Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lavrovun Bakıya səfərindəki pərdəarxası məqamlar

Lavrovun Bakıya səfərindəki pərdəarxası məqamlar


Dünən axşam saatlarında Serqey Lavrovun Azərbaycana rəsmi səfəri başlamışdır, səfər əsnasında artıq Cənab Prezident İlham Əliyev qonağı qəbul etmiş, mətbuata açıq hissədə iki ölkə arasında olan əlaqələrin inkişafından danışılmış, eyni zamanda Ermənistan ilə sülh danışıqlarından bəhs edilmişdir. Maraqlıdır ki, mətbuata açıq hissədə Qarabağda baş verən hadisələr, Laçın dəhlizi və sülhməramlılar mövzusuna toxunulmamışdır. Məlum məsələdir ki, Azərbaycan Prezidenti keçirdiyi bütün digər görüşlərdə olduğu kimi bu görüşdə də bizi maraqlandıran əsas məsələləri məhz bağlı qapılar arxasında müzakirə edib.

Bəs bağlı qapılar arxasında hansı məsələlər müzakirə edilə bilinərdi?

Qeyd etmək lazımdır ki, Lavrov Bakıya səfərini Azərbaycan və Rusiya arasında "müttəfiqlik səviyyəsinə qaldıran" sənədin imzalanmasının ildönümü münasibətilə baş tutduğunu qeyd edib. Lakin, məlum məsələdir ki, əsl məqamlar heç də bəyan edildiyi kimi deyil.

Ötən ilin fevralın 22- si Rusiyanın Ukraynada müharibəyə başlamasına saatlar qalmış Azərbaycan və RF arasında imzalanmış sənəd məlum məsələdir ki, Cənab Prezidentin uzaqgörənliyini ortaya qoydu. Həmin vaxt müharibənin taleyi bilinməyən və Qafqazın mümkün hərbi təhdid qarşısında qaldığı bir fonda imzalanan bu sənəddə Azərbaycanın suverenliyi, müstəqilliyi, sərhədlərinin toxunulmazlığı Rusiya tərəfindən qəbul edilir. Ən əsası isə, sənəddə tərəflər arasında ziddiyyətlər yarandığı zaman güc tətbiq etmə (hərbi müdaxilə) rədd edilir. Region ətrafında baş verənlər və Rusiyanın qonşu ölkələrlə məlum praktikasına nəzər saldıqda,sözsüz ki, Bəyannamə Azərbaycan Prezidentinin nə qədər uzaqgörən və çevik diplomat olduğunu bir daha sübut edir.

Eyni zamanda vurğulanmalıdır ki,bu sənəd Azərbaycanın xarici siyasət davranışını daraltmadı, əksinə bir qədər də genişləndirdi. Azərbaycan Rusiya ilə yeni bəyannamə sənədi imzalasa da özünün ənənəvi balanslaşdırma siyasətinə sadiq qalaraq, digər tərəfdən bir neçə ildir Avropa İttifaqı ilə yeni əməkdaşlıq müqaviləsi üzərində işləri davam etdirir.
Parlamentlər tərəfindən ratifikasiya olunmamış sənədi tənqid edən bəzi müxalifət dairələri, sözsüz ki, sonradan başa düşmüş oldular ki, Azərbaycan prezidenti nə dərəcədə müdrikdir və hadisələri öncədən görməyi bacarır.

