Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngəzur dəhlizi artıq bölgənin ciddi siyasi layihəsinə çevrilib -ÖZƏL

Zəngəzur dəhlizi artıq bölgənin ciddi siyasi layihəsinə çevrilib


"Zəngəzur dəhlizi artıq bölgənin ciddi siyasi bir layihəsinə çevrilib. İlk baxışda Zəgəzur dəhlizinin Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirməsi nəzərdə tutulsa da, geniş baxışda bu layihənin əhəmiyyəti daha böyük və regional və qlobal güclərin kəsişdiyi bir layihədir. 44 günlük vətən müharibəsindən sonra Azərbaycan və Türkiyənin təklif etdiyi 3+3 regional əməkdaşlıq platforması cəlbedici görünsə də, sonrakı mərhələdə biz bu mexanizmin çox da irəliləməsinin şahidi olduq. Əlbəttə ki, bölgədə yaranan yeni konfiqurasiyadan ən məmnun olmayan ölkə İran olduğundan, 3+3 regional əməkdaşlıq platformasına sıcaq yanaşmamış, tam əksinə bütün bu müddət ərzində həm bu əməkdaşlıq platformasının pozulması və Zəngəzur dəhlizi ideyasının gerçəkləşməməsi üçün səylərini artırmışdır. Bütün bunlardan sonra İranın Ermənistanı açıq şəkildə dəstəkləməsini nümayiş etdirməsi, artıq İranın bu regional əməkdaşlıq platformasında yer almamasından xəbər verirdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, dgər regional güc, üçtərəfli sazişlərin əsas moderatoru olan Rusiya ilk vaxtlarda Zəngəzur dəhlizi layihəsinin reallaşmasında Azərbaycan, Ermənistan və İranla kommunikasiyalar baxımından maraqlı görünsə də, digər tərəfdən bu layihənin Türkiyə ilə Azərbaycanın və dolaysı ilə bütöv Türk dünyası (Mərkəzi Asiya) ilə geniş arialda ələqələrinin bərpasına xidmət edəcəyini nəzərə alaraq, sonrakı mərhələdə Zəngəzur məsələsini ikinci plana keçirmiş kimi görünür. Xüsusən Rusiya yaxşı anlayır ki, Zəngəzur dəhlizinin reallaşması təkcə Türk dünyasının deyil, bütövlükdə Qərb dünyasının maraqlarına uyğundur və bu Qərbin regionda daha çox ayaq açmasında səbəblər yaradacaq:

"3+3 regional əməkdaşlıq platformasın digər iştirakçısı Gürcüstanın da bu layihənin gerçəkləşməsində maraqlı görsənmədiyini sezmək olur, bu da təbiidir, Gürcüstan rəqabətlilik prinsipindən irəli gələrək Azərbaycanla Türkiyə arasında yeganə transit habı olmasını arzu edir. Təbii ki, bu mövqe də anlaşılandır, çünki burada daha çox iqtisadi maraqlar var. Zəngəzur dəhlizi ilə bağlı daha çox maraqlı görünə biləcək aktor kimi Amerika Birləşmiş Ştatlarını görmək olar. Lakin hansı kontekstdə? Əsas sual məhz budur".

Politoloq qeyd edib ki, ABŞ məsələyə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə bağlantısının yaradılmasından daha çox, bunun Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya bağlantasının qurulması perspektivindən baxa bilər. Sirr deyil ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionu bu gün ABŞ-ın strateji maraqlarına daxil olan bir bölgədir və bu iki bölgə arasında bağlantıların inkişaf etdirilməsi ABŞ-ın bölgədə öz maraqlarını həyata keçirməsi və bölgənin Rusiyanın təsirindən azaldılması istiqamətində mühüm addım sayıla bilər:

"Artıq neçə illərdir ki, ABŞ-da Cənubi Qafqaz və Mərkəzi Asiya regionunu tədqiq edən və araşdıran və bu bölgələrdə ABŞ-ın maraqlarına uyğun gənc liderlərin yetişdirilməsinə dəstək verən beyin mərkəzləri fəaliyyət göstərir. Bu beyin mərkəzləri bu regionla bağlı daimi proqramlar həyata keçirərək gələcəkdə bu regiona bir “transition” prosesinin tərkib hissəsi baxırlar. Bu layihə Rusiya ilə yanaşı, həm də İranın bu bölgədən kənar qalmasını nəzərdə tutur ki, bunun özü də Vaşinqtonun uzunmüddətli maraqları ilə uzlaşır. Lakin burada məsələ tək regional güclər olan Rusiya və İranın mövqeyi ilə bitmir. Bəli, ilkin baxışdan belə dəyərləndirmək olar ki, Ukraynada Rusiyanın apardığı müharibə və İranda neçə aydır davam edən daxili vətəndaş etirazları hər iki regional gücün yaxın gələcəkdə zəiflənməsi və bölgə ilə bağlı mövqelərini əldən verməsi ilə nəticələnə bilər. Proses ona doğru aparır. Amma bu layihənin gerçəkləşməsində əsas aktorlar olan Türkiyə və Azərbaycanın həlledici rolunu xüsusi qeyd eləmək lazımdır. Sonunda bu layihə məhz bu iki dövlətin iradəsi ilə gerçəkləşəcək. Lakin burada, yenə də maraqların uzlaşması məsələsi var, belə ki, Azərbaycan və Türkiyənin əsas məqsədi bu arialda güclü iqtisadi dayaqlara əsaslanan bir Türk dünyasının formalaşması və Şərq-Qərb nəqliyyat və enerji dəhlizinin, dolaysı ilə Çinlə-Qərb arasında transit roluna çevrilməkdirsə, ABŞ-ın bu qlobal layihəyə baxışı müəyyən qədər fərqlənir. ABŞ bu arialı məhz Çinlə iqtisadi rəqabət apara biləcək və Çinə alternativ ola biləcək bir iqtisadi güc mərkəzinə çevrilməsində maraqlı görsənir. Əgər bu arialda Rusiya və İranın təsirindən kənar və müstəqil və ABŞ-a loyal bir iqdisadi-siyasi güc mərkəzi formalaşa bilərsə, bu artıq uzaq perspektivdə Çinin də qarşısında ciddi bir səddə çevriləcək. Dolaysı ilə ABŞ-ın uzunmüddətli məqsədi Cənubi Qafqaz və Mərkəzi Asiya regionunu Çinə və uzaq şərqi asiyaya bir siyasi transition bölgəsi kimi nəzərdən keçirməkdir".

Vüqar Əhmədov sonda onu da deyib ki, Zəngəzur dəhlizi məsələsi məhz bu perspektivdə də daha real görünə bilər və qeyd olunan qlobal güclərin siyasi iradəsi qarşısında Ermənistan kimi ölkələrin müqavimət göstərmək ehtimalı çox aşağı olacaq:

"Tam əksinə, bu layihəyə dəstək göstərmək İrəvanın öz marağında olacaq. Lakin burada ən həlledici məqam indiki mürəkkəb goesiyasi mənzərədə məhz Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizini məhz hansı qlobal maraqlar çərçivəsində həyata keçirməsidir. İstənilən halda vacib olan qlobal güclərin maraqlarını bu bölgədə milli maraqlarımıza uzlaşdırmaqdır. Çünki ən önəmlisi öz milli maraqlarımızdan və çıxarlarımızdan çıxış etməkdir".

Mehman
Xəbəri paylaş