Azərbaycanın müstəqillik yolunda inamla irəliləməsinin, bütün sahələrdə qazandığı uğurların təməlində aydın məqsədləri olan, mütərəqqi, ardıcıl və dəqiq icra edilən islahatlar dayanır. Azərbaycanın müasir dövlətçiliyinin qurucusu Ümummilli lider Heydər Əliyev də sovet siyasi sisteminin dağılması ilə demokratik idarəçilik sisteminə, müstəmləkə vəziyyətindən müstəqil dövlət statusuna keçid edən Azərbaycanın həm də davamlı dəyişən dünyamızda gedən dinamik siyasi, iqtisadi proseslərlə ayaqlaşması üçün müxtəlif sahələrdə düşünülmüş və köklü islahatların həyata keçirilməsini təmin etmişdir.
Ulu öndərin kursuna sadiq olan Prezident İlham Əliyev bütün sferalarda, o cümlədən siyasi sahədə islahatları daha da genişləndirmişdir. Xüsusən də dövlət başçımızın 2018-ci il prezident seçkilərindəki qələbəsindən sonra Azərbaycanda islahatların daha da genişləndiriləcəyini elan etməsi ilə idarəetmə və kadr islahatlarında, bütövlükdə isə siyasi sistemin təkmilləşdirilməsində yeni mərhələnin başlanğıcı qoyulmuşdur.
Siyasi sistemin səmərəliliyinin, idarəetmədə çevikliyin, seçkilərdə şəffaflığın, rəqabətliliyin artması ilə müşayiət olunan bu transformasiya parlamentdən də yan keçməmişdir. Belə ki, 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkiləri özünün rəqabətliliyi, seçkilərə marağın böyüklüyü və nəticələrin ictimai rəydə doğurduğu müsbət əks-səda ilə seçilmişdir. Əvvəlki seçkilərdə olduğu kimi sonuncu parlament seçkiləri də prosesi müşahidə edən beynəlxalq təşkilatlar və ayrı-ayrı müşahidəçilər tərəfindən yüksək qiymətləndirilmiş, beynəlalq ictimaiyyət tərəfindən tanınmışdır.
Prezident İlham Əliyevin 10 mart 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında da dediyi kimi, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir: “Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır”.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri kimi partiya deputatlarına tövsiyəsi əsasında ilk dəfə olaraq Milli Məclisin və onun komitələrinin rəhbərliyində müxalifət partiyalarının deputatları da təmsil olunmağa başladı. Bu, ölkə rəhbərliyinin təşəbbüsü ilə siyasi partiyalar arasında və müxalifət partiyaları ilə hökumət arasında genişləndirilən dialoqun Milli Məclisdə də təzahürü, davam etdirilməsi deməkdir. Həmçinin, Milli Məclisin də geniş iştirakı ilə hazırlanan və qəbul edilən Siyasi partiyalar haqqında yeni Qanun ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi, demokratiyanın gücləndirilməsi və rəqabətliliyin, plüralizmin artırılması baxımından tarixi zərurətin yetişdiyi bir məqamda atılan mühüm addım oldu.
Milli Məclisin siyasi sistemdəki rolunun gücləndirilməsi onun üzvlərindən də daha səmərəli fəaliyyət göstərmələrini tələb edir. Sözügedən çıxışında dövlət başçısı deputatlar qarşısında dayanan vəzifələri aydın bir şəkildə təhlil etmişdir. Həmin vəzifələr bu gün də aktuallığını qoruyub saxlayır.
Deputatların qarşısında dayanan birinci vəzifə təbii ki, müxtəlif sahələri tənzimləyən qanunların qəbulu və mövcud qanunların zamanın tələblərinə və təcrübədə tətbiqindən çıxan nəticələrə uyğun olaraq təkmilləşdirilməsidir.
Bundan əlavə, deputatlar seçildikləri dairənin seçiciləri ilə mütəmadi görüşməli, seçicilərin problemləri ilə daim maraqlanmalı, yerində tanış olmalı və həllinə səy göstərməlidirlər. Dövlət başçımızın da qeyd etdiyi kimi, millət vəkilləri mənəvi cəhətdən təmiz olmalı, vəzifələrindən özlərinin və qohumlarının şəxsi mənafeləri naminə sui-istifadə etməməlidirlər.
Dövlət başçımızın 3 il bundan əvvəlki çıxışında xüsusi vurğuladığı məqamlardan biri də Azərbaycan həqiqətlərinin Milli Məclis üzvləri tərəfindən beynəlxalq arenada daha geniş təbliğindən ibarətdir. Sonuncu parlament seçkilərindən sonra Milli Məclisin bu sahədə işinin xeyli fəallaşdığını görmək mümkündür. Milli Məclis sədrinin ikitərəfli münasibətlər və beynəlxalq tədbirlərdə iştirak çərçivəsində xaricə səfərlərinin xeyli intensivləşdiyinin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü barədə həqiqətlərin parlament spikeri səviyyəsində beynəlxalq tribunalardan daha tez-tez səsləndirilməsinin şahidi oluruq.
Dövlət başçısının sözügedən çıxışının Vətən savaşından əvvələ təsadüf etməsinə baxmayaraq, həmin sözlər Qarabağ zəfərindən iki il yarım sonra da əhəmiyyətini, aktuallığını qoruyur. Çünki bildiyimiz kimi, bu gün də Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi həqiqəti ilə barışmaq istəməyən, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanmasına, bölgədə sülhün təmin edilməsinə mane olmağa çalışan xarici qüvvələr mövcuddur. Ermənistanla yanaşı, İran, Fransa, Rusiya kimi dövlətlərin bir sıra siyasi dairələrinin qeyri-adekvat, təxribatçı çıxışları və davranışları da Azərbaycan Milli Məclisinin müvafiq reaksiyası ilə qarşılaşır.
Ermənistan və havadarlarının əməllərinin ifşası ilə bərabər, Milli Məclis Azərbaycanın Türk dünyası və Avropa İttifaqı ölkələri ilə genişlənən əməkdaşlığına da öz töhfələrini verməkdədir.
Əminliklə demək olar ki, Azərbaycan özünün milli maraqlara və beynəlxalq hüquqa əsaslanan diplomatiyasını bütün səviyyələrdə, o cümlədən parlament çərçivəsində fəal şəkildə davam etdirməkdədir. Bütün bunlar Azərbaycanda həyata keçirilən siyasi islahatların Milli Məclisin və bütövlükdə siyasi sistemin funksionallığına müsbət təsirinin göstəricisidir.
Hülya Məmmədli
Politoloq