Yeni dönəm, yeni reallıqlar və yeni çağırışlar. Geosiyasi gündəm zəngin, beynəlxalq diplomatik trafik çoxşaxəlidir. Belə bir şəraitdə dünyanın diqqəti Avrasiyanın “heartland” nöqtələrindən hesab olunan Cənubi Qafqazdadır.
Regionun geosiyasi gündəliyi ikivektorludur: birincisi, sülh və etimad quruculuğu, ikincisi isə üçtərəfli formatda yeni platformanın yaradılması məsələsi.
İkincidən başlayaq: üçtərəfli format, yeni platforma... Söhbət Cənubi Qafqazın 3 dövləti – Azərbaycan, Gürcüstan və Ermənistan arasında yeni əməkdaşlıq mexanizminin yaradılmasına dair müzakirələrdən gedir. Məsələ bu günlərdə Münhen Təhlükəsizlik Konfransında diqqət mərkəzində oldu. Üç ölkənin işbirliyi ilə “Qafqazın Benilüksü”nü formalaşdırmaq mümkün ola bilər. Təbii ki, konstruktiv yanaşma, milli maraqlara və beynəlxalq hüquq normalarına uyğun mövqe ortaya qoyularsa. Azərbaycanın mövqeyi bəllidir. Gürcüstan da öz niyyətini ifadə edir. Ermənistan isə bildiyimiz kimi... Bu ölkənin siyasi istablişmenti, sanki, geosiyasi təcrid vəziyyətindən zövq alır, tənəzzülü həzz kimi qəbul edir. Bir sözlə, daha bir konstruktiv təklif və təşəbbüsün əleyhinə çıxır.
Əslində, bəhs etdiyimiz ideyanın reallığa çevrilməsi digər – birinci və əsas məsələnin həllindən asılıdır. Söhbət Cənubi Qafqazda sülhyaratma məsələsinin öz həllini tapmasından, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasından gedir. Prezident İlham Əliyevin təbirincə , “bizim mövqeyimiz birmənalıdır, açıqdır”.
Münhendə, Brüsseldə, Praqada rəsmi Bakının konkret yanaşması qətiyyətlə ifadə olunub. Xarici ölkələrin nümayəndələri - rəsmilər, diplomatlar ölkəmizin rəyinin əsas - mövqeyinin həlledici olduğunu vurğulayırlar. İrəvan isə öz ampluasındadır. Nikol Paşinyan Avropanın siyasi başkəndində, yaxud digər məkanlarda baş tutan diplomatik təmaslarda – üçtərəfli görüşlərdə “razıyıq” deyib İrəvana qayıtdıqdan sonra “narazılığını bildirir”. Qeyri-konstruktiv, üçtərəfli bəyanatlara və beynəlxalq hüquq normalarına zidd açıqlamalar verilir, öhdəliklər “unudulur”, şərtlər - razılaşmalar pozulur...
Bu günlərdə Lüksemburqun Avropa məsələləri və xarici işlər naziri ilə birgə brifinq zamanı Ermənistanın baş diplomatının səsləndirdiyi fikirlər də həm rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərlə, həm də baş nazirin üçtərəfli görüşlər zamanı söylədikləri ilə üst-üstə düşmür. Ritorik olsa da, sual doğurur: hansı yalan danışır – Paşinyan, yoxsa Mirzoyan? Yoxsa hər ikisi?! Əslində, mahiyyətcə eyni məna daşıyan iki hərəkətə şahidlik edirik: Paşinyan Münhendə Fransa prezidenti ilə eyni tezisləri təkrarlayır, İrəvanda isə Mirzoyan Makronun “mirzəliyini edir”.