O ki qaldı, dünən və bu gün müzakirəsi nəzərdə tutulan məsələlərə, Azərbaycan və Rusiya arasında həmişə olduğu kimi ən böyük müzakirə mövzusu məhz Ermənistanla, daha doğrusu Qafqazdakı "erməni məsələsi" ilə bağlıdır.
Yəgin ki, Üçtərəfli Bəyanatda Azərbaycan və Rusiyanın fikirlərinin üst - üstə düşdüyü ən əsas müddəa məhz kommunikasiyalarla bağlıdır. Həm Bakı, həm Moskva dəfələrlə Zəngəzur dəhlizinin açılmasının vacibliyini qeyd ediblər. Lakin, son iki ildəErmənistan tərəfinin davranışı Zəngəzur kimi vacib geosiyasi əhəmiyyətli dəhliz ətrafında regional və beynəlxalq güclər arasında rəqabəti bir qədər də artırdı. Ermənistan və Qərbin istəyi yolda giriş - çıxışın Rusiya tərəfindən deyil, məhz Ermənistan tərəfindən təmin olunmasıdır. Məhz Paşinyanın 2 il müddətində vaxtı uzatması ,hələ də, Zəngəzur dəhlizinin açılmasına imkan verməmişdir. Bütün sərhədlərinə Rusiya sərhədçilərinin nəzarət edildiyi bir vaxtda Zəngəzura fransız- alman jandarmeriyasını gətirən Paşinyan son addımları ilə rəsmi Bakının demarş imkanlarını özü də bilməyərək genişləndirmiş oldu.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi məsələsi də iki ölkə arasında müzakirə predmetidir. İki ölkə arasında sülhün əldə olunması Rusiya üçün Qafqazda yeni siyasi mənzərə yaradacağından bu mövzu ətrafında müzakirə ediləsi bir çox məsələlər var. Aydındır ki, sülh müqaviləsində birbaşa Qarabağ ifadəsi yer almaya da bilər, lakin bu və ya digər şəkildə rəsmi İrəvan Qarabağa iddialarından əl çəkməli, eyni zamanda iki dövlət arasında sərhədlər müəyyənləşməlidir. Bu məsələlərdə Rusiyanın kifayət qədər təsir imkanlarının olduğunu nəzərə alsaq Azərbaycan və Rusiya arasında dialoqun nə dərəcədə vacib olduğunu başa düşmüş olarıq. Əlbəttə ki, sirr deyil ki, Moskva Qarabağdakı separatçıların Azərbaycana inteqrasiyasına isti baxmayacaq və Xankəndi kartından Bakıya qarşı istifadə etmək niyyətini davam etdirəcək. Lakin, müəyyən şərtlər qarşılığında Azərbaycan və Rusiya arasında mümkün bazarlıq kifayət qədər realdır, nəzərə alsaq ki, separatçıların tərksilah edilməsi qarşılığında Kreml Qafqaza kənar geosiyasi müdaxilələrin qarşısını almış olar .

İki günlük görüşlərdə müzakirə predmeti olub - olmamasından asılı olmayaraq , sözsüz ki, İran faktoru da ənənəvi olaraq Kreml ilə Azərbaycan arasında vacib istiqamətlərdən biridir. Rusiyanın başının Ukraynaya qarışmasından istifadə edən İran son 2 ildə çox kobud şəkildə Cənubi Qafqaza, Arazın şimalındakı proseslərə müdaxilə etməklə məşquldur. 2 il əvvəl Lavrov mümkün müdaxiləyə qarşı Abdullahiyana iradını bildirsə də, hazırda Rusiyanın hərbi - texniki məsələlərdə İrandan asıllılığı hələlik müəyyən müddət ərzində Tehranın boş buraxılacağı ilə nəticələnəcək.
Hər bir halda, Azərbaycanın Rusiyadan istəkləri məlumdur. Qarabağdakı hərbi birləşmələrin buraxılması, bölgənin Azərbaycana inteqrasiyası. Rəsmi Bakı ona verilən vədlərin, sözlərin əməl olunacağına ümid edir və başa düşür ki, regiondakı çağırışların həlli, həm də, Rusiya ilə münasibətlərdən və dialoqdan asılıdır.

Xüsusiylə nəzərə alınmalıdır ki, hazırda bütün dünya ölkələri üçün yeni tarixi səhifə açılmaqdadır. Beynəlxalq münasibətlər sistemi yeni mərhələsinə qədəm qoyur.

Ermənistan , əgər Paşinyan sona qədər hakimiyyətdə qalarsa öz seçimini etdi. Azərbaycan isə, milli maraqlarını qorumaq istiqamətində rasional addımlar atmaqda davam edir. 2025 - ci ildən bölgədə yeni hərbi - siyasi xəritə çəkilə bilinər. Qafqazın mərkəzi Azərbaycan tarixi ədalətin bərpasını istəyir...

Sonda qeyd edim ki, məhz Prezident İlham Əliyevin geosiyasi prosesləri dərindən bilməsi, onun çevikliyi Gürcüstanın ,Ukraynanın, Ermənistanın, daha uzaqlara getsək isə, Serbiyanın, Moldovanın aqibətlərini bizlərə yaşatmamaqdadır. Azərbaycan Böyük Şahmat Taxtasındakı qlobal güc uğrundakı savaşda özünün piyada fiqur kimi qurban verilməsinə imkan verməyəcək.

Zaur Məmmədov-Bakı Politoloqlar Klubunun rəhbəri
Xəbəri paylaş