Rusiyanın Ukraynaya təcavüzünün ilk ildönümü ərəfəsində Rusiya prezidenti Vladimir Putinin açıqlaması təxmin edilən ehtimalı - beynəlxalq vəziyyətin və ən əsası Rusiya Qərb qarşıdurmasının daha da dərinləşəcəyini göstərir. Kremlin Beynəlxalq "Strateji hücum silahlarının ixtisarı" müqaviləsindən çıxmasını elan etməsi ilk növbədə Qərblə mümkün hərbi toqquşması ehtimalını artırır. Gözlənilən qarşıdurmanın qırmızı xətti isə qeyri müəyyəndir. Son xəbərə əsasən Rusiya Avropa ölkələrinin suverenliyini tanıyan qanundan imtina etməsi və ardınca qitələrarası strateji nüvə başlıqlarını daşıyan "Sarmat" raketlərinin sınağını keçirməsi şübhəsiz ki, digər şərtləri nəzərə almaqla III-cü dünya müharibəsi ehtimalını gücləndirir.
Sözsüz ki, Rusiya Qərb qarşıdurması özünü təkcə Ukrayna cəbhəsində deyil, digər bütün istiqamətlərdə də özünü göstərəcək. Cənubi Qafqazda siyasi, hərbi vəziyyətin daha da gərginləşməsi qaçılmazdır. Nəzərə alsaq ki, Avropa İttifaqı mülki müşahidəçilər adı ilə olsa da Ermənistanda mövqe tutur və buna Rusiya açıq və konkret olaraq öz kəskin mövqeyi və xəbərdarlığı ilə əleyhinə çıxış edir, bu halda Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası məsələsinin çətinləşməsi bir yana, Ermənistan Azərbaycan atasında növbəti müharibəni qaçılmaz hala gətirir.
Ermənistan Azərbaycan arasında növbəti müharibədə Rusiya da maraqlı görünür. Əlbəttə ki, Ermənistanda Paşinyan hakimiyyətinin aydın şəkildə qərbyönümlü siyasət yeritməsi, rəsmi İrəvanın anti Rusiya siyasəti, rus ordusunun Ermənistandan çıxarılması tələbi ilə keçirilən çoxsaylı mitinqlər onu deməyə əsas verir ki, Rusiya Paşinyan hakimiyyətini devirmək üçün vəziyyəti Azərbaycanla müharibə həddinə çatdırmaq üçün əməli hərəkət edəcək. Elə Rusiyanın yaxın günlərdə qəfildən Ermənistanda hərbi təlimlər keçirəcəyi məlumatı bir neçə məqsəd və eləcə də siyasi mesaj xarakterlidir. İlk növbədə Rusiya Qərbə xəbərdarlıq edir ki, Ermənistandan heç cürə imtina edən deyil. Xüsusən də Rusiyanın Ermənistanda hərbi təlimlər keçirməsi Avropa İttifaqının bu ölkəyə maddi yardımın miqdarının artırması fonunda daha ünvanlı görünür. Ancaq, həmin hərbi təlimlər qeyd etdiyim kimi Rusiya üçün həm də region ölkələrinə və o cümlədən Azərbaycana qarşı bir təzyiq məqsədi daşıyır.
ABŞ dövlət katibi Entoni Blinkenin bir neçə gün əvvəlki açıqlaması təbii ki, Moskvanı qıcıqlandırmaya bilməz. Bolqarıstanın enerji təhlükəsizliyinin və təchizatının bundan sonra 100% Azərbaycan və ABŞ tərəfindən təmin ediləcəyi haqda məlumatdan sonra Rusiyanın Ermənistanda qəfil hərbi təlim keçirəcəyi xəbəri çox ehtimal ki, bir-birilə əlaqəli prosesdir.
Baş verənlər fonunda Ruben Vardanyanın Moskvadan Xankəndinə qaytarılması ehtiyat planının startı kimi, regionda vəziyyətin yeni axara yönəldilməsinə ciddi cəhdlərin olacağına şübhə qoymur. Elə Ermənistan tərəfindən atəşkəsin pozulması çox ciddi planların işə düşməsinə sübutdur. Heç şübhəsiz ki, regionda baş verəcək yeni konfrontasiya Rusiyanın istəyi ilə mümkündür və son günlər dərinləşən
Rusiya - Qərb qarşıdurması Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında yeni böyük müharibə ehtimalını yavaş-yavaş reallığa çevirir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas