyası, sən demə, bu sürəcdə bölgədə əmin-amanlığa zəmanət olacaq. Yəni iki il müddətinə müşahidə missiyası həyata keçirəcək fransız jandarmaları ilə alman polisləri, hər iki tərəf siyasi iradə nümayiş etdirib "Böyük Sülh Müqaviləsi" bağlayacağı ərəfədə, bu razılaşma pozulmasın deyə, şərti sərhədyanı bölgədə Rusiyanın təhriki ilə təxribatların baş verməməsinə nəzarət edəcək. Çünki Qərbdə belə qənaət formalaşıb ki, sülhə mane olan, onun baş tutmasını istəməyən məhz Rusiyadır. Əslində, ilk baxışdan pis versiya hesab oluna bilməz, ancaq təbii, bütün gerçəklər bundan ibarətdirsə".
Mehman.