Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DQİDK sədri ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı İdarəsinin nümayəndələri ilə görüşüb

DQİDK sədri ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı İdarəsinin nümayəndələri ilə görüşüb


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı martın 9-da ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı İdarəsinin beynəlxalq dini azadlıqlar və xüsusi tapşırıqlar üzrə səfirinin müavini Karson Relitz Roker, həmçinin adıçəkilən idarənin Avropa və Mərkəzi Asiya üzrə müşaviri Yohanna Vulfsberq ilə görüşüb.

Newscenter.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın dövlət-din münasibətləri modeli, dini durum haqqında ətraflı məlumat verib, statistik rəqəmləri diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan müxtəlif dini konfessiyaların vəhdət, harmoniya şəklində yaşadığı unikal bölgələrdən biridir. Ölkədə dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir. Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq, dini konfessiyalar hərtərəfli diqqət və qayğı ilə əhatə olunur. Hər il dövlət büdcəsindən ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədilə həm İslam, həm də qeyri-islam dini icmalarına maliyyə yardımı ayrılır.

Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinə diqqət çəkən DQİDK sədri qurumun tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyət istiqamətləri barədə də danışıb.

Görüş zamanı Azərbaycan həqiqətlərinə toxunan Mübariz Qurbanlı işğal dövründə Ermənistanın torpaqlarımızda etnik təmizləmə və soyqırımı həyata keçirməsi, Azərbaycan toponimlərini erməniləşdirməsi, yüzlərlə tarixi-mədəni abidələr ilə yanaşı, mövcud olan 60-dan çox məscidi, 200-ə yaxın ziyarətgahı dağıtması və məscidlərdə heyvan saxlamaqla dini dəyərləri təhqir etməsi, eləcə də Qafqaz Albaniyası mədəni irsinə və pravoslav kilsəsinə aid olan xristian məbədlərində saxtalaşdırma işləri görərək qriqoryanlaşdırması və ya dağıtması barədə faktları vurğulayıb. Dini abidələrə qarşı Azərbaycan və Ermənistanın sərgilədiyi fərqli münasibəti xüsusi qeyd edərək Bakının mərkəzində yerləşən erməni kilsəsinin dövlət tərəfindən qorunan abidələr siyahısına daxil edildiyini bildirib.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən qonaq Azərbaycanda dini qurumların qeydiyyatı, dini icmaların fəaliyyəti, habelə digər müfaviq məsələlərlə bağlı fikirlərini bölüşüb.

ABŞ-nin Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Bret Dvorak və Dövlət Komitəsinin rəsmilərinin iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Görüşün sonunda qonaqlara DQİDK-nın ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.

Mehman
Xəbəri paylaş