Ermənistan XİN rəhbəri mətbuata açıqlamasında eynilə Emmanuel Makron kimi danışır: mövcud reallıqlara, sülh gündəliyinə, əldə edilmiş razılaşmalara zidd fikirlər səsləndirir, prosesi sabotaj etməyə cəhd göstərir. O, Münhen Təhlükəsizlik Konfransından (yaxud Paşinyanın siyasi arenada “diplomatik nokaut” vəziyyətinə düşməsindən) dərhal sonra gündəmi dəyişdirməyə çalışsa da, siyasi gündəm də, sülh gündəliyi də bəllidir: rəsmi Bakının mövqeyi (müharibə bitib, reallıqları heç kim dəyişdirə bilməz!) tam adekvat yanaşma kimi qəbul olunur, Azərbaycanın gücü və nüfuzu beynəlxalq səviyyədə gözardı edilmir. Nəhayət, iki dövlət məhz rəsmi Bakının təklif və təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Başqa yol (və “yol xəritəsi”), yaxud Ermənistanın əlavə şansı və alternativ imkanları yoxdur!
Mirzoyan “unutsa” da, Paşinyan xatırla(t)malıdır ki, bir vaxtlar sülh müqaviləsinin imzalanmasını gündəmə belə gətirmək istəməyən, bu məsələdən yayınmağa çalışan, qondarma status məsələsindən danışan və uydurma “Dağlıq Qarabağ” ifadəsindən istifadə edən dairələr indi tamamilə fərqli - yeni mövqe sərgiləyirlər. Onların leksikonunda nə “status”, nə də Qarabağ toponiminin əvvəlinə yamaq edilmiş “Dağlıq” sözü var. Yəni Azərbaycanın “münaqişə bitib, “Dağlıq Qarabağ” məfhumu yoxdur” haqlı, obyektiv yanaşması beynəlxalq miqyasda - bütün səviyyələrdə siyasi-hüquqi müstəvidə qəbul edilib. İstər bu zamana qədər yazılmış-yayılmış üçtərəfli bəyanatlarda qondarma “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, Minsk qrupundan bəhs olunmaması, münaqişənin bitməsi barədə yekun qənaət ifadə olunması, istərsə də ermənilərin bənzər mahiyyətli təşəbbüslərinin ATƏT PA, Avronest PA və digər bir sıra təsisatlarda qətiyyətlə rədd edilməsi bu reallığın ifadəsidir.
Üstəlik, Paşinyanın siyasi yaddaşı elə bu günlərdə Münhendə təzələndi: kapitulyant imici “qazanmış” baş nazir köhnə konspektdən istifadə edərək yenə də "Dağlıq Qarabağ" dedi, amma... Səsinə səs, sözünə dəstək verən olmadı. Cavabını isə döyüş meydanında bütün təxribatların layiqli cavabını verən Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı verdi: "Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var".
Paşinyanın “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən panel iclasında səsləndirdiyi fikirlər onun timsalında İrəvanın hələ də siyasi stereotipləri aşa – dəf edə bilmədiyini göstərir. Yeri gəlmişkən, plenar iclasın adında ifadə olunan sual ("Dağları aşmaq?") həm də ritorik xarakter daşıyır. Azərbaycan və Ermənistanın timsalında postmüharibə reallığını ifadə edir. Hansı mənada və hansı reallığı?!
- Biz dağları aşmışıq: birincisi, bütün maneələri aşaraq torpaqlarımızı işğaldan azad etmişik; ikincisi, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağın adına yamaq - calaq edilmiş "dağlıq"ı əzib keçmişik - silib atmışıq. Artıq "Dağlıq Qarabağ" yoxdur, Qarabağ və Şərqi Zəngəzur var!
- Bir zamanlar Azərbaycan ərazilərinin işğalını "dağlarda toy" kimi təqdim etməyə çalışan separatçılar (və sonradan revanşistlər) nəinki dağları aşa bilmədilər, hətta sözün əsl mənasında, dərəyə yuvarlandılar - siyasi tupikə dirəndilər. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi, ayağımızın altındadırlar. Hər manada - inzibati-coğrafi, hərbi-strateji, siyasi-diplomatik cəhətdən. Bəli, 44 günlük Vətən müharibəsindən sonra. Bu gün sərsəm bəyanatlar verən Mirzoyan “unutsa da”, kapitulyasiya aktına imza atan Paşinyan xatırlayır. Ona görə də Ermənistan siyasi-hüquqi məsuliyyətini dərk etməli və öhdəliklərini yerinə yetirməlidir. Özü də vaxt itirmədən. Çünki vaxt itkisi daha böyük itkilərə səbəb ola bilər!
Nurlan QƏLƏNDƏRLİ
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri